2020-ci il oktyabrın 5-də Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” başlıqlı məqalə dərc edilmişdir.
Ucnoqta.az xəbər verir ki, məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərinə yer verilmişdir.
Müsahibə zamanı Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişənin zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulamışdır. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını bildirmişdir.
Müsahibə zamanı H.Hacıyev Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə əlavə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulamışdır.
H.Hacıyev “Atəşkəs çağırışı, həmçinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair [çağırış] ciddi bir mesajla, ciddi bir siyasi mesajla müşayiət olunmalıdır” deyə qeyd etmişdir.
Eyni zamanda, o, Azərbaycan hərbçilərinin Xankəndi və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirmişdir.