Arxasında bilik və bacarıq olmayan bir yığın sertifikat nə işə düzələnə gərəkdir, nə də şirkətə
“Sonda hər kəsə sertifikat veriləcək” cümləsini əvvəllər kurs, seminar, təlim elanlarının axırında görürdük. Son illər isə çox vaxt bu cümlə birinci yazılır və elanda ən çox qabardılan məsələ olur. Təbii ki bu dəyişikliyə gedilməsi səbəbsiz deyil. Çünki “sertifikat həvəsli” insanların sayı çoxdur. Bir günlük seminar elanı ilə bağlı paylaşımların rəy bölməsində “sertifikat verilir?” sualını belə görmək mümkündür.
Sertifikatı soruşmaqlarının səbəbi aydındır, CV-yə yazmaq və özünü inkişaf etdirdiyini göstərmək xarakterlidir. Sual yaranır: Bu sertifikatlar gözlənilən qədər işə yarayırmı?
Tərcüməçi Günel Nəcəfova deyir ki, hələ tələbə olduğu müddətdə təlimlərə, kurslara, seminarlara maraq göstərib və bir xeyli sertifikat alıb:
“Düşünürdüm ki, bu sertifikatlar gələcəkdə işə düzəlmə prosesində mənə yardımçı olacaq. Ancaq ölkəmizdəki ən mötəbər qurumların sertifikatlarına belə işə qəbul olarkən baxan olmadı. Əsas bilik və bacarığımı yoxladılar. Ancaq onu deyim ki, iştirak etdiyim təlimlərin, seminarların şəxsi inkişafımda müsbət təsiri çox olub”.
Ümumiyyətlə, işə qəbulda sertifikatlar nə dərəcədə önəmlidir və yaxud hansı sertifikatlar daha vacibdir?
“Sertifikat yox, bilik və bacarıq dövrüdür”
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, bizdə sertifikatlara bu qədər maraq olsa da, dünya təcrübəsi əks istiqamətə gedir: “Dünyada sertifikatlaşdırma deyilən bir anlayış var və artıq bu da devalvasiyasını yaşamaqdadır. Çünki insanlar CV-lərini, otaqlarının divarlarını, kitablarının arasını sertifikatlarla doldururlar. Amma həmin sertifikatların mahiyyəti müzakirə mövzusu olaraq qalır”.
Q.Məhərrəmov bir günlük seminarların verdiyi sertifikatların “əhəmiyyət”indən də danışdı: “Sertifikat təlimdə, yaxud seminarda iştirakı təsdiqləyən sənəddir. Diplom da, attestat da sertifikatdır. Yəni, sizin həmin kursları, kreditləri tamamladığınıza dair sənəddir. Bir, ya iki 90 dəqiqəlik mühazirə, vebinar tipli işlərin nəticəsində sertifikat verilir, amma bunlar yersizdir. Çünki onlar təlim deyil, seminar və vebinarlardır. Onların adi televiziya verilişindən fərqi yoxdur. Mən TEDx tədbirləri keçirən zaman sertifikat istəyənlərə rast gəlirdim. Təsəvvür edin, kinoya, konsertə, futbola baxmağa gedib çıxanda, sertifikat istəyirsiniz. Bu, absurddur. Çox istisna insanlar var ki, yerli-yersiz sertifikat soruşurlar. İnsanlar həqiqətən də sertifikata aldanırlar. Amma bu sertifikatın nə dəyəri olduğu bilinmir. Sertifikat daha sanballı uzunmüddətli təlim-tədris fəaliyyətləri nəticəsində olan işdir. Hər bir şəxsi inkişaf fəaliyyətinin sertifikatlaşdırılmasına ehtiyac yoxdur”.
Təhsil mütəxəssisi bildirir ki, normal işəgötürən bir yığın sertifikata yox, onun mahiyyətinə fikir verir: “Azərbaycanda sertifikat marağı təəssüf ki, işəgötürənlərdə də var. Bilib-bilmədən işçilərdən soruşurlar ki, sertifikatın var? Amma söhbətin hansı sertifikatdan getdiyi məlum deyil. İşçilər də düşünürlər ki, ordan-burdan sertifikat aldıqda onlar üçün hansısa mahiyyəti olacaq. Əlbəttə, o düşüncədə olan işəgötürənlər üçün bunun mənası var. Amma normal işəgötürənlər sertifikatın növünə, haradan alındığına və həqiqətən o sertifikatın qarşılığında nə bildiyinə baxacaq, yoxlayacaq və sonra işə götürəcək. Ona görə də insanlar hardan sertifikat aldıqlarını bir daha nəzərdən keçirməlidirlər. İndi sertifikat yox, bilik və bacarıq dövrüdür”.
“Bəzi qurumların sertifikatları sadəcə kağızdır”
“Ziraat Bank”ın İnsan Resursları departamentinin direktoru Firuzə Məmmədova bildirir ki, işəgötürənlərin əksəriyyəti sertifikatlı işçilərin sertifikatları olmayan həmkarlarından daha effektiv olduğuna əmindir:
“Əksər beynəlxalq şirkətlərdə namizədlərin seçim sistemi insanların məhz lazımi diplom və sertifikatlara malik olması üzərində aparılır. İş yerləri üçün rəqabət getdikcə artır və işəgötürənlər axtarışları daraltmaq üçün meyarlar tapmağa çalışırlar. Əmək bazarındakı mövcud qeyri-sabit vəziyyəti və yüksək rəqabəti nəzərə alaraq, nüfuzu və öz şəxsi brendi üzərində işləyən namizədlər yüksək üstünlüyə malikdirlər. Sertifikatların olması müvafiq sahəyə şəxsi həvəsdən və başlananı sona çatdırmaq bacarığından xəbər verir. Peşəkar sertifikatlaşdırma əmək bazarında ilk addımlarını atan, karyerasında irəliləmək istəyən, və ya peşəsini dəyişdirmək istəyən hər kəs üçün əla bir başlanğıcdır. Təbii ki, bir sertifikat olmadan da iş tapıla bilər, lakin tanınmış bir qurum tərəfindən verilən sertifikatlar qeyd olunan bir CV, işəgötürənin marağını daha çox cəlb edir və bu namizədlərin şansı əhəmiyyətli dərəcədə artır”.
İR mütəxəssisi qeyd edir ki, sertifikat bilik və bacarıqlara sahib olmağını təsdiqləyən sənəd olsa da, bəzi qurumların sertifikatları sadəcə kağızdır, bunun arxasında hansı bilik və bacarıqların olduğunu müsahibə zamanı üzə çıxarmaq vacibdir: “Müsahibədə namizədin hansı səbəbdən bu kursları keçdiyini, hansı bacarıqları əldə etdiyi, bunları işində necə tətbiq edəcəyini öyrənməyə çalışırıq. Burada namizədin sistematik düşüncə tərzi və özünütəhlil qabiliyyətləri də yoxlanılır”.
İR mütəxəssisi bildirir ki, ancaq elə mötəbər qurumların sertifikatları var ki, onlar tamamilə fərqli bir hekayədir: “Siz ucqar bir kənddə imtahana hazırlaşa və hansısa ölkədə beynəlxalq sertifikatı almaq üçün imtahan verə bilərsiniz, sizin sertifikatınız Avropa ölkələrində, və ya Amerikada alınan sertifikatla eyni şəkildə qiymətləndiriləcəkdir”.
F.Məmmədova qeyd etdi ki, sertifikatların olması karyera üçün yaxşı başlanğıc və seçdiyiniz sahəyə olan həvəsinizi nümayiş etdirməyin göstəricisidir. Ancaq bu, diplom və sertifikat kolleksiyasını toplamaq mənasına gəlmir: “Hər hansı bir əlavə təhsil təcrübədə tətbiq olunmalı və işdə istifadə edilməlidir. Bir şəxs sertifikatlara deyil, peşəkar səviyyəsini yüksəldəcək və bazarda dəyərini artıra biləcək biliklərə investisiya qoymalıdır. Məsələn, əgər maliyyəçi karyerasının əvvəlindədirsə, ACCA-ya diqqət yetirə bilər, maliyyə sahəsində daha strateji bir mövqe tutmaq istəsə CFA sertifikatına yiyələnə bilər. Məqsəd idarəetmə bacarıqlarını inkişaf etdirməkdirsə, müvafiq addım MBA dərəcəsinə yiyələnmək olmalıdır”.
“İşbazlar da bundan yararlanırlar”
Macarıstanda İBM şirkətində biznes-analitik vəzifəsində çalışan Sevinc Ömərli deyir ki, xaricdə işə qəbul prosesində sertifikat sahibi olmaq işəgötürənlərin qərar vermə prosesində çox da əhəmiyyət kəsb etmir: “Xaricdə müqavilə əsasında bir işə girəndə müraciət edənin iş təcrübəsinə və hazırkı bacarıqlarına daha çox baxırlar, nəinki aldığı sertifikatlara və qatıldığı seminarlara. Ümumiyyətlə, ölkəmizdə "filan MMC"nin, "filan təhsil şirkəti"nin təşkil etdiyi proqramlardan sertifikat sahibi olmaq uğur sayılmır, işə qəbul prosesində də işə yaramır. Fikir vermişəm, bizdəki gənclərin çoxu belə seminarlara can atır. Səbəb isə öyrənmək yox, sırf sertikat almaqdır. İşbazlar da bundan yararlanırlar”.
S.Ömərli bildirir ki, özünüzü inkişaf etdirmək üçün yerli şirkətlərin keçdiyi 3-5 günlük seminarlara yox, beynəlxalq şirkətlərin onlayn təhsil portallarına müraciət etmək daha yaxşı olar: “Təbii ki, bunun üçün ən önəmlisi dil bacarığının olmağıdır. Bəzi beynəlxalq sertifikatlar var ki, onlara qatılmaq üçün belə IELTS, TOEFL sertifikatları tələb olunur. Texnologiya sahəsində iş axtarmaq istəyənlərə IBM, Microsoft, Google, VMware kimi şirkətlərin sertifikat proqramları yararlı ola bilər. Başqa bir örnək olaraq, Cisco şirkətini göstərə bilərəm. Bu şirkət şəbəkə üzrə ixtisaslaşmış şirkətdir. Cisco şirkətinin ən geniş yayılmış və çox müraciət olunan sertifikatları CCNA(Cisco Certified Network Associate) və CCNP(Cisco Certified Network Professional) sertifikatlarıdır. Mühasibatlıq üçün sertifikatlar ayrıdır. Bu proqramları bitirmək üçün təhsil müddətində və sonunda imtahandan keçmək tələb olunur. Ümumiyyətlə, karyera qurmağa başlayanlar Coursera, Udemi, Edx kimi portallardan qeydiyyatdan keçib, özlərini istədikləri sahələr üzrə təkmilləşdirə bilərlər”.
Könül Oruc