Ucnoqta.az
www.ucnoqta.az

"Azərsu" sənəd üzərində 44 bulaq rəsmiləşdirib- <font color=red><b>Reallıqda cəmi 12 bulaq var!</b></font>

22:09 - 24 Avqust 2020 tarixində dərc olunub.

Sənəd üzərində 44 bulaq rəsmiləşdirilib, ortada isə cəmi 12 bulaq var! 32 bulaq hanı?

Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov bildirib. Bəhruz Məhərrəmov bildirir ki, Biləsuvar rayon Aşağı Cürəli kənd sakini Əzizov Bilal Əzizağa oğlunun müraciəti əsasında Azərsu ASC-yə ünvanladığımız müraciətin cavabını aldıq: "Dövlət qurumunun cavabında maraqlı bir nüans var, "Azərsu"dan bildirilir ki, yeni su xətti olmasa da Aşağı Cürəli kəndi ərazisində modul tipli sutəmizləyici qurğu və 44 (qırx dörd) ədəd bulaq quraşdırılıb. Həqiqətən bir kənd üçün 44 ədəd bulaq çox gözəl göstəricidir. Lakin real rəqəmdirmi?"

Bəhruz Məhərrəmovun sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, hazırda Aşağı Cürəli kəndində 12 (on iki) ədəd bulaq vardır və onların isə 11 (on biri) ədədi işlək vəziyyətdədir: "Bulağa su vurulması üçün isə Cənubi Muğan kanalında su olmalıdır. Yalnız bundan sonra modul tipli su təmizləyici anbara vurularaq duruldulmuş su bulaqlara ötürülür. Kənd sakinlərinin dediyinə görə su olanda həmin 11 bulaq gün ərzində iki dəfə-səhər və axşam olmaqla, hər birində 1 saat işlədilir. Yerdə qalan və "Azərsu"da rəsmi rəqəmlərdə əksini tapmış 44 bulaqdan 32-dən isə xəbər yoxdur. 32 bulağın hesabatını kim verəcək? Nəzərə alaq ki, biz hələ bir kənddəki vəziyyəti araşdırmışıq. Məsələni nəzarətə götürürük"- deyə millət vəkili qeyd edir.

Müəllif: