Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il keçir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.
Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.