Bu gün "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.
İctimai Birlik 28 iyun 2019 - cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. İctimai Birliyin bu müddət ərzində geniş fəaliyyəti diqqət çəkir. Birliyin sədri Aidə Səfərovanın sözlərinə görə İctimai Birlik bu müddət ərzində 6 sosial çarx hazırlayıb ki, bu sosial çarxlar eşitmə və danışma imkanları məhdud olan şəxslərə dəstək xarakteri daşıyır. Eyni zamanda bir çox layihələrə imza ataraq beynəlxalq müstəvidə ölkəmizi təmsil ediblər.
İctimai Birliyin təsisçisi və sədr müavini Mahmud Səfərov fəaliyyət göstərdikləri 1 il ərzində beynəlxalq arenada ölkəmizi layiqincə təbliğ etməsindən və gördükləri işlərdən danışdı: "İctimai Birliyin nizamnaməsində qeyd olunan əsas məqsədlərindən biri də regional və beynəlxalq qrumlarla əlaqə yaradaraq birgə layihələrdə iştirakına nail olmaqdır ki, biz bu missiyanın öhdəsindən layiqincə gəldik. Belə ki, Birləşmiş Ərəb Əmirliyində, Ukraynada, Türkiyədə, Belarusiyada, Rusiyada, Özbəkistanda və digər ölələrdə Azərbaycanı təmsil etmişik. İctimai Birliyin əsas məqsədlərindən biri idamanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etmək idi ki, biz bu bir il ərzində bu sahədə xeyli iş görmüş olduq. Azərbaycan Milli Karate Federasiyası və Karlara Dəstək ictimai birliyi ilə üçtərəfli memorandum imzalayaraq eşitmə və danışma imkanları məhdud gəncləri idmana cəlb etdik. O gəncləri xarici dövlətlərdə keçiriləcən yarışlara hazırlanmasına nail olduq. İctimai Birliyin şüari "Hər şey sizin öz əlinizdədir. Sədəcə Jest edin" oldu və bu şüar bizim kimi çox gənci həvəsləndirdi. Bundan əlavə Milli Paralimpiya Komitəsinin və Heydər Əliyev fondunun dəstəyi ilə "Yenilməzlər" adlı layihədə "Mahmudun Dünyası" adlı çıxışımız baş tutdu".
Qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq sözügedən ictimai birlik virusdan qorunma və gigiyena qaydalarına riayət etmə haqqında məlumatlandırıcı bir neçə işarət dilində video çarx hazırlayıb.