Elmar Məmmədyarovun estoniyalı həmkarı ilə telefon danışığı baş tutub

22:48 - 26 İyun 2020 - SİYASƏT

26 iyun 2020-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Nazir Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xəbər xətti