Dünyanı təhdid edən autizm problemi var və inkişaf edir

11:51 - 25 İyun 2020 - KİVDF

Çiçək Məmmədli: “Məhdudiyyətli insanlarla işləyən qabaqcıl qeyri-hökumət təşkilatları bu cür insanların həyata qazandırılması, cəmiyyətin önəmli bir üzvünə çevrilməsi üçün çox böyük işlər görürlər”

Cəmiyyətin inkişafı həm də fiziki, sosial məhdudiyyəti  olan insanların reabilitasiyası  və cəmiyyətə adaptasiyasının düzgün təşkili ilə təzahür olunur. Bu mənada cəmiyyətdə ictimai, sosial-psixoloji münasibətlər sisteminin düzgün qurulmasında əsas faktor olan vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının üzərinə böyük məsuliyyət düşür. 
Bəs bu gün, Azərbaycan vətəndaşı, vətəndaş cəmiyyəti institutları autizm sindromlu fərdlərin cəmiyyətə adaptasiya olunması, qorunması üçün nə dərəcədə ciddi addımlar atmaq imkanına sahibdir? Yaxud, fiziki, psixoloji və sosial məhdudiyyəti olan vətəndaşın cəmiyyətə düzgün transferi, qorunması, gələcəyə hazırlanması naminə vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının gördüyü işlər nə dərəcədə nizamlı, düzgün və qaneedicidir?

Bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə”yə müsahibə verən Autizm Defektoloji və Psixoloji Yardım İctimai Birliyinin sədri Çiçək Məmmədli çox maraqlı nüanslara diqqət çəkib.

- Çiçək xanım, bu gün cəmiyyətin inkişafı, sosial-psixoloji münasibətlər sisteminin düzgün qurulması üçün vətəndaş cəmiyyətlərinin üzərinə düşən məsuliyyət yükü nədir? Sizcə Azərbaycan cəmiyyətində məhdudiyyətli - özünə qapanan, sosiallaşmayan autizmli insanlara yanaşma mədəniyyətində diqqəti çəkən əsas məqam nədir?
- Bu gūn nəinki Azərbaycan cəmiyyətini, eləcə də dünyanı təhdid edən autizm problemi var və inkişaf edir. Cəmiyyətimizin bugünkü inkişafı prosesində vətəndaş cəmiyyətinin üzərinə düşən ən məsuliyyətli fəaliyyəti özünə qapanan, ətraf aləmdən təcrid olan, sosiallaşmasında problemləri olan insanlar haqqında geniş maarifləndirmə tədbirlərinin görülməsi, onların cəmiyyətə tanınması və düzgün dəyərləndirilməsi üçün xüsusi mexanizm üsullarını aşılamaqdır. Əvvəla, bu cür insanları "xəstədir"- deyə təqdim etmək, ümumiyyətlə bunun xəstəlik kimi qələmə verilməsi düzgün deyil. Anlamalıyıq ki, onlar bizlərdən biri, sadəcə fərqlidirlər. Cəmiyyətdə bu fikir aşılanmalıdır.  Unutmayaq ki, bu cür övlad sahibi olmaqdan heç kəs sığortalı deyil. Sosiallaşmağa ehtiyacı olan insana sənin bir xoş təbəssümün də yetər. Cəmiyyətin bu insanlara yanaşma mexanizmi uşaqlardan, ailələrdən başlamalıdır. Normal bir uşaq rastlaşdığı problemli uşağı görəndə ona təəccümlə baxmamalı, ondan kənarda dayanmamalı və ona mehribanlıq göstərməlidir. Bu da ailədə verilən düzgün tərbiyə nəticəsində baş verəcək. Məncə bütün bunların önündə də geniş maarifləndirmə durur. Ailələrdə autist övladının olub - olmamağından asılı olmayaraq, bütövlükdə hər kəs bu barədə məlumatlı olmalıdır.

- Məhdudiyyətli insanların cəmiyyətə adaptasiya prosesi bu gün hansı cəmiyyət modelini ortaya çıxarır. Fiziki, psixoloji, sosial məhdudiyyəti olan vətəndaşın cəmiyyətə transferi, məşğulluğunun, həyatının, maraqlarının qorunması, gələcəyə hazırlaması naminə vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının gördüyü işlər nə dərəcədə düzgün və qaneedicidir?
- Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, cəmiyyətə inteqrasiya edilmələri üçün tədbirlər görülmürsə,  o zaman bu, öz insanına dəyər verməyən qeyri - demokratik cəmiyyət modelini əks etdirir. Məhdudiyyətli insanlarla işləyən qabaqcıl qeyri-hökumət təşkilatları bu cür insanların həyata qazandırılması, cəmiyyətin önəmli bir üzvünə çevrilməsi üçün çox böyük işlər görürlər. Elə onların dövlət qurumlarına təqdim etdikləri və həyata keçməsini tələb etdikləri təklifləri misal gətirmək olar. Mən rəhbəri olduğum Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi uzun illərdir "Azərbaycanda autizm sindromlu övladı olan valideynlərin qarşılaşdıqları çətinliklər və onların həllinə dair "təkliflər layihəsini həyata keçirirəm. Bu təkliflərin dəfələrlə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, valideynlər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ictimai  müzakirəsi keçirilib və dövlətə təqdim edilib. Məhz bunun nəticəsi olaraq 2015-ci ildə “ autizm sindromu” qanunvericilikdə sağlamlıq imkanlarının məhdudluğu meyarlarında öz əksini tapmışdır. Bu, vətəndaş cəmiyyətinin dövlət qurumlarını maraqlandıra bildiyi və məhdudiyyətli insanların da bu dövlətə mənsub olduğunu onların diqqətinə çatdırması kimi bir öhdəliyi yerinə yetirməsinə əyani sübutdur. Yəni bu sahədə vətəndaş cəmiyyətlərinin fəaliyyəti çox əhəmiyyətlidir. Məhz vətəndaş cəmiyyətlərinin irəli sürdüyü təkliflərə əsasən fiziki, psixoloji və sosial məhdudiyyətli insanların inklüziv təhsil, normal insanlarla birgə işləyə, çalışa bilməsi məsələləri geniş müzakirə olunmaqdadır. Artıq müəyyən dərəcə iş qabiliyyəti olan əlillər işlə təmin edilməkdədirlər. Düzdür, bu proses o qədər də asan deyil. Əsas odur ki, dövlət bu haqda düşünməyə başlayıb. Bu prespektivlərin olacağına əsas verir.

- Cəmiyyət olaraq autizm sindromlu insanlarımızın sağlıq hüququnu qorumaq üçün nə edilir, bu sahədə daha çox nəyə ehtiyac var? Bu sindromun ailə və cəmiyyətdə yaratdığı sosial - psixloji gərginliyinin azaldılması üçün hansı addımlar atılır?
- Mən Azərbaycanda ilk dəfə autizm problemini tanıtdıran təşkilat rəhbəri olaraq onu deyə bilərəm ki, bu sahədə birbaşa məsuliyyətli olan Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Milli Məclisin sosial siyasət, elm və təhsil komissiyarı, yerli icra strukturları, bələdiyyələr autizm haqqında heç bir təkliflər hazırlayıb dövlətə təqdim etməmişlər. Bütün bu dövlət qurumlarının görəcəyi işləri təşkilat rəhbəri  kimi təzyiqlərə məruz qalaraq öz öhdəmə götürmüşəm. Təbii ki, hər bir vətəndaş cəmiyyətinin öz nizamnaməsi var və onun çərçivəsində fəaliyyət göstərir. Düzdür, mənim təşkilatımın nizamnaməsində əsasən autizmli uşaqların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etmək yazılsa  da, biz ümumiyyətlə, xüsusi qayğıya ehtiyacı olan insanlara hər cür yardım etməyə çalışırıq. Dövlət başçısının vətəndaş cəmiyyəti və ictimai nəzarətin gücləndirilməsi haqqında verdiyi tövsiyə və tələblər bizim üçün qanundur və ona riayət etmək borcumuzdur. Hər zaman məqsədimiz çalışdığımız sahədə ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsində görməkdir. Bu məqsədlər uğrunda da mübarizə aparırıq.

- Vətəndaş cəmiyyəti və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən verilən tövsiyə və tələblərə adekvat olaraq  məhdudiyyətli insanları öz  ətrafında toplayan İctimai Birliklərin əhəmiyyəti nədir və sizin kimi yeni təşkilatlar yaranırmı? Bu durum, təkcə əlil insanlara deyil, bütövlükdə cəmiyyətə, ümumilikdə insanlığa hansı ismarıcını vermiş olur?
- Autizm problemini gündəmdə saxlayıb dövlət qurumlarının nəzarətinə çatdıran və bu sahədə bir səra uğurlara nail olan təşkilat rəhbəri olaraq cəmiyyətə, insanlara belə bir mesajım var: Heç kəs həyatdan sığortalanmayıb! Gəlin insanlıq naminə dünyaya autizmli olaraq gəlmiş insanların sosiallaşıb adı bizlərdən biri olması üçün  çalışaq. Dinimizdə də belə bir hədis var: "Kim xəstə uşağı himayəyə götürüb onu sağaltmağa cəhd edərək böyütsə, bu uşaq onu cəhənnəm əzabından qoruyan sipər olacaq"

 Təşkilatımız autizm haqqıda təklifləri dövlət qurumlarına təqdim etməzdən öncə İnsan Hüqüqları Üzrə Ombudsman Aparatına təqdim edib. Həmin təkliflər Ombudsman vasitəsi ilə bütün qurumlara ünvanlanmış və Milli Məclisdə Omdudsmanın şəxsən iştirakı ilə müzakirə edilib. Əldə olunan müsbət  nəticələrə görə Təşkilatımızın Omdudsman tərəfindən Fəxri fərmanla təltif edilib.

Amma bütün bunlar başlanğıcdır. Ölkəmiz bu sahədə inkişaf etmiş xarici olkələrdən çox geri qalır. Autizm reabilitasiya mərkəzləri dayanmadan artır. Vətəndaş cəmiyyəti hər an yanlışlıqlara qarşı diqqətli olmalı və dövlətin görməli olduğu işi görməlidir.

Tahirə

Xəbər xətti