Ana səhifə
16 Noyabr 2018

Təhlükəli ebola virusu ölkəmizə yaxınlaşır

Şair Qurbanov: «Xəstəliklə bağlı şübhələr olarsa, həmin şəxslər qeydiyyata alınacaq»

 

 

Adil Qeybulla: «Hələlik ebola virusu ilə bağlı vaksin yalnız eksperiment mərhələsindədir»

 

 

Təhlükəli ebola virusu dünyanı həyacanda saxlamaqda davam edir. Artıq bu təhlükəli virus ölkəmizin sərhədlərinə yaxınlaşıb. Qonşu Gürcüstanda 13 nəfər ebola virusuna yoluxmada şübhəli bilinir. Respublikamızla qonşu Gürcüstan arasında gediş-gəlişin daha intensiv olduğunu nəzərə alsaq, bu virusun ölkəmizə keçmə ehtimalı da az deyil.

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanovun sözlərinə görə, Ebola virusu ilə bağlı təhlükə sərhəd-keçid məntəqələrində sanitar karantin müfəttişliyinin nümayəndələri tərəfindən nəzarətə alınır: «Respublikamıza bu xəstəlik digər ölkələrdən gətirilə bilər. Amma xəstəliyin başqa ölkələrdə kütləvi yayılması mümkün deyil. Çünki Afrika ölkələrində xəstəliyin yayılmasının müxtəlif səbəbləri var. Xəstələrə kömək edən həkimlərə sərt münasibət mövcuddur. Onların müxtəlif ayinləri var. Belə ki, ölülərin yuyulmasından sonra həmin su içilir, üzlərinə vurulur. Ölkədə aparılan təbliğata riayət etmirlər. İnfeksion xəstəliklərdən qorunmanın başlıca istiqaməti insanın özünü qorumasıdır. Xəstəliklə bağlı şübhələr olarsa, həmin şəxslər qeydiyyata alınacaq. Bu xəstəliyin maksimal inkubativ dövrü təxminən 21-23 gündür. Təxminən 23 gün onlar həkim nəzarətində olacaqlar və vaxtaşırı müayinə olunacaqlar. Həmin dövr ərzində onlarda xəstəliyin əlamətləri aşkarlanmazsa, artıq həkim nəzarəti olmayacaq. Digər tərəfdən sərhəd-keçid məntəqələrində sanitar karantin müfəttişliyinin nümayəndələri ilboyu Azərbaycana gələn xarici vətəndaşlarla sorğu aparır. Bu yoxlanış təkcə ebola virusu ilə bağlı deyil, taun, vəba və digər geniş yayılan xəstəliklərlə də bağlı olur».

Tibb elmləri doktoru Adil Qeybulla isə deyir ki, virusun ölkə ərazisinə keçməməsi üçün ciddi nəzarət tədbirləri görülməlidir: «Virusun yayıldığı ölkələrdən olan şəxslər respublikamıza gələrkən sərhəddə yoxlanılmalıdır. Xəstəliklə bağlı şübhələr olarsa, həmin şəxslər qeydiyyata alınaraq nəzarətdə saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, artıq 4 mindən çox insan bu virusdan dünyasını dəyişib və xeyli potensial xəstə var. Ölüm hallarının bir neçə dəfə artması gözlənilir. Belə getsə, qorxulu bir epidemiya da yayıla bilər. Ona görə də hesab edirəm ki, diqqətli olmaq lazımdır. Birinci növbədə ölkəyə daxil olan və xaric olan vətəndaşların, yəni miqrasiya durumunda olanların dinamikası izlənilməlidir. Çünki hələlik ebola virusu ilə bağlı vaksin yalnız eksperiment mərhələsində olan vaksindir. Yəni bunun kütləvi istehsalı və yayımı real deyil. Ebolanın müalicəsinin olub-olmaması ilə bağlı bir söz demək çətindir».

A.Qeybullanın sözlərinə görə, laboratoriyalarda aparılan tədqiqatlar nəticəsində, məlum olub ki, bu virus qızdırma, HİV və qrip kimi xüsusi bir virusdur: «Genetik xarakteri baxımından, ebola virusu daha çox quduzluq virusuna yaxındır. Bu səbəbdən onun törətdiyi əlamətlər də nevroloji pozuntular yaradır. Necə ki, quduzluq virusuna yoluxmuş insanda sudan, işıqdan qorxma kimi hallar baş verir. Burada da bu tip nevroloji pozuntular olur və bu kimi hallardan insan dünyasını dəyişir. Vaxtında aparılan müalicə bir neçə ay müddətində nəticə verə bilər. Qalan hallarda isə bu xəstəlik birmənalı olaraq ölümlə nəticələnir».

Artıq bir neçə aydır Azərbaycana da virusun keçməməsi üçün əməli tədbirlər görülür. Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Ebola virusu ilə bağlı  “qaynar xətt” xidməti yaradılıb. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanovun sözlərinə görə, adi vaxtlarda “qaynar xətt” iş vaxtlarında fəaliyyət göstərib. Amma artıq 530-32-13 nömrəli “qaynar xətt” 24 saat ərzində vətəndaşlara xidmət edəcək.  Hər bir şəxs günün istənilən saatında hansısa narahatlıqla bağlı bu nömrəyə zəng vura bilərlər.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında, Ebola çayı sahilində aşkar olunub və adını da bu çaydan götürüb. Ebola virusu titrətmə, ürəkbulanma, təngnəfəslik, qanaxma və diareya ilə müşaiyət olunur. Xəstəlik olduqca yoluxucudur və yoluxmuş insanlardan, yaxud heyvanlardan ifraz olunan qanla, habelə digər maye ilə təmas nəticəsində yayılır. Bir sözlə, Ebola qızdırması müalicəsi olmayan, qanla, hava damcı yolu ilə həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. Virus əleyhinə pereparatların heç biri Ebola virusuna qarşı effektli deyil. Müasir təbabət ancaq yoluxan insanda simptomları qismən yüngülləşdirməyə nail olur.

Hadisələrin bu fonunda Rusiyada bu xəstəliyə qarşı vaksinin tapıldığı bildirilib. Bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova “Rossiya-1” telekanalına müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rusiyalı tibb ekspertləri artıq xəstəliyin müalicəsi və yoluxmanın qarşısını almaq üçün vaksin hazırlamaq mərhələsindədirlər.
“İndi biz 3 növ vaksinin üzərində çalışırıq. Onlardan biri artıq kliniki sınaqdan keçib. Passivləşdirilmiş vaksin birbaşa virusun özündən hazırlanıb. Digər iki vaksin də genetik olaraq modifikasiya olunub. Bu vaksinlər bizim Virusologiya İnstitutumuz tərəfindən hazırlanır”. 
Nazir onu da qeyd edib ki, sözügedən vaksinlər 6 ay müddətində təqdim olunacaq.

 

 

Xalid

Tarix
13 Oktyabr 2014 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin