Həftəsonu küçəyə çıxmağa icazəsi olanların nəzərinə!

14:53 - 5 İyun 2020 - Xəbər

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda qapadılma qərarı ilə bağlı bütün növ xidmət vasitələrinin fəaliyyətinə və avtomobillərin hərəkətinə qadağa qoyulub. İstisna olaraq, bəzi fəaliyyət sahələrinə məxsus maşınların hərəkətinə icazə verilib. 

Fasiləsiz istehsal fəaliyyəti ilə məşğul olan və digər xidmətlərə aid bir neçə sahənin məhdud sayda əməkdaşlarının hərəkətinə icazə verilib. Həmin şəxslər də tabe olduğu qurum tərəfindən icaze.gov.az portalında qeydiyyatdan keçirilməlidirlər.

Sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, vətəndaşlar fəaliyyətinə icazə verilən şəxslərin fərdi, özlərinə məxsus avtomobillərdən istifadə olunmasına icazə verildiyini zənn edib.

Lakin bu yanlış qənaətdir. Yalnız həmin şəxslərin tabe olduqları qurumların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək. Əgər həftəsonu işləməsinə icazə verilən qurum əməkdaşlarını nəqliyyat vasitəsilə təmin edə bilməzsə, bu zaman Bakı Nəqliyyat Agentliyinə müraciət edə biləcək.

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı dünənki brifinqdə bildirdi ki, fərdi avtomobillərin istifadəsinə icazə verilməyəcək:
“Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinə icazə verilir. Bundan başqa, fəaliyyətinə icazə verilən qurumların xidməti avtomobillərinin istifadəsinə icazə verilir”.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev də bildirib ki, portalda icazəsi olan şəxslər bu həftəsonu öz avtomobilini əvvəlki qaydada istifadə edə bilməz:
“Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon sakinlərinə aiddir”.///qafqazinfo

 

Xəbər xətti