Sosial şəbəkələr necə tənzimlənməlidir?

16:28 - 3 İyun 2020 - SİYASƏT

Razi Nurullayev: “Hər bir onlayn media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın”
Sərdar Cəlaloğlu: “Sosial şəbəkələrin fəaliyyəti “Mətbuat haqqında qanun”a uyğun bir şəkildə tənzimlənməlidir”

Bu günlər ABŞ Prezidenti Donald Trampın informasiya və kommunikasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə davranış qaydalarını müəyyənləşdirən Aktın 230-cu paraqrafının qüvvədən düşməsi ilə bağlı sənədi imzalaması sosial şəbəkələrlə bağlı problemləri yenidən gündəmə gətirdi.  Donald Trampın sosial şəbəkələrə nəzarətin gücləndirilməsi ilə bağlı məlum qərarı “sosial media ilə iş, sosial şəbəkələrə nəzarət, internet resurslarının hüquqla tənzimlənməsi” anlayışında hansısa yeni bir dövrün başladılması kimi də dəyərləndirilir.

Azərbaycanda Trampın bu qərarına uyğun olaraq sosial şəbəkələrə nəzarət və nizamlanma prosesi nə dərəcədə adekvat qarşılana bilər? Nəzarət mexanizmi və internet şəbəkəsi istifadəçilərinin davranış hüquqları necə tənzimlənə bilər?

“Sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur”

Bu barədə “Üç nöqtə”yə açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, ABŞ Prezidenti cənab Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycana da təsir edəcək və analoji qərarın verilməsinə gətirib çıxaracaq.  “Birmənalı demək lazımdır ki, bu qərar daha çox vətəndaşların maraqlarının qorunmasına yüklənib. Hər bir kəs bu qanunda vətəndaş maraqları baxımından nəzərdən keçirilir və bunu doğru sayıram. Çünki vəzifəli şəxslər də digər istifadəçilər kimi sosial şəbəkələrin qurbanı kimi nəzərdən keçirilir və siyasi fürsətçilərə yer qoymur. Bizdə də sosial şəbəkələrlə bağlı qərar verilən zaman istifadəçilərin söz azadlığını da qətiyyən məhdudlaşdırmaq olmaz. Amma verilən qərar vəzifəli şəxslər də daxil istifadəçiləri qeyri-etik məzmundan qorumalıdır”. Partiya sədri bildirib ki, qeyri-etik, arzuolunmaz məzmunla bağlı sosial şəbəkə şirkətləri məsuliyyət daşıyır və bizim qanunda bu öz əksini tapmalıdır.  “YouTube və Facebook sosial şəbəkələrində xüsusi olaraq yüksək vəzifəli məmurları və onların ailə üzvlərini təhqir etmək üçün səhifələr yaradılıb. Əgər dövlətin yüksək vəzifəli məmurları təhqirə məruz qalırlarsa, onda adi istifadəçilərdən danışmağa dəyməz. Bu məsuliyyəti birbaşa Facebook, YouTube və Google-un rəhbərliyi Mark Zuckerberg, Sergey Brin, Larry Page və Sundar Piçay daşıyır.

 Azərbaycan yeni qanunla tələb etməlidir ki, bu şirkətlər ölkə üzrə nümayəndə təyin etsinlər və onlar arzuolunmaz məzmunu pozmaq, qadağan etmək səlahiyyətinə malik olsunlar. Yoxsa, biz günlərlə çalışıb şirkətdə hansısa mininci adama çıxıb filan səhifəni bağla və ya filan yazını pozun deyə bilmərik. Hesab edirəm ki, sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur. Əlavə olaraq, qanunla tənzimlənsin ki, hər bir onlayn media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın. Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə göstərilməlidir.Lakin biz söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik. İşlək mexanizm olmasa, qanun qəbul olunsa belə idarə etmək mümkün olmayacaq”.

“Bu faktdır ki, sosial şəbəkələr daha çox "özbaşınalıq şəbəkəsinə", “qaydasız davranışlar” şəbəkəsinə çevrilib”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, sosial şəbəkələrin pozitiv mənada böyük imkanları olsa da, dünya insanları nədənsə bu imkanları daha çox neqativ tendensiyalara yönəldirlər. A. Quliyev hesab edir ki, Trampın düşüncə və qərarı bu narahatlıqdan irəli gələn nəticədir və əslində sosial şəbəkə fəaliyyətlərinin üzəridən dünyadakı ümumi narahatlıqları ifadə edir”.

A. Quliyev hesab edir ki, Tramp elə bir məsələ qaldırıb ki, ona bütün dünyada geniş dəstəklər olacaq və bu özünü artıq göstərir.  “Bu faktdır ki, sosial şəbəkələr daha çox "özbaşınalıq şəbəkəsinə", “qaydasız davranışlar” şəbəkəsinə çevrilib. Sosial şəbəkələrdə neqativ təmayüllər daha çoxdur, nəinki pozitiv təmayüllər. Həm də bir çox hallarda sosial şəbəkə idarəçiləri sanki xüsusi məqsədlərlə neqativ yüklü audio və vide çəkilişləri geniş şəkildə baxışa təqdim edirlər. Sosial şəbəkələr mücərrəd məkan deyil, burada insanlar, qurum və təşkilatlar, partiyalar, millətlər, etnik qruplar, dövlətlər arasında münasibətlər cərəyan edir. Ona görə  də neqativ təmayüllər qabaranda nəticədə geniş miqyaslı təlatüm və fəsadlar ortaya çıxır”.

A. Quliyev bildirib ki, baş verən proseslər sosial şəbəkələrdə mütləq sərbəstliklə yanaşı, zəruri məsuliyyət institutunun da formalaşmasını zəruri edir.  “Həqiqətən də ola bilməz ki, burada hər kəs istədiyini etsin, heç bir hüquqi və ya mənəvi-etik məsuliyyəti hiss etməsin.

Dünya ciddi problem qarşısındadır. Dövlətlər həm sosial şəbəkələrdə azadlıq və məsuliyyət normalarını əks etdirən hüquqi sistem yaratmalı, həm də elə edilməlidir ki, sosial şəbəkələrdə özünü ifadənin siyasi motivli məhdudlaşdırılmalarına şans açılmasın. Bu olduqca mürəkkəb və çətin balans nöqtəsi tapmaq deməkdir.  Eyni çətinlik Azərbaycanı da gözləyir. Sosial şəbəkələrdə sərbəstlik və məsuliyyət normalarını əks etdirən sistem yaratmaq və eyni zamanda bu şəbəkələrin pozitiv imkanlarını və funksiyalarını qərəzli yanaşmalardan xilas etmək lazımdır”.

A. Quliyev hesab edir ki, sosial şəbəkələrdə qlobal intizam sistemi yaratmaq mümkündür. “Əks halda müxtəlif ölkələr sosial şəbəkələrə girişin bloklanması kimi ifrat üsul seçə bilər ki, bu da dünyada formalaşmış mütərəqqi  qlobal əməkdaşlıq sistemini dağıda bilər. Yalnız bütün dövlətlərin şəffaf işbirliyi sayəsində sosial şəbəkələrdə vahid hüquqi, mənəvi-etik davranışlar sistemi yaratmaq mümkündür”.

“Sosial şəbəkələrin fəaliyyəti “Mətbuat haqqında qanun”a uyğun bir şəkildə tənzimlənməlidir”

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, sosial şəbəkələrin fəaliyyəti “Mətbuat haqqında qanun”a uyğun bir şəkildə tənzimlənməlidir.  “Çünki sosial şəbəkələr özü də kütləvi informasiya vasitələrinin bir formasıdır. Ona görə də xüsusi qanuna ehtiyac yoxdur. Kütləvi informasiya vasitələri haqqında qanun eyni zamanda sosial şəbəkələrdə də tətbiq olunmalıdır”. O ki qaldı Trampın məlum qərarının Azərbaycanda necə əks olunması məsələsinə, partiya sədri belə məsələlərin ABŞ-la müqayisə edilib yerinə yetirilməsinin yalnız bərabər güc və imkanlar daxilində reallaşması əsasında mümkün hesab edib. Onun fikrincə, demokratiya və azadlıqla yanaşı məhdudiyyətlər də bərabər olmalıdır.

“Dünya əhalisi sosial şəbəkələr üzərindən yayılan informasiyanın təsiri altındadır”

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, onlayn platformaların genişlənməsi və təsirlərinin hədsiz dərəcədə artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Onun sözlərinə görə, tənzimləyici addımlar atmaq təşəbbüsü, ilk olaraq, ABŞ-dan gəlməyib. Bundan öncə Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul ediblər.

M. Ələsgərli eyni zamanda diqqəti sosial şəbəkələrin sayına yönəldərək, belə bir qənatlə çıxış edib ki, dünya əhalisi sosial şəbəkələr üzərindən yayılan informasiyanın təsiri altındadır. Onun fikrincə, sürətli artım sosial şəbəkələrin təkcə auditoriyasını əhatə etmir; maliyyə gəlirləri də yüksələn xətt üzərindədir. “Sosial şəbəkələrin qaydasız davranışları təkcə vergi məsələsinə aid deyil. Qlobal rəy sorğusu iştirakçılarının cəmi 23 faizi sosial şəbəkələr üzərindən yayılan xəbərlərin doğruluğuna inanırlar. Digərləri isə sosial şəbəkələri "fake xəbər" yayıcısı adlandırırlar. Sosial şəbəkələr barəsində universal normativ standartların olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına şərait yaradır. Sosial şəbəkələr üzərindən ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilir, siyasi kataklizmlər formalaşdırılır. Azərbaycan da xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir”.

M. Ələsgərli hesab edir ki, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir; fəaliyyətləri şəffaf və hesabatlı deyil. Onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər.

“Kimlərsə sosial şəbəkələrə yalnız və yalnız dezinformasiya yaymaq məkanı kimi baxır”

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov  açıqlamasında bildirib ki, Trampın qəbul etdiyi bu qərar təkcə ABŞ-ın özü üçün deyil, eyni zamanda bütün dünya ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.  “Belə ki, ABŞ prezidenti öz qərarında göstərir ki, sosial şəbəkələrin nəzarətdən kənarda qalması dövlətin təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidlər yaradır. Bura Tvitter, Feysbuk, İnstaqram, Teleqram və digər beynəlxalq miqyaslı sosial şəbəkələr daxildir. Məsələ burasındadır ki, Trampın qərarı ilə ləğv edilən sözügedən paraqrafda göstərilirdi ki, texnoloji şirkətlər və ya sosial şəbəkələr yayılan istənilən məlumatın məzmununa və dezinformasiya olub-olmamasına görə məsuliyyət daşımırlar. Lakin ABŞ prezidentinin bu son qərarından sonra texnoloji şirkətlərin və sosial şəbəkələrin bu cür “bespredel”liyinə son qoyulacaq və bundan sonra onlar da hüquqi məsuliyyət daşıyacaqlar. Bu isə o deməkdir ki, artıq sosial şəbəkələrin dərəbəylik dövrü bitəcək və onların “dövlət içində dövlət” olmaq iddialarının qarşısı birmənalı surətdə alınacaq. İndi heç bir sosial şəbəkə öz platformasında öz istifadəçilərinin yaydığı qeyri-dəqiq, “feyk” məlumatlara görə məsuliyyət daşımadığını iddia edə bilməyəcək”.

Ə.Hüseynov bildirib ki, əslində sosial şəbəkələrin fəaliyyətinin bu şəkildə tənzimlənməsinə çoxdan ehtiyac yaranıb. “Burada söhbət təkcə ABŞ-dan getmir. Yuxarıda adlarını qeyd etdiyim şirkətlərin baş ofisləri ABŞ-da yerləşsə də, lakin bu şirkətlər dünya miqyasında şəbəkələşdiklərinə görə, bütün ölkələr bu və ya digər şəkildə sosial şəbəkələrin özbaşınalığından doğan çeşidli problemlərlə, fəsadlarla üzləşirdilər. Elə bizim öz ölkəmizdə də zaman-zaman bir sıra daxili-xarici qüvvələr, radikallar sosial şəbəkələrdən cəmiyyətdə çaşqınlıq yaratmaq, yalan məlumatlar yaymaq, bu və ya digər tanınmış şəxsləri, dövlət xadimlərini gözdən salmaq, dövlətə və onun konstitusion quruluşuna qarşı təşəbbüsləri gerçəkləşdirmək üçün istifadə ediblər.

Sosial şəbəkələrin birləşdiricilik missiyası da boş bir illüziyadan başqa bir şey deyil. Əsl həqiqətdə isə bu şəbəkələr bir çox hallarda cəmiyyətdə fikir ayrılığı yaratmağa, nifaq salmağa, ölkədə vətəndaş həmrəyliyinin formalaşdırılmasına mane olmağa xidmət edib. Kimlərsə sosial şəbəkələrə yalnız və yalnız dezinformasiya yaymaq məkanı kimi baxır. Başqa sözlə desək, sosial şəbəkələr şər qüvvələrin əlində şər platformasına çevrilir. Lakin ABŞ prezidenti bu şərin qarşısının alınması istiqamətində ilk və həlledici addımı atdı. Belə demək mümkünsə, Trampın bu addımı yaxşı mənada presedent yaratdı. İndi sosial şəbəkələr üzərindən təxribatçı dezinformasiyaların yayılmasının və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılması prosesi sürətlənəcək”.

T.Qafarlı

Xəbər xətti