Konstitusiyanın aliliyinin təmin olunması ictimai münasibətlərdə sabitliyin mühüm amilidir

17:54 - 3 İyun 2020 - KİVDF

Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin olunmasına və cari qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti həyata keçirən Konstitusiya Məhkəməsi öz səlahiyyətlərini müvafiq subyektlərdən daxil olan sorğular, müraciətlər və şikayətlər əsasında konstitusiya icraatı qaydasında həyata keçirir.

Ümumiyyətlə, müasir dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri də Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona dinamizm qazandırılmasıdır. Bu yanaşma isə ilk növbədə, belə bir zərurətdən irəli gəlir ki, dövlətin Əsas Qanunu bir tərəfdən siyasi sabitliyin təminatçısı kimi qəbul edilir, digər tərəfdən isə o, cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərini müəyyənləşdirir.

Bu mənada Konstitusiyanın aliliyinin təmin olunması ictimai münasibətlərdə sabitliyin mühüm amili kimi çıxış edir. Bütövlükdə konstitusiya hüququnun inkişafına xidmət edən bu vəzifənin icra olunmasında Konstitusiya Məhkəməsinin üzərinə mühüm hüquqi vəzifələr düşür. Hesab edirik ki, Konstitusiya normalarının şərhinə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində fəal tətbiq olunan şərhin təkamül prinsipindən yanaşılmalıdır. Məhz belə yanaşma əsasında Konstitusiya normaların statik məcmusu olmaqdan çıxır, konstitusion dəyər və prinsiplər zamanın tələbləri çərçivəsində şərh edilir, eləcə də onların müasir demokratik cəmiyyətlərdə hakim olan anlayışlar baxımından daim inkişaf etdirilməsi təmin olunur. Bununla da Konstitusiya ictimai inkişafın ortaya çıxan yeni tələbatlarının nizama salınmasında canlı vasitə rolunu oynayır. Bu isə öz növbəsində ona cəmiyyətdəki yeniliklərə adekvat təsir imkanı verən xüsusi dinamizm qazandırır.

Belə olan təqdirdə Konstitusiyanın məzmunu daim yeniləşdirilir, bütövlükdə isə konstitusiya hüququ müasir cəmiyyətin sosial, siyasi, mənəvi və texnoloji təkamülü baxımından mütərəqqi inkişaf edir. Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiyanın və qanunların şərh edilməsidir. Məqsəd normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmaqdan ibarətdir. Bu zaman Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq normasının hər hansı digər Konstitusiyaya uyğun olmayan şəkildə tətbiqini mümkünsüz edir, onun icraatı qaydasını dəqiqləşdirir, müvafiq formada tətbiqi təcrübəsini istisna edir. Verilən rəsmi şərh vasitəsilə hüquq norması, eyni zamanda, müasir dəyərlər baxımından dolğunlaşdırılaraq təkmil formanı qəbul edir. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılması da yuxarıdakı məqsədə xidmət edir və bir çox məsələyə aydınlıq gətirir. Şərhin davamını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi iştirakçılarından hər hansı birinin CPM-nin 148-ci maddəsinə (Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması) uyğun olaraq tutulması zəruri hesab edildikdə, həmin şəxsin şübhəli şəxs statusu (CPM-nin 90.1.2-ci maddəsi-cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;), digər hallarda isə sonradan şübhəli və ya təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid statusu yarana bilər. CPM-nin müddəalarına əsasən isə şübhəli və ya təqsirləndirilən şəxslər, eləcə də şahidlər özünə və yaxın qohumlarına qarşı ifadə verməkdən azaddırlar. Belə ki, CPM-nin 90.9 (Şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.

Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz) və 91.7-ci maddələrinə (Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz) görə şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adının bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli (təqsirləndirilən) şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. CPM-nin 95.6.4-cü maddəsinə əsasən isə şahid özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququndan istifadə edə bilər. Göründüyü kimi, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin həmin Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda hadisə yerində qalması vəzifəsi, cinayət prosesinin hər hansı mərhələsində gələcək statusundan asılı olmayaraq nəqliyyat vasitəsini idarə edən şəxsə Konstitusiyanın 66-cı maddəsindəki özünə qarşı ifadə verməmək hüququndan istifadə etmək üçün maneçilik törətmir. Bu hal ibtidai araşdırmanı aparan orqanlar tərəfindən yuxarıda göstərilən cinayət-prosessual təminatlara səmərəli əməl etmək vəzifəsini yerinə yetirməklə birlikdə həyata keçirildikdə hər hansı şəxsin özünə qarşı ifadə verməmək hüququnun təmin olunması üçün kifayətdir.Yol-nəqliyyat hadisəsi ilə bağlı sürücülərin hadisə yerində qalıb gözləmək vəzifəsini, özünə qarşı ifadə verməyə məcbur etmə ilə eyni mənanı ehtiva edən sinonim anlayışlar kimi göstərmək olmaz.

Sözsüz ki, yol-nəqliyyat hadisəsini törədən şəxs nəticə etibarıilə cinayət prosesinin hər hansı mərhələsində özünə qarşı istifadə edilə biləcək ifadə verməyə məcbur edilərsə, bu halı Konstitusiyanın 66-cı maddəsinin müddəalarının pozulması kimi qiymətləndirmək mümkündür.

Qeyd olunmalıdır ki, qanunverici sürücünün hadisə yerində gözləmə vəzifəsini müəyyən etməklə, yol-nəqliyyat hadisəsində onun təqsirinin olmasını müəyyən etmir. CM-nin 264-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəqliyyat hadisəsi yerindən qaçması və CM-nin 263-cü maddəsində (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda (yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, onun ölümünə səbəb olduqda, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) yaranır. CM-nin 263-cü maddəsindən fərqli olaraq CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır.

Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-nin 264-cü maddəsi “Yol hərəkəti haqqında” Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, “Təcili tibbi yardım” maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümükün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir.

Bu konteksdən görünür ki, qanunverici nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi zamanı iştirakçıları təhlükədə qoymağa görə də cinayət məsuliyyəti müəyyən edir. Yəni, CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət norması CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş təhlükədə qoymağa dair ümumi normaya münasibətdə xüsusi norma kimi çıxış edir. Bu hal eyni əmələ görə iki cəzaya məhkum edilməyə gətirib çıxarmamalıdır. Çünki Konstitusiyanın 64-cü maddəsinə müvafiq olaraq heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz.

CM-nin müddəalarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, zərərçəkmiş şəxsin ölümünə və ya iki və daha çox şəxsin ölümünə səbəb olması (CM-nin 263-cü maddəsi) və bu nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması (CM-nin 264-cü maddəsi) ayrı-ayrı cinayət tərkibi yaradan əməllərdir. Sözsüz ki, bu əməllərin hər birinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması Konstitusiyada təsbit olunmuş heç kəsin bir cinayətə görə təkrar məhkum edilməməsi hüququnun məhdudlaşdırılması demək deyil.

Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlar ilə uyğunluq təşkil edir.  Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış «Yol hərəkəti haqqında» Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərilərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol hərəkət hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri yox etməmək vəzifəsi də qoyulur.

Bütün yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsi hesab edir ki, CM-nin 264-cü maddəsi Konstitusiyanın 66-cı maddəsinə ziddiyyət təşkil etmir.

Tahirə

Xəbər xətti