Ümid DNT analizinə qalır ...

16:35 - 22 May 2020 - Cəmiyyət

Aynur Veysəlova: “Çətinliklər təkcə aliment, gündəlik ehtiyacların ödənilməsi kimi məsələləri deyil, psixoloji faktorları da əhatə edir”
Əhməd Qəşəmoğlu: “Bizim cəmiyyətdə nikahdan kənar doğulan uşaqlara fərqli bir baxış mövcuddur”
Narınc Rüstəmova: “Bu cür uşaqların istər psixi, istər zəka, istərsə də emosional inkişafında müəyyən pozulmalar özünü göstərir”


Hazırda ölkədə xeyli sayda qadın nikahdan kənar uşaq dünyaya gətirir. Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır. Bəs bu çətinliklər hansılardır? “Üç nöqtə” qəzeti olaraq məsələyə aydınlıq gətirməyə çalışdıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova açıqlamasında bildirdi ki, 2018-ci ildə 20 716 uşaq nikahdan kənar dünyaya gəlib ki, onların 15 313 nəfərini hər iki valideynin ərizəsinə əsasən, 5403 nəfərini isə tək ananın ərizəsinə əsasən dünyaya gələn uşaqlar təşkil edir: “Hansısa subyektiv və ya obyektiv səbəblərdən rəsmi nikahı olmayan ailələrdə, hər iki valideynin ərizəsinə əsasən dünyaya gələn uşaqlarda bir o qədər də problem olmur, çünki onlar öz ailələrində böyüyürlər. Məsələnin ağrılı tərəfi tək ananın ərizəsi ilə doğulan uşaqlardadır. Düzdür, əvvəlki illərlə müqayisədə bu say azlıq təşkil edir, amma yenə də ananın ərizəsi ilə doğulan uşaqlar yetərincədir.

Misal üçün, 2013-cü ildə 14 197 nəfər uşaq tək ananın ərizəsi əsasında dünyaya gəlib. Aparılan maarifləndirmə işlərinin, keçirilən görüşlərin nəticəsidir ki, bu say ildən-ilə azalır”. Aynur xanım bildirdi ki, bu uşaqlarda sonradan bir sıra çətinliklər ortaya çıxır: “Bu çətinliklər təkcə aliment, gündəlik ehtiyacların ödənilməsi kimi məsələləri deyil, psixoloji faktorları da əhatə edir. Bildiyimiz kimi, uşaqların təlim-tərbiyəsində təkcə ana deyil, atanın da böyük rolu vardır. Ana və ata himayəsindən məhrum olan uşaqlar psixoloji cəhətdən çətinliklərlə üzləşir, müəyyən travmalar alırlar. Valideynlərdən birinin digərinin funksiyalarını icra etməsi, onu əvəzləməsi nə qədər də olsa, mümkün deyil”.

Aynur Veysəlovanın sözlərinə görə, məsələnin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır:

“Tək ananın ərizəsi əsasında dünyaya gələn uşaqlarla bağlı araşdırma aparmaq böyük təhlil tələb edir. Biz bilməliyik ki, məsələnin kökündə nə dayanır? Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu yöndə kifayət qədər maarifləndirmə işləri aparılır. Toxunulan mövzu bu gün aktual məsələlərdən biridir. Qadınların rəsmi nikah əsasında uşaq dünyaya gətirməsini daha düzgün hesab edirəm. İnsanlar uşaq dünyaya gətirməyin məsuliyyətini dərk etməlidir. Uşağın şəxsiyyət kimi formalaşması valideynlərin üzərinə düşən əsas vəzifədir”.

Məsələnin hüquqi tərəfi ilə bağlı vəkil Roman Qaraşovun fikirlərini öyrəndik:

“İlk olaraq söyləyim ki, qeyri-rəsmi nikahdan doğulan uşaqlar ciddi bir risk altındadır. Aliment, əmlak hüquqları, vərəsəlik hüquq münasibətlərinə kimi bütün məsələlər məhkəmə çəkişmələrinin içinə daxildir. Onu da deyim ki, uşağa valideynlərdən hər hansısa birinin soyadı verilə bilər. Uşağın soyadı onun hüquqlarını müəyyən etmir. Soyaddan asılı olmayaraq birinci növbədə atalıq müəyyənləşdirilməlidir. Bundan sonra həmin övlad vərəsə qismində çıxış edə, pay hüququna malik ola bilər”.

Vəkil atalığın müəyyən edilməsi məsələsinə də aydınlıq gətirib: “Bunun üçün məhkəmə tibbi ekspertiza təyin edir və DNT analizinə əsasən uşağın atalığı müəyyən edilir. Qanunvericilik uşağın atası olduğu iddia edilən şəxsdən analizin xərcinin əvvəlcədən alınmasına icazə vermir. Yəni ana uşağın atalığını müəyyən etmək üçün öncə özü vəsait tapıb klinikaya müraciət etməlidir. Labarator analizin nəticəsindən asılı olaraq ata təsdiqlənərsə, həmin xərc atadan alına bilər”.

Vəkil nikahdan kənar uşaqların dünyaya gəlməsinə səbəb olan hallara da toxundu: “Tərəflərdən birinin nikah yaşına çatmaması, ərin digər şəxslə nikahda olması və digər məqamlar nikahın rəsmiləşdirilməsinə mane olan amillər sırasındadır. Bu kimi hallarda faktiki olaraq doğulan uşaq nikahdan kənar doğulan uşaq sayılır. Ata könüllü olaraq qeydiyyat orqanına müraciət edib uşağın atası olmasını təsdiq etməlidir. Lakin bəzi hallarda atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarını qəbul etmək istəmirlər. Hətta onlar məhkəmə vasitəsilə belə uşaqdan imtina edirlər. Bu halda ananın iddiası əsasında atalığın müəyyən edilməsinə dair icraat başlanılır”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, nikahdan kənar doğulan uşaqlarda hər zaman psixoloji gərginliklər olur:

“Bizim cəmiyyətdə nikahdan kənar doğulan uşaqlara fərqli bir baxış mövcuddur. Cəmiyyət tərəfindən həmin uşaqlara qarşı sərgilənən münasibət onlarda psixoloji travmalar yaradır. Nikahdan kənar doğulan uşaqlar da bizim özümüzünküdür. Bəlkə, bu uşaqların böyük bir potensialı var və həmin uşaqlar gələcəkdə faydalı bir işlərlə məşğul olacaqlar.

Qeyri-rəsmi nikahdan doğulan uşaqlara qarşı ictimai qınağın xarakteri dəyişməlidir. İctimai qınaq o uşağı dünyaya gətirən valideynlərə qarşı olmalıdır, uşağın özünü təziq altında qoyan hansısa qınağı yolverilməz hesab edirəm. Danılmaz faktdır ki, nikahdan kənar doğulan uşaqlar böyüdükcə yaşıdları tərəfindən müəyyən təpkilərə məruz qalırlar. Həmyaşıdları tərəfindən arzuolunmayan münasibətlərlə qarşılaşan uşaq hər dəfə sarsılır. Bax buna görə deyirəm ki, həmin uşaqlara qarşı ictimai qınaq olmamalıdır”. Sosioloq onu da əlavə etdi ki, nikahdan kənar uşaqların dünyaya gəlməsini azaltmaq lazımdır:

“Çalışmalıyıq ki, nikahdan kənar uşaqların sayı çox olmasın. Bunun üçün ilk növbədə mühim addımlar atılmalı, ailənin möhkəmlənməsi yolunda çoxsaylı işlər görülməlidir. Unutmayaq ki, nikahdan kənar doğulan və ata himayəsində böyüməyən uşaqlar vahid ailə modelini görmürlər. Uşaq atadan və anadan ayrı-ayrılıqda nəvaziş istəyir. Bunu görməyən uşaq isə birtərəfli şəkildə formalaşır. Belə olan halda uşağın problemləri də çoxalır”.

Psixoloq Narınc Rüstəmova isə məsələnin psixoloji aspektini izah etdi:

“Əslində mövzu olduqca çox istiqamətlidir. Rəsmi nikaha daxil olmadan dünyaya gətirilən, ata və ana himayəsində böyüyən uşaqlar valideyn qayğısı və sevgisini hiss edir. Lakin söhbət ata himayənsindən məhrum, ata tərəfindən qəbul edilməyən, nikahdan kənar doğulan uşaqlardan gedəndə tamamilə başqa bir mənzərənin şahidi oluruq. Bu cür uşaqların istər psixi, istər zəka, istərsə də emosional inkişafında müəyyən pozulmalar özünü göstərir. Ancaq burada önəmli bir nüans da var, ananın atanı təqdimetmə forması: ata haradadır, kimdir və nəyə görə yoxdur? Əgər uşaq atasız böyüdüyü bir ailədə sevgi münasibətləri ilə qarşılaşmırsa, onda depressiv duyğular, aqressiya, davranış pozğunluğu, eyni zamanda anaya hədsiz bağlılıq, itirmək qorxusu, özgüvən əksikliyi, özünü digərlərindən aşağı pillədə görmə kimi hallar biruzə verir. Elmi araşdırmalar göstərir ki, tərk edilmişlik hissi ilə böyüyən uşaqlarda zəka inkişafı normal getsə də, amma onlarda öyrənmə çətinliyi, diqqət dağınıqlığına rast gəlinir. Eyni zamanda bu hiss onların sosiallaşma, ünsiyyət qurma bacarığına da mənfi təsir göstərir. Uşaq daim özünü yaşıdları ilə müqayisə edir, ətrafındakı yaşıdlarının onun şəxsiyyətini alçaldan zarafataları, sözləri ilə qırılır. Belə olduğu təqdirdə yaşadığı tərk edilmişlik hissi uşaqda zərərli vərdişlərə yiyələnmə, yanlış dostluqlar qurma, ətraf ilə ünsiyyəti kəsmə, özünə qapanma, bədbinləşmə kimi məqamlara yol açır”.

Narınc Rüstəmovanın fikrincə, tərk edilmişlik hissi ilə böyüyən uşaqlarda gələcəkdə asosiallıq, evlilik qorxusu, natamamlıq kompleksi, asılı şəxsiyyət pozuntuları da özünü göstərə bilir: “Bu cür uşaqların bəziləri böyüdükdən sonra ailə qurmaq istəmir. Belə hala daha çox nikahdan kənar doğulan qız uşaqlarında rast gəlinir”.

Psixoloq, həmçinin, bildirdi ki, bu o demək deyil, anoloji vəziyyətdə olan bütün uşaqlarda sadaladığı halların hər biri özünü göstərir: “Yaşadıqlarından güclənərək ayağa qalxan, özünü daha yaxşı və düzgün əməllərlə sübut etməyə çalışan uşaqların da sayı az deyil. Yəni nikahdan kənar dünyaya gələn uşaqlarda qeyd etdiyim göstəricilər yüz faizli şəkildə özünü göstərir, bunu demək düzgün olmaz. O uşaqların müəyyən qismi cəmiyyət üçün faydalı bir övladlar olurlar”.

Rövşən Tahir

Xəbər xətti