Ana səhifə
23 May 2018

«Onun çəkildiyi filmlər və oynadığı rollar qocalmır, unudulmur”

Əbdül Mahmudbəyov: “Azərbaycanın teatr, kino mədəniyyətində Leyla Bədirbəyli səviyyəsində ikinci bir ziyalı, savadlı, milli ruhlu bir  aktrisa tanımıram»

 

 

“Lelya Bədirbəyli Azərbaycanın kino mədəniyyətində bütün dövr üçün əvəzolunmaz bir nəhəng sənətkardı”

 

 

Yanvarın 30-da Binəqədi Mərkəzi Mədəniyyət evində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli teatr xadimi, Dövlət mükafatı laureatı, xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Yubiley gecəsində unudulmaz sənətkarın çəkildiyi kino-filmlərdən fraqmentlər nümayiş etdiriləcək, elm, mədəniyyət, incəsənət xadimlərinin aktrisa ilə bağlı xatirləri dinləniləcək. Sevə-sevə izlədiyimiz obrazların ifaçısı Leyla Bədirbəyli “Arşın mal alan”da Gülcöhrə, “Dəli Kür”də Zərnigar, “Asif, Vasif, Ağasif” nənə, “Bizim küçənin oğlanları”nda Leyla, «Kişi sözü»ndə Xavər “Qanlı zəmi”də kəndli qarı kimi bir çox obrazları canlandırıb.

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov dedi ki, Lelya Bədirbəyli Azərbaycanın kino mədəniyyətində bütün dövrlər üçün əvəzolunmaz bir nəhəng sənətkardır: «Leyla xanımla 20 il kinostudiyada işləmişəm. Mən kinoaktyor studiyasının bədii rəhbəri idim. Leyla xanım da orada aktrisa kimi fəaliyyət göstərirdi. «Azdrama» dağılandan sonra böyük aktyorların hərəsi bir tərəfə getdi. Leyla xanım isə yaradıcılığını kinostudiyada davam etdirdi. Çox qəribədir ki, Azərbaycanın teatr, kino mədəniyyətində Leyla Bədirbəyli səviyyəsində ikinci bir ziyalı, savadlı, milli ruhlu bir aktyor və aktrisa tanımıram. Bəzi aktyor və aktrisalarımız vardı ki, böyük sənətkar idilər, amma Leyla xanım kimi cəmiyyət qarşısına çıxılacaq çox az sənətkarımız vardı. O tariximizdən, mədəniyyətimizdən, teatr-kino mədəniyyətimizdən, ümumiyyətlə, Azərbaycan xalqının dünənindən, bu günündən çox yüksək səviyyədə danışa bilirdi, ideolgiyası vardı. Buna görə də Leyla xanımın xidməti əvəzsizdir. Onun oynadığı obrazlar, çəkildiyi filmlər göz qabağındadır. 50 ildir ki, tamaşaçılar onu izləyirlər. Ən yaxşı hal da odur ki, Leyla xanımın çəkildiyi filmlər və oynadığı rollar qocalmır, unudulmur. Onun çəkildiyi filmlərə baxdıqca baxılır. Aktyorun oynadığı obrazlar unudulmayanda, aktyor da yaşayır və müqəddəs olur. O dövr kino tariximiz üçün intibah dövrü idi və kinomuzun inkişafında əməyi olan sənətkarlarımızdan biri də rəhmətlik Leyla xanım idi. Leyla xanımı unutmaq Azərbaycan kinosunu unutmaq deməkdir”. Ə.Mahmudbəyov onu da dedi ki, L.Bədirbəyli onun rejissorluq etdiyi iki filmdə - “Dəli kür” və “Qanlı zəmi”də çəkilib: “Kino mədəniyyəti, həm də yüksək intellekt mədəniyyətidir. Adi aktyoru yüksək səviyyəli, mədəni, intellektual səviyyəli aktyorla yanaşı qoysaq onların istedadlarını görərik. Leyla xanım şəxsiyyəti, siması, oturuşu, duruşu və yaradıcılıq dəst-xətti ilə digər aktrisalardan seçilir. Aktyor ilk növbədə insanlar arasında şəxsiyyət kimi qəbul olunmaldır və hər kəsdən seçilməlidir. Bu keyfiyyətlər Leyla xanımda vardı”.

 

Rəqsanə

Tarix
22 Yanvar 2015 [08:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin