“Qızılgül olmayaydı, saralıb solmayaydı”- Bu gün Rəsul Rzanın doğum günüdür

11:21 - 19 May 2020 - Ədəbiyyat

Rəsul Rza elə sənətkarlardandır ki, onların yaradıcılığının qocalmaq və ya kasıblamaq qorxusu yoxdur. Əksinə, o daim zənginləşir və dünən nail olduğuna bu gün müdriklik, təmin, müasir hadisələri düzgün qiymətləndirmək bacarığı əlavə olunur.
 Qara Qarayev 
                                                                                                                                                                 

Yetmiş bir il...

XX əsr Azərbaycan şerinin ən görkəmli nüməyəndələrindən biri olan Rəsul Rza 1910-cu il mayın 19-da Göyçayda anadan olmuşdur. İbtidai təhsilini Göyçayda almış, daha sonra təhsilini Tiflisdə davam etdirmişdir. 1927-1928-ci illərdə Tiflisdə Zaqafqaziya Kommunist Universitetinin kooperasiya şöbəsində oxuyarkən şeir və heyakələr yazmışdır. Şairin ilk mətbu əsəri “Qığılcım” jurnalında çıxan “Bu gün” adlı şeiridir. Tiflisdə təhsilini başa vurduqdan sonra Rəsul Rza 1930-cu ildə dostu Abdulla Faruqla birlikdə Bakıya gəlmiş, burada “Gənc işçi” qəzetində çalışmışdır. 1932-ci ildə ilk şeirlər kitabı olan “Çapey”i nəşr etdirmişdir. Məhz bu kitabda yer alan “Bolşevik yazı” şeiri onun yaradıcılıq manifesti kimi qəbul olunur. “Çapey” kitabının ardınca şair 1935-ci ildə “Qanadlar”, 1939-cu ildə isə “Çinar” şeirlər kitabını dərc etdirmişdir. 1938-1939-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1946-49-cu illərdə isə kinomatoqrafiya naziri kimi yüksək vəzifələrdə çalışmışdır. Onu da əlavə edim ki, müharibə illərində şair hərbi jurnalist kimi də fəaliyyət göstərmişdir. 1960-cı ildə Xalq şairi adına layiq görülmüşdür. Şair 1981-ci ildə vəfat etmişdir.

Qılınc kimi kəskin poeziya...

Rəsul Rza poeziyada novator şair, milli şeirin islahatçısı, sərbəst şeir vəzninin inkişafında xidmətləri olan şairdir. Qeyd edim ki, 1920-ci illərə qədər Azərbaycanda sərbəst vəzn olmamışdır. Lakin 20-ci illərdən başlayaraq bir neçə ədib sərbəst vəzndə şeirlər yazmağa başladılar, o cümlədən də Rəsul Rza. Hətta deyim ki, Rəsul Rza sərbəst vəzndə ardıcıl yazıb-yaradan bir şair olmuşdur. Yaradıcılığının ilk dövrlərində müxtəlif mövzuda olan şeirlər yazmış, həmçinin hekayə və oçerk kitabları dərc etdirmişdir. 1930-40-cı illərdə qələmə aldığı əsərlərdə beynəlxalq mövzu üstünlük təşkil etmişdir. Antifaşist, antiimperialist ruhlu bu əsərlər Azərbaycan ədəbiyyatında siyasi lirikanın ən gözəl nümunələri hesab olunur.

1950-60-cı illər şairin yaradıcılığında xüsusi bir mərhələni təşkil edir. Məhz bu dövrdə Rəsul Rzanın yaradıcılığında əsas mövzu insan, onun aləmi, düşüncələri olmuş, yazdığı şeirlərində fəlsəfi lirizm hakim yerdə dayanmışdır. 70-80-cı illərdə şair bu mövzuda çoxsaylı əsərlər yazmış, müxtəlif kitablar dərc etdirmişdir. Onun “Vaxt var ikən”, “Duyğular, düşüncələr”, “Pəncərəmə düşən işıq” kitablarında qələmə aldığı ən gözəl fəlsəfi şeirləri yer almışdır.

Rəsul Rzanın fəlsəfi lirika baxımından ən gözəl şeirlərindən biri metaforik obrazlarla zəngin “Mən torpağam” şeiridir:

Mən torpağam, məni atəş yandırmaz,
Tərkibimdə kömürüm var, külüm var.
Mən baharam, çəmən-çəmən
Çiçəyim var, gülüm var.


Şeirdə şair lirik qəhrəmanı olan insanı torpağa, bahara, buluda bənzətməklə insanla təbiətin vəhtədini yaratmış, onların bütövlüyünü göstərmişdir. Gücü, qüdrəti ilə bu lirik personaj sadəcə təbiətin bir parçası olmadığını, həm də hərəkətdə, fəaliyyətdə olan bir insan obrazını özündə əxz edir.

Rəsul Rzanın yaradıcılığında “İnsan şəkli” əsəri də mühüm yer tutur. Şairin burda da lirik qəhrəmanı insandır. Lakin bu insan digər insan obrazlarından fərqlənir. Ümumbəşəri bir obraz kimi bu qəhrəman bütün dövrlərin və xalqların mənəvi dünyasını, sevinclərini, əzablarını özündə cəmləşdirir. Belə ki, əqidəsindən dönməyən Nəsimini, tonqalda diri-diri yandırılan Cordano Brunonu, Nikolay Qastellonu bu insan obrazı tamamlayır.

Şairi insan, onun taleyi kimi məsələlər hər zaman düşündürmüşdür. Bu qəbildən olan “Bir gün də insan ömrüdür” poemasında Rəsul Rza düşüncələrini başqa bir səpkidə əks etdirmiş, “Dünyanın sevincinin niyə az, möhnətinin isə niyə çox olması” kimi suallara cavab axtarmağa çalışmışdır.

Rəsul Rzanın bir sıra poemaları xalqımızın mədəniyyət tarixində mühüm rol oynamış böyük şəxsiyyətlərə həsr olunmuşdur. Onun M.Ə.Sabirə dair qələmə aldığı “Xalq şairi”, N.Nərimanova ünvanladığı “Xalq həkimi”, İ.Nəsimiyə yazdığı “Son gecə” əsərləri məhz dediklərimin əyani sübutudur. Rəsul Rza Məhəmməd Füzuli haqqında da poema yazmaq istəmiş, lakin “Füzuli” adlanan bu poemasını tamamlaya bilməmişdir. Onun yaradıcılığında xüsusi yer tutan əsərlərdən birini də “Qızılgül olmayaydı” poeması təşkil edir.

Başdan-başa xatirələr və ya “Qızılgül olmayaydı”...

1937-ci il repressiya dövrü hadisələrinə həsr olunan “Qızılgül olmayaydı” poeması gözəl şairimiz Mikayıl Müşviqin 60 illik yubileyi münasibətilə yazılmışdır. Başdan-başa xatirələrlə zəngin olan bu əsərdə Müsfiqin faciəli həyatı geniş şəkildə öz əksini tapmışdır. Poema gecə R. Rzanın qapısının döyülməsi, Mikayıl Müşfiqin həyat yoldaşının gəlişi ilə başlayıb, gələcəyə inam hissi ilə tamamlanır. Qırmızı terror mövzusunda yazılmış bu əsər mürəkkəb bir zamanın ziddiyyətlərinin bədii həlli, müasir oxucuya o dövrdə baş verən ağlasığmaz hadisələr barəsində məlumatlar vermək baxımından çox qiymətlidir. Rəsul Rzanın poetik təhkiyə tərzinə məxsus deklamasiya ruhu bu poemada olduqca qabarıqdır. Şairin dostu barədə ağır və səmimi etiraflarının öz əksini tapdığı “Qızılgül olmayaydı” poemasında həmçinin “Oxu tar” şeirindən də bəhs edilir:

Oxu tar, oxu tar!
Səni kim unudar?!


Rəsul Rza bu əsərdə Müşfiq barəsində o qədər aydın fikirlər səsləndirib ki, oxuduqca Müşfiqin portreti insanın gözü önündə canlanır. Xatirələrinə yer verərkən Rəsul Rza qeyd edir ki, görüşlərdən birində bir dəfə qoca bir nefçti səhnəyə çıxıb Müşfiqin gözlərinə baxır, onu bağrına basıb öpür və sevincdən yaşaran gözləri ilə onun “Oxu tar, oxu tar!” sözlərini təkrar edir.

Rəsul Rza poemada Müşfiqlə ayrılıq gününə qədər, eləcə də ondan sonra olan hadisələri qələmə almışdır. Müşfiqin əsərlərini göz qabağından götürməsinə, şəkillərini, məktublarını anasının canamazında gizlətməsinə qədər olan hər bir şeyi incəliyi ilə elə təsvir edib ki Rəsul Rza, əsəri oxuduqca kövrəlməmək qeyri-mümkündür.

Şair əsərdə özünün nikbinliyini də açıq şəkildə biruzə vermişdir. Mikayıl Müşfiqin əsərlərinin artıq dillər əzbəri olduğunu, Mikayıl imzalı nəğmələrin dodaqlarda gəzdiyini yazan Rəsul Rza sonda yenidən sarı simə toxunmuş və əsəri tamamlamışdır. Bu yerdə elə mən də Rəsul Rzaya xitabən fikrimi tamamlayıram. Doğrudan da, şair, kaş ki:

“Elin qəmli gəlini,
Qızılgül olmayaydı,
Saralıb solmayaydı”.


Rövşən Tahir

Xəbər xətti