Çində yenidən sərt karantin rejimi tətbiq olundu

06:22 - 19 May 2020 - DÜNYA

Çin hökuməti ölkənin şimali-şərq hissəsində yerləşən Tszilin əyalətinin Şulan şəhər qəzasının yaşayış rayonlarını karantinə bağlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Buna səbəb mayın 7-dən indiyədək Şulan qəzasında 19 nəfərdə koronavirusun aşkarlanması olub. Bundan əlavə, həmin şəxslər daha 535 nəfərlə ünsiyyətdə olublar.

Bununla əlaqədar olaraq, yoluxma hallarının qeydə alındığı yaşayış rayonlarında mayın 18-i saat 12:00-dan etibarən administrasiyanın icazəsi olmadan sərbəst hərəkətə qadağa qoyulması ilə sərt profilaktik tədbirlər tətbiq olunub. Yerli mağazalar və supermarketlər karantində olan sakinlər üçün lazımi məhsulların çatdırılmasını təşkil edəcəklər.

Qeyd edək ki, ən son məlumatlara əsasən, Çində 82 954 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 238 nəfər sağalıb. Tibb müəssisələrində 82 pasiyentin müalicəsi davam etdirilir, onlardan 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Xəbər xətti