Ana səhifə
22 May 2018

Möhlət Müslimov: “Mən o zamanlar bunlara necə dözmüşəm?”

Xalq artisti Möhlət Müslimovun Gün.Az-a müsahibəsi:

 

Ucnoqta.az həmin müsahibəni tqdim edir:

 

- Möhlət müəllim, ən azı 35 ildən çoxdur ki, bu sənətdəsiniz, tar sənətinin ustad sənətkarlarındansınız. Heç ötən bu illər ərzində olubmu ki, tardan, bu sənətdən bezəsiniz, deyəsiniz ki, “artıq bəsdir, tarı yerə qoyuram”...

- Qətiyyən, tardan heç zaman bezməmişəm, tardan uzaqlaşmağı bir an belə düşünməmişəm. Ancaq siz də yaxşı bilirsiniz ki, bizim sənət, sənət mühiti çox çətindir. Bəzən olub ki, həmin mühitdən, o atmosferdən, bu sənətdə olan adamlardan yorulmuşam, bezmişəm.

 

Əvvəl bir anlığa fikirləşmişəm ki, ayrılım bu sənətdən, amma görmüşəm yox, tardan ayrılmamış heç bacarmıram, özümü tardan ayrı təsəvvür edə bilmirəm. Ürəyimin az qala partlamağı gəlib ki, yox, mən ayrıla bilmərəm bu sənətdən. Ancaq istəyir həyatda, istəyir sənətdə çox çətinliklər gördüm, çox.

 

İstəyir uşaqlıq dövründə, istəyir sənətə gəldiyim dövrdə, istəyir elə o durğunluq illərində, ötən əsrin 80-90-cı illərində. Ancaq bu çətinliklərə çox dözdüm. Dözdüm və şükür Allaha ki, indi bu gün onun, çətinliklərə dözməyin səmərəsini də gördüm.

 

“Mən ailəmi, qoca atamı-anamı atım, gedim xaricə nə var ki, ehtiyac içindəyəm?”

- Yəni, dözməyə dəyərmiş...

 

- Dəyərmiş. Bir zamanlar maşın sürməyə belə benzin pulum yox idi. Mənə işlər təklif olundu, özü də xaricdə - qəşəng, gəlirli işlər... Hansı ki, mənim tanıdıqlarımın, sənətdəki dostlarımın çoxu çıxıb getdi, amma mən getmədim.

Gedə də bilməzdim. Biz bir bacı, bir qardaş idik. Ailənin yükü, məsuliyyəti də bir növ mənim üzərimdəydi. Mənə Türkiyədə gedib işləmək, İsraildə qalıb işləmək təklif olundu. İsraildə qastrolda idim, saxlayırdılar məni. Kanadada saxlayırdılar məni. Ancaq mən bu təkliflərdən, ehtiyac içində yaşasam da, imtina etdim. Bir də ki, mən çox bağlıyam evə-eşiyə, elimə, torpağıma.

 

Bir də o gəlirdi gözümün qabağına ki, Allah uzaq etsin, birdən atama-anama bir şey olar, niyə onlar başqalarının çiynində dəfn olunsun? Mən ailəmi, qoca atamı-anamı atım, gedim xaricə nə var ki, ehtiyac içindəyəm? Mən bunlarla barışa bilməzdim və bilmirdim. Yenə deyirəm, həmin təklifləri qəbul edib, oralarda qalsaydım, hər şeyi əldə edib, bütün karyeramı düzəldərdim.

 

“Səhər dururdum, görürdüm ki, qazımız yox, işığımız yox, maddiyyatımız zəif...”

Həm də mənə bir müəllim kimi tələbat var idi. Türkiyənin Əskişəhər, Bursa şəhərlərində tara böyük maraq vardı. Məni dəvət etdilər ki, gəl burda işlə. Özü də mənə yaxşı - yüksək məvacibli iş təklif etmişdilər, ancaq getmədim, qaldım, dözdüm burada.

 

Bilirdim ki, özü də məni burada yaxşı günlər gözləmir. Çox çətin illər idi, ulu öndər gəlməmişdi onda hakimiyyətə. Çox çətin idi, çətin şəraitdə yaşayırdım. Səhər dururdum, görürdüm ki, qazımız yox, işığımız yox, maddiyatımız zəif... İndi hərdən fikirləşirəm ki, mən o zamanlar bunlara necə dözmüşəm? Bir anlıq ürəyim partlamağa gəlir ki, insan da bu qədər zülmə dözər? Amma yenə də deyirəm, deməli, dözməyə dəyərmiş...

 

“Dünyada bizim xalqın ikincisi yoxdur ki, sənətkarını həmişə qoruyub saxlayıb. O dövrdə bir neçə nəfər var idi, heç tanımırdım, ancaq görürdüm ki, maşın gəldi qapımıza, maşından ərzaq düşürdülər, çıxıb getdilər...”

 

- Həyat elədir ki, insanları, ətrafındakıları tez, qısa zaman kəsiyində tanımaq olmur. Yəni, insanları daha çox çətin, ağır günlərdə tanımaq olur, bilinir ki,  kim kimdir. Bu baxımdan, həmin çətin günlərinizdə sizə əl tutan tanışlarınız, sənət dostlarınız çox oldu, yoxsa?..

- Sənət adamlarından tək-tək elə əl tutan olur. Amma mən haradasa onu hiss etdim. Onda mən bir az gənc idim, bilmirdim o nə demək idi. Mən eşidirdim ağsaqqallardan ki, filan sənətkarı xalq dolandırır, qoymurlar acından ölməyə.

 

Doğrudan, qoy onu da qeyd edim, dünyada bizim xalqın ikincisi yoxdur ki, sənətkarını həmişə qoruyub saxlayıb. O dövrdə bir neçə nəfər var idi, heç tanımırdım, ancaq görürdüm ki, maşın gəldi qapımıza, maşından ərzaq düşürdülər, çıxıb getdilər. Həmçinin, məni küçədə görürdülər hörmət edirdilər. Bilirdilər ki, vəziyyətimiz ağırdır, xüsusilə, sənətkarların vəziyyəti. Sonra bilirdim ki, mənim sənətimi istəyən adamdır, vurğunu olub sənətimin, gəlib məni tapıb, kömək əlini uzadıb.

 

Sonradan tanımışam o adamların çoxunu...

Yenə deyirəm, mən doğrudan da çox bağlıyam öz xalqıma. Mən dünyanı – 40-dan çox ölkəni gəzmişəm. Elə ölkə var ən azı 15 dəfə təkrar orada olmuşam.

 

Belə götürəndə 200-dən artıq xarici dövlətdə olmuşam, orada heç kimin ağlına gəlməyən o komfortu görmüşəm, burada olmayan da o şeyləri gedib xaricdə görmüşəm. Bütün o naz-neməti, o geyimi...

 

Yaxşı mənada həsəd aparmışam ki, niyə bizdə də bunlar yoxdur, niyə bizdə belə istilik, filan yoxdur? Orada qala bilərdim, amma istəmədim. İstəmədim, darıxdım o toz-torpaqlı, o işıqsız, qazsız kəndimiz, elimiz-obamız üçün. Mən kəndə bağlı adamam.

 

Müsahibələrimdə də hərdən deyirəm ki, mən birdən-birə bu yerə, bu zirvəyə gəlib çatmamışam. Biz dədə-babadan tərəkəmə olmuşuq. Mən uşaqlıqda atama çox kömək edirdim. Balaca uşaq idim, tək oğlanıydım, amma atama əl tuturdum, atama kömək etməsəydim, axı o, çox çətinlik çəkərdi...

 

“Mənim 10-12 yaşım var idi, ancaq mən qoyunu kəsirdim, soyurdum, asırdım, parçalayırdım...”

Çünki atam həm fəhlə işləyirdi, həm heyvandarlıqla məşğul olurdu, qəssablıq edirdi. Mənim 10-12 yaşım var idi, ancaq mən qoyunu kəsirdim, soyurdum, asırdım, parçalayırdım, bu şeylər də gəlirdi əlimdən. Mən o dövrdə elə bilirdim ki, o tarla bərabər bu da olmalıdır...

 

Ona görə indi başa düşürəm ki, nə yaxşı ki, onları o dövrdə yaşamışam, öyrənmişəm. Əsl kişi işi elə-belə olmalıdır. Dözdüm də, Allah da səbir edən bəndəsini çox istəyir. O vaxt bir ilin içində dörd dəfə pasportuma viza vurulurdu. Dörd xarici ölkə, onun ikisi Amerika idi.

 

Mən də gözümü dikmişdim ki, ora gedəcəyəm, sonra yaxşı pulla qayıdıb burada nəsə edəcəm. Ancaq onlara da elə bil ki, nəfs qaldı, dördü də alınmadı, getmədim.

 

Ancaq mən başladım şükür etməyə, şükür ay Allah ki, olmadı, alınmadı. Mənim dost-tanışım gülürdü ki, sənin o qədər səfərlərin, pulun-paran əlindən çıxıb, ancaq sən şükür edirsən. Sən deməlisən ki, niyə olmadı.

 

Dedim, yox, mən ona şükür etmişəm və edirəm ki, alınmadı. Çünki onun da bir yaxşı cəhəti var... Yaxşı bir cəhəti var ki, alınmayıbsa, deməli, bu, xoşbəxtlikdən alınmayıb. Alınıbsa, deməli, sənin qismətin budur, o bir parça çörək sənə çatmalıdır...

 

“Heç vaxt varlı uşaq, təmtəraqlı yaşayan bir uşaq gəlib gündə 10 saat, 12 saat tar çalmaz”

 

- Dediyiniz kimi, çox çətin, ağır günlər görmüsünüz, yaşamışınız. Bəs özünüz necə, bu gün çətinlik çəkən insanlara, xüsusilə də sənətdə olanlara, sənətə yeni qədəm basanlara kömək edir, əl tutursunuzmu? 

- Əvvəla, heç vaxt varlı uşaq, təmtəraqlı yaşayan bir uşaq gəlib gündə 10 saat, 12 saat tar çalmaz. Ehtiyac içində olanda, çətin dolananda və yaxud bu sənəti sevirsənsə, həm ehtiyacın var, həm bu sənətin vurğunusan, o zaman gəlirsən oturursan, sevirsən bu aləti.

 

Bu alət məşqi sevir. Mən özüm sutkanın ən azı 12 saatını tar çalırdım. Əgər bu gün istedadlı bir gənc mənim yanıma  gəlirsə, özü də deyim ki, çox müraciətlər olur, əgər onda mən o sevgini, o yanğını, o qabiliyyəti görürəmsə, o zaman öz həyat yolum, öz uşaqlığım kino lenti kimi keçir gözümün qabağından, mən ona kömək edirəm və götürürəm onu öz yanıma, sinfimə. 

 

Özü də onlara tək elə muğamı, tarı öyrətmirəm, onlara həm də o həyat tərzini öyrədirəm.

 

“İstedadlı olub özünü dağa-daşa vuran uşaqlar, gənclər var ki, onlara hər zaman kömək etmişəm və etməyə də hazıram”

 

Görürsən tələbə var ki, gəlir mənimlə danışır ki, müəllim gecələr işləyirəm, maaş alıram, gündüzlər oxuyuram, yəni yatmır, gecikir dərsə.

 

Mən də belə tələbələrə əsl kişi kimi baxıram. Çünki kişi öz çörəyini kişi kimi qazanmalıdır. Görürəm ki, hələ 20 yaşı var, ancaq gecələr yatmır, işləyir, gündüzlər oxuyur, onda mən bir az da onu həvəsləndirirəm.

 

Görürəm ki, onda bədbinlik var, ruh düşkünlüyü var, deyirəm, yox, sən əla çalacaqsan, eybi yoxdur, mənim də başıma gəlib. Əvvəllər mən də sutkada bir saat, iki saat yatırdım, tələbə idim, Konservatoriyada oxuyurdum. O rayondan bu rayona gəlirdim, bütün yolu yatmırdım, gedirdim dərsə, dərsdən çıxıb işə gəlirdim, axşam toya gedirdim, məclisə gedirdim, mənim də elə günlərim olub. Yəni, istedadı olub, özünü dağa-daşa vuran uşaqlar, gənclər var ki, onlara hər zaman kömək etmişəm və etməyə də hazıram.

 

“Cavan vaxtı üzümə deyirdilər ki, səndən yoxdur, məni gülmək tuturdu, gəlib oturub deyirdim ki, əşşi, mən nəyəm ki, bəlkə məni dolayırlar...”

 

- Yeri gəlmişkən, oğlunuz Rüstəm Müslimov da sizin sənətin davamçısıdır və gənc olmasına baxmayaraq, öz həmkarları, öz həmyaşıdları arasında öz ifası, öz üslubu ilə seçilənlərdəndir. Belə olan halda, atalar məsəlində deyildiyi kimi, “iki qoçun başı bir qazanda necə qaynayır”?

- Yox, mənim oğlumun hələ qoç olmağına çox var (gülür). Onunla ata-bala dostuq, amma onunla o qədər mübahisələrim olub, onu bəzən o qədər danlayıram ki, heç kim inanmaz ki, mənim öz oğlumdur.

 

Əvvəl ona deyirəm ki, mən səni həm də ona görə danlayıram ki, qoy bunu o yad adamlar da görsünlər, onlar da nəticə çıxarsınlar. Mən özüm gənc vaxtı, uşaq vaxtı tərifdən çox tənqidi sevmişəm.

 

Mən tərifi qəbul edə bilmirəm. İndi də məni tərifləyirlər, cavan vaxtı da. Cavan vaxtı üzümə deyirdilər ki, səndən yoxdur, məni gülmək tuturdu, gəlib oturub deyirdim ki, əşşi, mən nəyəm ki, bəlkə məni dolayırlar...

 

Qoy mən oturum təzədən öz üzərimdə işləyim. 20-25 yaşım var idi, efirə çıxıb bir mahnı, muğam ifa edirdim, çalırdım, dərhal tərifləyirdilər.

 

Gəlirdim evə, özüm ona dəfələrlə qulaq asırdım, təzədən bir az da onun üstündə işləyirdim. Amma indi elə deyil, bir az fərqlidir gənclik. İndi birini bir balaca tərifləyən kimi, görürsən az qala yerişini itirə.

 

“Təvazökarlıqdan kənar olmasın, amma bunu deməliyəm, bu dəqiqə 90 faiz məni təqlid edir...”

 

Bəzən görürsən kimsə səhərdən-axşamacan məni efirdə-ekranda təqlid edir, öz yolu yoxdur, bu, düzgün deyil, axı?!  Təvazökarlıqdan kənar olmasın, amma bunu deməliyəm, bu dəqiqə 90 faiz məni təqlid edir.

 

Gəncliyim vaxtı rəhmətlik Səxavət Məmmədovla çaldığım kasetləri yığırlar, oturub ona qulaq asırlar, sonra da məni təqlid edirlər. Bu pencək mənimdir də, onu oğurlamaqla deyil ki? Onun bir az orasın-burasın əyməklə olmur ki, bilinir axı kimə məxsusdur?! Mən bilirəm ki, bu mənim əynimdə olub. Yəni, təqlid də belədir...

 

Sonra mən də məcbur olub bunlara dil-ağız edirəm ki, əla çaldın, yaxşı çaldın, gözləyirəm ki, desin ki, sizin yolunuzla gedirik, amma görürəm heç nə demirlər, əksinə, bir az da özlərini başqa cür aparırlar. O zaman deyirəm, ay Allah, bunlar yəni, qabağa gedə bilərlər? Belə şey olmaz axı?!

 

“İndi də tələbələrə deyirəm ki, bu, Əhsən Dadaşovun barmağıdır, xalıdır, bu, Qurban Pirimovun mizrabıdır, bu, Hacı Məmmədovun texnikasıdır, bu, Bəhram Mansurovun barmağıdır...”

 

Mən indi də dərs keçəndə tələbələrə deyirəm ki, bu, Əhsən Dadaşovun barmağıdır, xalıdır, bu, Qurban Pirimovun mizrabıdır, bu, Hacı Məmmədovun texnikasıdır, bu, Bəhram Mansurovun barmağıdır və sair. Hamısını aşılayıram tələbələrə. Ancaq görürsən ki, səhərdən-axşamacan şəkil çəkirlər, mən onlara şəkil çəkən deyirəm.

 

Mən indi sizinlə bədahətən danışıram, amma bir vaxtlar - sovet vaxtı çıxışımızı əvvəldən yazırdıq, çıxıb onu üzündən oxuyurduq  ki, problem olmasın, yəni, bundan artıq söz deməyək. İndi artıq belə deyil, biz hər mənada sərbəstik, azadıq. Yəni, demək istəyirəm ki, bu sənətlə ciddi məşğul olmaq istəyirsənsə, o zaman öz yolun olmalıdır, öz ifa tərzin olmalıdır, onu-bunu təqlid etməklə sənəti  yola verməməlisən...

 

“Adamlar, ifaçılar var ki, görürsən qapıdan qovursan, bacadan içəri girirlər...”

 

- Oğlunuzdan həm bir övlad, həm də bir sənətçi kimi razısınızmı?

- Həm razıyam, həm də narazı. Təbii ki, bir övlad kimi oğlumdan çox razıyam, hər şeyin yerini biləndir. Amma narazılığım əsasən onun tənbəlliyi ilə bağlıdır. Sənətlə bağlı bir az tənbəlidir. Düzdür, istedadlıdır, tar da ona yaraşır, gərək tar da ifaçıya, tarzənə yaraşsın, bu da vacib şərtdir, amma gərək çox işləsin, üzərində çox çalışsın.

 

Adamlar, ifaçılar var ki, görürsən qapıdan qovursan, bacadan içəri girirlər... Mən heç bunu da arzu etməzdim, amma yenə də deyirəm, bu sənət çətin, ağır sənətdir, tək istedadla, qabiliyyətlə iş bitmir, gərək bir az da belə demək mümkünsə, üzlü, əzmkar, çalışqan olasan, ruhdan düşməyəsən, heç bir çətinlikdən çəkinməyəsən. Yalnız bu zaman sənətdə iz qoya bilərsən...

Tarix
21 Yanvar 2015 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin