Ana səhifə
20 Sentyabr 2018

Nazirlikdə geniş iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

 

Ucnoqta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirib, bu uğurlarda dövlət proqramlarının, o cümlədən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın rolunu qeyd edib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, inkişafın qeyri-neft sektoru hesabına təmin edilməsi, maliyyə ehtiyatlarının artırılması, növbəti illərdə büdcə xərclərinin daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəldilməsi, bu ilin sonuna qədər Dövlət İnvestisiya Proqramının təsdiq edilməsi, xidmət sektorunun inkişafı, Cənub Qaz Dəhlizi layihəsinin icrasına Azərbaycan şirkətlərinin podratçı qismində cəlb edilməsi, sosial sahəyə böyük diqqət göstərilməsi, işsizliyin tamamilə aradan qaldırılması və s. barədə tapşırıqlar verib. Azərbaycan Respublikasının Prezidenti çıxışında növbəti 2-3 il ərzində əsas infrastruktur layihələrinin icrasının başa çatdırılması, su-kanalizasiya layihələrinin həyata keçirilməsi, kənd yollarının, yeni məktəblərin tikintisi, qəzalı vəziyyətdə olan təhsil müəssisələrinin təmir edilməsi, bütün şəhərlərdə müasir avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərinin yaradılması, Bakıda və bölgələrdə yeni bağçaların tikintisinin davam etdirilməsi kimi mühüm vəzifələr müəyyənləşdirib.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı sənayenin Azərbaycanın gələcək inkişafında prioritet sahələrdən olduğunu vurğulayaraq, alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı, sənaye klasterlərinin yaradılması prosesinin davam etdirilməsi, Azərbaycan İnvestisiya Şirkətinin bu sahədə yaxından iştirakı və xarici investorların cəlb edilməsi, idxalda üstünlük təşkil edən inşaat materiallarının istehsalının genişləndirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Prezident İlham Əliyev bu ilin sonunadək Şəmkirçay su anbarının istifadəyə verilməsini, yeni torpaq sahələrinin dövriyyəyə buraxılmasını və bu torpaqlarda görüləcək işlərin əvvəlcədən planlaşdırılmasını, yetişdiriləcək məhsulların müəyyənləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsini vəzifə olaraq qarşıya qoyub.

Ş.Mustafayev diqqətə çardırıb ki, dövlət başçısı tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, ənənəvi və yeni bazarlara daha böyük həcmdə məhsulların çıxarılması, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı üçün yaranmış yeni imkanlardan səmərəli istifadə edilməsinə dair bir sıra tapşırıqlar müəyyənləşdirilib.

Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsi davam etdiriləcək və birinci hissə gələn ilin yayına qədər yekunlaşdırılacaq.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib.

Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran məsələlər, sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri və inkişaf perspektivləri, dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli fərmanından irəli gələn vəzifələr və görüləcək işlərə dair hesabat məruzələr dinlənilib.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülmüş işlər barədə məlumat verən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Konsepsiya çərçivəsində 166 strategiya, konsepsiya, dövlət proqramı, tədbirlər planı, milli fəaliyyət proqramı və digər sənədlərin hazırlanması nəzərdə tutulur. Artıq 21 sənəd təsdiq olunmuş, 31 sənəd layihəsi razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib, 38-i razılaşdırılma mərhələsindədir, digər sənədlər üzrə işlər isə başa çatdırılmaqdadır. Ümumilikdə, İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin icrası müəyyənləşdirilmiş qrafik üzrə davam etdirilir.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlət başçısının tapşırığına uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracın genişləndirilməsi və s. sahələrdə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə hesabat verib.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli fərmanından irəli gələn vəzifələr və görüləcək işlərə dair hesabat verərək qeyd edib ki, sənaye məhəllələrinin təşkili üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilib, “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanaraq, aidiyyəti üzrə dövlət qurumlarına təqdim edilib. Hazırda Nazirliyin əməkdaşları respublikanın müxtəlif bölgələrində sənaye məhəlləsinin yaradılması imkanlarını araşdırır.

Kollegiya iclasında “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Samir Cəfərov Səhmdar Cəmiyyətin fəaliyyətinin təşkili sahəsində görülən işlərə dair məlumat verib.

İclasda gündəlikdə olan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin olunması barədə müvafiq qərarlar qəbul edilib.

 

Tarix
13 Oktyabr 2014 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin