Bakıda qoyun sürüsü oğurlanıb

16:48 - 15 May 2020 - HADİSƏ

Son günlər Azərbaycan paytaxtında daxili işlər orqanları tərəfindən şəxsi əmlak oğurluğu ilə bağlı 20 fakt qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. İyirmi oğurluq faktından səkkizinin üstü açılıb. Bundan əlavə, Daxili İşlər Nazirliyinin paytaxt bölmələri daha əvvəl üç şəxsi əmlak oğurluğunun üstünü açıblar.

Belə ki, mayın 14-də Suraxanı rayonunun Əmircan qəsəbəsində 1964-cü il təvəllüdlü Nərgiz Tapdıqova qarət edilib. Naməlum şəxs pəncərənin dəmir barmaqlıqlarını qıraraq, qadının evinə daxil olub. Bu yolla 6 000 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Mayın 14-nə keçən gecə naməlum şəxslər tövlə qapısının kilidini sındıraraq, 1978-ci il təvəllüdlü Şüvəlan qəsəbə sakini Fuad Qəhrəmanova məxsus, ümumi dəyəri 4 400 manat olan qoyun sürüsünü oğurlayıblar.

Sabunçu rayonunun Balaxanı qəsəbəsində isə 1962-ci il təvəllüdlü Ceyhun Xeyrullayevə məxsus mağazanın qapısının kilidini qıran cinayətkarlar oradan 2 700 manatlıq ərzaq məhsulları və televizor oğurlayıblar.
Binəqədi rayonunda naməlum şəxs 1973-cü il təvəllüdlü Rəsulzadə qəsəbə sakini Aida Həsənovanın evinə girərək, 1 000 manat pul və eyni miqdarda qızıl-zinət əşyaları oğurlayıb.

Bir sıra xırda oğurluqlar da qeydə alınıb. Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti