Ana səhifə
19 Sentyabr 2018

Muzeyi sökülmək təhlükəsi gözləmir - FOTOLAR

Səməd Vurğunun toyu Abdulla Şaiqin evində olub

 

 

Yaradıcılığı, fəaliyyəti ilə yaşadığı dövrdə və dünyasını dəyişdikdən sonra xalq üçün xüsusi önəm kəsb edən insanlar var. Belə şəxsiyyətlərin yaradıcılığı ilə maraqlanan insanlar həmin şəxsiyyət haqda bütün məlumatları əldə etməyə səy göstərirlər. Bunun üçün ən yaxşı ünvan onların ev muzeyləridir. Haqqında məlumat alıb, yaradıcılığı, şəxsi əşyaları, əlyazmaları ilə tanış ola biləcəyimiz şəxsiyyətlərdən biri də Azərbaycan əbiyyatının klassiki, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas Abdulla Şaiqin Mənzil Muzeyidir. Ərazidə aparılan söküntü işlərilə əlaqədar muzeyin yerləşdiyi ünvanı gec tapdıq. Bu an bir sual yarandı ki, muzeyi də sökülmə təhlükəsi gözləyirmi? Elə ilk olaraq bizi qarşılayan muzeyin direktoru Ülkər Talıbzadədən bu suala cavab almağa çalışdıq. O bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyində söküntü işləriylə bağlı komissiya yaradılıb. Bu ərazidə yerləşən, Nazirliyin xüsusi siyahısına daxil olan mədəniyyət və tarixi abidələrini nazirlik qoruyur. Ona görə muzeyi sökülmək təhlükəsi gözləmir.

 

7896-dan çox eksponat

 

Daha sonra qeyd etdi ki, muzeydə ümumilikdə 7800-dən çox eksponat var. Lakin onun yalnız 600-dən çoxu muzeyin ekspozisiyasında nümayiş olunur. Qalanları fondda qorunub saxlanılır: “Muzeyə gələn adi seyrçilər daha çox xatirə əşyaları ilə, Şaiqin həyatı, ailəsi ilə maraqlanırlar. Tədqiqatçılar isə əsasən ədibin əlyazmaları, nadir kitab nüsxələri, bir sözlə Şaiqin yaradıcılığı ilə maraqlanırlar. Hər zaman müəllimliyi ilə fəxr edən, bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən A.Şaiq həm də dərsliklər yazıb. O dərsliklərdə həm Azərbaycan və dünya ədəbiyyatından nümunələr, həm də ədəbiyyat tarixi ilə bağlı mövzular var idi. Azərbaycan dilinin qrammatikasına dair A.Şaiq həm proqram, həm də dərslik tərtib etmişdi. Onun “Türk dilinin qrameri“ və digər əsərlərinin əlyazmaları muzeyimizin fondunda qorunub saxlanılır. Bütün bu materiallar tədqiqatçılar üçün xüsusi maraq kəsb edir. Məsələn,Türkiyənin Egey Universitetinin professoru Ali Erol öz namizədlik işini A.Şaiq haqqında yazıb, müdafiə edib. Alim muzeyin fondunda qorunan materiallardan da istifadə edib. O, dissertasiya işini çap elətdirib və muzeyimizə təqdim edib.

Muzeyin seyrçiləri arasında xarici qonaqlar da olur. Amma deyə bilmərəm ki, bu çox olur. Muzeyimiz elə yerdə yerləşir ki, adi küçədə gəzəndə görmək qeyri-mümkündür. Muzeyi  tanıyan, bilən insanların xaricdən qonağı gələndə bura gətirirlər. Hazırda muzeyə gələnlərin sayını artırmaq üçün nazirliyin məsləhəti ilə turizm şirkətləri ilə müqavilələr bağlamışıq. Amma turizm şirkətləri bir az zəif işləyirlər”.

 

Muzeydə dərs

 

Daha sonra Humay Teymurovanın bələdçiliyi ilə muzeydəki eksponatlarla tanış olduq. O ilk olaraq bildirdi ki, muzeyin daimi qonaqları daha çox məktəb şagirdləridir: “Çünki ədibin yaradıcılığının mühüm hissəsini uşaq ədəbiyyatı təşkil edir. Şaiq Azərbaycan uşaq ədəbiyyatını klassik əsərləri ilə zənginləşdirib. Bəzən müəllimlər uşaqlar üçün daha anlaşıqlı olsun deyə dərsləri muzeydə də keçirlər. Şagirdlər ekskursiya ilə tanış olduqdan sonra onlarda bir növ şairin yaradıcılığı ilə bağlı canlı təsəvvür yaranır. Biz onlara Abdulla Şaiqin evində şairi daha da yaxından tanımalarına şərait yaradırıq. Şeirlərin necə yaranması, tarixçəsi ilə maraqlanırlar. Onlar üçün çox maraqlıdır. Uşaqlar daha çox ədibin pedaqoji fəaliyyəti, ailəsi, şəxsi əşyaları ilə maraqlanırlar. Kiçik yaşlı ziyarətçilər, “Abdulla Şaiq hansı otaqda yatıb?”- sualıyla bizə tez-tez müraciət edirlər. Lakin ekzpozisiya otaqları kiçik olduğuna görə, şairin yataq otağını nümayiş elətdirmək imkanımız yoxdur”. Ali məktəb tələbələri də muzeyimizin daimi qonaqlarıdır. Mədəniyyət və İncəsənət, Turizm Universitetlərinin tələbələri bizdə təcrübə dərsləri keçirlər

 

Şairin məşhur qonaqları

 

Abdulla Şaiqin o dövrün tanınmış ziyalıları ilə yaxın dostluq və yaradıcılıq münasibətləri olub. M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, F.Köçərli, H.Cavid, Ə.Cavad, Y.V.Çəmənzəminli, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, Z.Hacıbəyov kimi dövrünün bir çox məşhurları bu evin qonaqları olublar. Onlar bu evdə həm yaradıcılıqla, həm təhsillə bağlı maraqlı diskussiyalar aparıb, həm də şairlə qonaq otagında sərgilənən yemək masasının arxasında duz-çörək kəsiblər.

 

 

55 ildir işləməyən divar saatı

 

Muzeydə diqqəti çəkən daha bir eksponat evin qonaq otağında asılan Fransiz istehsalı divar saatıdır. 1916-cı ildə şairin evə köçdüyü gündən alınan saat hələ də var, amma artıq işləmir. Belə ki, A.Şaiq 1959 cu il iyul ayinin 24-də dünyasını dəyişən anda saat dayandırılıb və həmin vaxtdan bir daha işlək vəziyyətə gətirilməyib. Hazırda göstərdiyi vaxt isə şairin ölüm saatıdır.

 

S.Vurğunun toyu A.Şaiqin evində olub

 

A.Şaiqin həyat yoldaşı Şahzadə xanım Dərbəndli Əhmədbəy Mirzəbəyovun qızı idi. Rus ordusunun qədim Dərbənd şəhərinə hücumundan sonra Əhmədbəy ailəsi ilə birlikdə şəhəri tərk eləməli olur. Bakıya gəlir, hazırkı muzeyin yerləşdiyi binanın birinci mərtəbəsində ev kirayə edir. A.Şaiq hər dəfə eyvana çıxanda Əhmədbəyin qızı Şahzadə xanımı görür,onu sevir və anasına onunla evlənmək istədiyini deyir. Beləliklə onlar ailə həyatı qururlar və 3 övlad dünyaya gətirirlər. Bu evlilik daha bir şairimizin nigahına vəsilə olur. A.Şaiqlə S.Vurğunun yaxın dost münasibətində olmaları haqda məlumatımız var və onun evinin daimi qonaqlarından olub. S.Vurğun Şahzadə xanımın bacısı Xavər xanımı şairin evində görüb, sevib. Elə şairin toyu da bu evdə baş tutub.

 

Uşaqlar üçün pulsuz tamaşalar

 

Muzeydə A.Şaiqin əsərlərindən ibarət kiçik yaşlı uşaqlar üçün tamaşalar da hazırlanır. Onların dekorasiyaları da muzeydə hazırlanır və saxlanılır. İldə 3-4 dəfə bu cür tamaşalar hazırlanıb, balacalara təqdim olunur. Tamaşada muzeyin əməkdaşları aktyor qismində çıxış edirlər. Uşaq bağçalarından, məktəblərdən uşaqlar qrup şəklində dəvət olunur. Hətta gündə iki dəfə tamaşa hazırlandığını da deyirlər. Muzeyə baxış və tamaşalar ödənışsizdir.

 

C.Cabbarlının dəcəlliyi altında yatan istedadı

 

C.Cabbarlı A.Şaiqin tələbələrindən olub. C.Cabbarlı uşaq vaxtı çox dəcəl olub. A.Şaiq ona deyib ki, sən çox dəcəl olsan da, hiss edirəm ki, səndən nə isə çıxacaq. C.Cabbarlı həqiqətən də çox istedadlı insan olub. Bunu onun müəllimi öncədən görüb. Müəllim öz tələbəsinin qanında olanı, bacarığını hamıdan yaxşı bilir. Sübut isə C.Cabbarlının bu gün tariximizdə qoyub getdiyi yardıcılığıdır.

 

Muzeyin saytı yenidən bərpa olunacaq

 

Muzeyin saytı ilə maraqlandıq və muzeyin əvvəllər saytı olduğunu öyrəndik. idi. Muzey və şairlə bağlı orada bütün məlumatları əldə edə bilirdik. Humay xanım dedi ki, hazırda müəyyən səbəblərə görə müvəqqəti olaraq sayt fəaliyyət göstərmir. Amma “Facebook” səhifəsindən muzeydəki yenilikləri izləmək olar: “Şairin yardıcılığı, dramaturgiyası, pedaqoji fəaliyyəti ilə bağlı saytda hər bir məlumat var idi. Hətta əsərlərini belə orada kitab şəklində yerləşdirmişdik. O məlumatlar muzeydə var, sayt yenilənəndə o məlumatlar yenidən Şaiqsevərlərə təqdim olunacaq.

 

Sonda onu da bildirək ki, muzey Abdulla Şaiqin adını daşısa da, orada muzeyin yaradıcısı, şairin oğlu akademik Kamal Talıbzadənin də xatirə əşyaları var. Muzeyin fondunda Kamal Talıbzadəyə aid eksponatlar toplanır və ekspozisiyanın ona həsr edilmiş xüsusi guşəsində .

 

Aygün Asimqızı

 

Tarix
13 Oktyabr 2014 [19:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin