“Bizim teatr - Monotamaşalar” festivalı keçiriləcək

17:30 - 8 May 2020 - Mədəniyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı monotamaşalar festivalı keçirməyi planlaşdırır.

Bu “Bir teatr-bir festival” layihəsi çərçivəsində sayca dördüncü festival olacaq. Ucnoqta.az xəbər verir ki, “Bizim teatr - Monotamaşalar” adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. Evdə qal teatrsız qalma festivalın devizidir. Festivalın keçirilməsində məqsəd hər bir aktyorun öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Xatırladaq ki, Bakı Uşaq və Gənclər Teatrının daxilində 2011-ci ilin oktyabr ayında monotamaşalar festivalı keçirilib. Hazırda Bakı Uşaq və Gənclər Teatrında çalışan hər aktyor ikinci monotamaşalar festivalı üçün öz tamaşasını hazırlayır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər.

Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq. Hazırlıq dövrü karantin müddətində nəzərdə tutulub. Festivalda iştirak etmək üçün teatrlara dəvət göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu layihə çərçivəsində 2014-cü il mart ayında "Bizim teatr - 1" beynəlxalq festival, 2015- ci il mart ayında "Bizim teatr-2", 2019 -cu il aprel ayında isə "Nəsimi ili, Nəsimi dili" festivalı Bakı Uşaq və Gənclər Teatrı tərəfindən keçirilib.
 

Xəbər xətti