Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Prezident təyin edir

17:36 - 8 May 2020 - KİVDF

Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb.

Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edib və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirib. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulub. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınıb.

Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb, konstitusiya nəzarəti ideyası qəbul edilib. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapıb və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradıb.

Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlbr, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırıb.

Bu istiqamətdə atılan addımlardan biri də məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurası təşkil оlunması və onun 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət оlan Şura əsasən hakimlərdən (9 nəfər) fоrmalaşır, həmçinin оnun tərkibinə hakimiyyətin digər qоllarının, habelə məhkəmə prоsesində tərəf оlan prоkurоrluğun və vəkilliyin nümayəndələri daхil оlub. Qeyd edək ki,  Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sis-teminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Onun fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları təşkil edir.

"Məhkəmə-Hüquq Şurası haqqında" Qanunun11-ci maddəsi məhkəmə-Hüquq Şurasının vəzifələrindən bəhs edir. Bu maddədə bildirilir ki, Məhkəmə-Hüquq Şurası məhkəmələrin təşkil olunmasına dair Azərbaycan Respublikasının Müvafiq icra hakimiyyəti orqanınına təklif verir. Bu günlərdə Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq ,“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, inzibati məhkəmələr üzrə Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri Zəfər Arif oğlu Quliyev Göyçay Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri, İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri, Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri, Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri təyin edib.

Kommersiya məhkəmələri üzrə isə İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri, Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri, Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri, Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib. Bu təyinatlar qanunvericilik əsasında həyata keçirilib. Məsələn, Konstitusiyanın 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutulub. Bu bəndlərdə qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir (9 bənd), bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir (32).

Hakimlər və sədrlərin təyinatı zamanı ,“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə istinat edilib. Bu qanunun 94-cü maddəsi ilə Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi tənzimlənir. Bu maddədə qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının  Milli Məclisi təyin edir.

Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər. Naxçıvan Muxtar Respublikası məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iştirak edir.

Azərbaycan Respublikası məhkəmələrinin sədrləri, sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər  Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla, Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır.

Qanunun 97-ci maddəsi ilə Hakimlərin dəyişilməzliyi tənzimlənir. Və bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər səlahiyyət müddətində dəyişilməzdirlər. Hakimlər öz razılığı olmadan başqa vəzifəyə dəyişdirilə bilməz.Bu qanunla müəyyən edilmiş əsaslar istisna olmaqla, hakimlər vəzifədən kənarlaşdırıla və onların səlahiyyətlərinə xitam verilə bilməz.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Xəbər xətti