Koronavirusdan sağalmış pasiyentlər üçün TÖVSİYYƏLƏR

14:51 - 6 May 2020 - Xəbər

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova  koronavirus xəstəliyindən sağalan insanların ağciyərinin fəaliyyətinin gücləndirilməsi ücün xüsusi pulmonar reabilitasiya haqqında ətraflı məlumat verib

Bütün dünyanı görünməmiş sürətlə cənginə alan yeni koronavirus COVİD-19 infeksiyası ölkəmizdə də yayılıb. Qlobal problemə çevrilən koronavirus infeksiyasına qarşı ölkəmizdə də  ciddi mübarizə aparılır.  Dünya təcrübəsi göstərdi ki,  bu virusa bütün yaşlarda olan insanlar yoluxa bilər, lakin risk qrupuna daxil olan yaşlı insanların  bu virusa yoluxması ehtimalı daha yüksəkdir. Yeni koronavirus COVİD-19 infeksiyasının  insan orqanizminə vurduğu zərər  və fəsadlar alimlər tərəfindən araşdırılır.

COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətinin kontrolu stasionar şəraitdə aparılır. Bəs koronavirusa yoluxmuş xəstələr sağalandan sonra hansı fəsadlarlarla rastlaşırlar? Həkimlər müəyyən ediblər ki, virusdan sağalmış bəzi pasiyentlərdə ağciyərin funksiyası  normadan 20-30% azala bilər. Bu da onu göstərir ki  ağciyərin fəaliyyətinin gücləndirilməsi ücün sağalmış pasiyentlərə  xüsusi pulmonar reabilitasiya aparılmalıdır. Reabilitasiya planı həkim tərəfindən təyin olunur.

Ev səraitində sağalmış xəstələrə diafraqmal tənəffüs texnikasını tətbiq etmək məsləhətdir. Bu tənəffüs gimnastikası ağciyərin daha tam və dolğun ventilyasiyasına kömək edir. Eyni zamanda vücud əzələlərini stabilləşdirir və fiziki dözümlülüyü artırır.

Tənəffüs texnikası belədir:

Arxası üstə uzanın, dizlərinizin və başınızın altına yastıq qoyun. Bir əlinizi sinənizə,  ikinci əlinizi qarın nahiyəsinə qoyun. Burunla nəfəs alın, bu zaman havanın qarnınıza dolduğunu hiss edəcəksiniz. Ağzınızla tələsmədən 2-3 saniyə nəfəs verin, qarın əzələrininin yığılmasını hiss edin. Sinə nahiyəsində olan əliniz tənəffüs zamanı mümkün qədər hərəkətsiz qalmalıdır.

Diafraqmal tənəffüsü 5-10 dəqiqə ərzində gündə 3 dəfə təkrarlamaq lazımdır. Tənəffüs üçün nəzərdə tutulan bu idman hərəkətlərini sağlam insanlar və ağciyərin digər xəstəliklərindən sonra reabilitasiya dövründə olan  pasiyentlər də tətbiq edə bilər.

 Sonda qeyd edək ki, siqaret çəkənlər ağciyərə daha çox ziyan vurmamaq üçün bu vərdişi  tərgitməlidirlər. Əlavə olaraq ağciyərin funksiyasını və bədən əzələlərini möhkəmləndirmək üçün üzgüçülük də tövsiyə olunur.

Xəbər xətti