Qan vermək orqanizmə xeyirlidir

18:59 - 26 Aprel 2020 - Leykoz

Qanvermə insanın səhhətinə zərər verəcək bir prosedur deyil. Donor tam sağlamdırsa, sağlam mühitdə qan veribsə bu prosedurun onun üçün zərəri yoxdur.

Bəzi insanlar qan versəm qanım azalar, infeksiya yoluxar, çəkim artar kimi fikirdə olurlar. Ancaq mütəxəssislər tam əksini ifadə edərək bildirirlər ki, qan vermək sizi bir çox xəstəlikdən qoruyacaq və daha gənc qalacaqsınız.

Qan verərkən qan azalmır

İldə 3 və ya 4 dəfə qan verən insanlarda qanın azalması ehtimalı belə yoxdur. Orqanizmimizdəki 5-6 litr qanın təxminən 7 %-i qədər, 400 ml qan götürülür. Donor olduqdan sonra halsızlıq olarsa gün ərzində içilən bol maye ilə keçəcəkdir.

Qan verərkən infeksiyaya yoluxma riski yoxdur

Qan alınan zaman istifadə olunan ləvazimatlar, qan torbası tək istifadəlikdir və donorun gözü qaşısında açılır. Steril şəraitdə saxlanılan tibbi ləvazimatlar istifadədən sonra atılır. Hər hansı infeksiyanın qanvermə prosesində yoluxması mümkünsüzdür.

Qan verərkən çəki artmır

Qanvermədən sonra iştahın yaxşılaşması və şirin qidalar istəmə səbəbinə görə belə fikir formalaşıb. Ancaq iştahın açılması keçici vəziyyətdir və artıq çəki almağa gətirməz.

Xəbər xətti