Millət vəkili Bəhruz Məhərrəmov karantin rejimi çərçivəsində aztəminatlı şəxslərə tətbiq edilmiş cərimələrin bağışlanmasını təklif edib
Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov Milli Məclis katibliyinə yazılı müraciətində bildirib.
"Bildiyiniz kimi, karantin tədbirləri çərçivəsində 40 min civarında şəxs barəsində müvafiq rejimi pozduğuna görə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Etiraf etməliyik ki, xəstəliyin azalma tendensiyası onu gösərir ki, bu məsələdə inzibati tədbirləri ciddi rol oynayıb. Lakin, karantin rejimini pozanların bir qisminin məsuliyyətsizlikdən yox ehtiyacdan küçəyə çıxmalı olmasını, habelə karantin rejiminin onsuz da insanların maddi vəziyyətlərinə mənfi təsir etdiyini, eləcə də 190 manatlıq yardımdan sosial müdafiəyə həqiqi ehtiyacı olan bir qism insanın faydalanana bilmədiyini nəzərə alaraq, bu günə qədər karantin rejimi çərçivəsində aztəminatlı şəxslərə tətbiq edilmiş cərimələrin bağışlanmasını yazılı şəkildə təklif etdim və katibliyə təqdim etdiyim yazılı mətndə bu məsələsini öz tərəfindən də gündəmə gətirməyi hörmətli İnsan hüquqları üzrə müvəkkildən xahiş etdim".