“Manikenlər cəmiyyətə örnək ola bilməz”

12:48 - 23 Aprel 2020 - Xəbər

Nərminə Abbasova: “Uzunmüddətli dieta saxlamaq məsləhət deyil”
Lalə Mehralı : “Bədən quruluşu standart olmaz, insan özünü rahat hiss etdiyi çəkidədirsə, onun ideal bədən quruluşu da odur”


90-60-90 davamlı olaraq xanımların gündəmində olan məsələdir. Maniken və məşhur xanımların öz işlərindən dolayı, efirdə kilolu görünməmək üçün qorumağa çalışdıqları bədən forması bir çox xanımların üçün arzuya, istəyə çevrilir. “Mən də arıqlayıb o çəkiyə sahib olmalıyam” deyən xanımlar da az deyil. Bu cür xanımlar eşitdikləri ümumiləşdirilmiş söz var, onlar manikendir, biz onlar kimi olmağa məcbur deyilik. Doğrudanmı, belədir? Hər bir xanım manikenlər kimi ideal bədən quruluşuna sahib olmalıdırmı?

Həkim-terapevt Nərminə Abbasova deyir ki, qidalanmanın insanların sağlamlığında rolu böyükdür. Ona görə uzunmüddətli dieta saxlamaq məsləhət deyil: “Çünki qidalar vasitəsilə orqanizmə vitamin və minerallar daxil olur. Dietik qidalar bunu təmin etməyəndə orqanizmdə maddələr mübadiləsi pozula bilər və bunun fonunda sağlamlıq üçün təhlükə yaranar.  Sümüklərdə problem ola bilər. Çünki qidalanmanın tərkibindən çox şey asılıdır. Maqnezium, kalium, kalsium çatışmazlığı olarsa, psixoloji pozğunluq, aqressivlik, ümumi zəiflik yarana, immunitet aşağı düşə bilər. Bu səbəbdən uzun müddət dieta saxlamaq düzgün deyil. Müəyyən arıqlamadan sonra normal qidalanmanı bərpa etmək lazımdır. Sağlam qidalanmaq önəmlidir. Kökəldən qidaları müəyyən qədər azaltmaq lazımdır. Burada yaş, orqanizmin nə dərəcədə sağlam olması da önəmlidir”.

N.Abbasova bildirdi ki, dietada həkim nəzarəti mütləq olmalıdır: “Dieta da kor-koranə olmamalıdır. İlk olaraq laborator və ultrasəs müayinəsi aparılmalıdır. Yəni, bu iş həkim nəzarəti altında getməli, ehtiyac olduqca müəyyən dərmanlardan istifadə edilməlidir ki, bədən çox düşməsin. Bir ay dieta saxlayıb müəyyən qədər kilo verib özündən məmnun ola bilərlər ki, özüm arıqladım. Amma sonra özünü o çəkidə saxlamaq lazımdır. Arıqlamaq sağlam şəkildə olmalıdır ki, orqanizmdə maddələr mübadiləsi pozulmasın. Pozularsa, ümumiyyətlə orqanizmdə bir sıra xəstəliklər inkişaf edə bilər. Həddindən artıq arıqlama orqanizm üçün elə bir çöküş yaradar ki, sonra orqanizm təkrar özünü bərpa edə bilməz, digər xəstəliklər ortaya çıxar. Böyrək, mədə sallanması və s. Orqanizm zəifləyəndə bir çox xəstəliklər üzə çıxa bilir. Baxmayaraq ki, köklük xəstəlik deməkdir, amma bədəni çox zəiflətmək də olmaz. Orqanizmi mərhələli şəkildə, həkim nəzarəti altında sağlamlığa zərər vermədən arıqlatmaq lazımdır”.

Sosioloq Lalə Mehralı deyir ki, bu gün bizim nə yediyimizi, nə geydiyimizi bir qrup insan müəyyənləşdirir - modaçılar, dietoloqlar: “Bir gün yırtılmış şalvarları dəb edirlər, başqa bir gün arıqlıqdan qəddi əyilmiş manikenləri. Onlar satdıqları geyimlərlə, qəbullarına yazılan arıqlamaq həvəskarlarının çoxluğu ilə milyonlar qazanır. Axı bütün insanlar standart deyil, kimin çəkisi nə qədərdir, kimin boyu neçə sm-dir, hamımız fərqliyik. Bədən quruluşu standart olmaz, insan özünü rahat hiss etdiyi çəkidədirsə, onun ideal bədən quruluşu da odur. Bir vaxtlar hamımıza təlqin edirdilər ki, arıqlıq xəstəlikdir, analar oğluna ətli-canlı qız alırdı, oğlanlar arıq qızları ələ salırdı, arıq olmaq faciə kimi qələmə verilirdi.

Şəxsən özümdən misal çəkirəm, 8-10 il əvvəl bir ailə məclisində, qohum-əqrəba əhatəsində olanda arıqlığımı müzakirəyə çıxarırdılar, məni danlayırdılar ki, belə olmaz. Amma özümü bu çəkidə rahat hiss edirəmsə, heç bir problemim və xəstəliyim yoxdursa, deməli bu mənim ideal çəkimdir, deyilənlərdən əsla narahat olmurdum. Əgər orqanizm məsləhət bilsəydi çəkim artardı, çünki qidalanmam yaxşıdır, əksər insandan daha çox yeyirəm, lakin çəkimdə artım olmur, çünki orqanizmdə maddələr mübadiləsi yaxşı gedir. Nəyi, nə vaxt, necə yeməyi bilirəm, kor-koranə qidalanmıram. İllər keçib, mən eyni çəkidə qalmışam, indi o məclislərdə məndən arıqlamağın formulunu öyrənməyə çalışırlar, 2 uşaq anası olmağıma rəğmən çəkimi qorumağımı nəyə borclu olduğumu soruşurlar. Yəni demək istəyirəm ki, insanlar öz fikriləri ilə yaşamağa yox, özlərini ətrafın qoyduğu qiymətlə yönləndirməyə çalışırlar. Ətraf desə ki, arıq yaxşıdır, arıqla – o saat dietə, pəhrizə başlayırlar”.

L.Mehralı bildirdi ki, hər insanın genetik strukturu fərqlidir, kimində çəkini atmaq rahat olur, kimində isə çətin, lakin israrla arıqlamağa çalışır, nəticədə isə orqanizmdə fəsadlar yaranır: “Manikenlər cəmiyyətə örnək ola bilməz, onların işi arıq olmağı tələb edir və bu arıqlıq da onlara baha başa gəlir. Çünki əksəriyyətinin boyu uzundur, boy və çəki indeksi uyğun gəlmədiyi üçün xəstəlikləri olur, bir çoxu anoreksiyadan əziyyət çəkir. Manikenlə çəki uyğunluğu yaratmaq istəyənlər də bir çox hallarda fəsadı ilə qarşılaşırlar”.

Psixoloq Elnur Rüstəmov bunun ümumilikdə dünyada gedən proses olduğunu dedi. Bildirdi ki, arıqlamaq məsələsi əslində ilk olaraq sağlamlıq üçün gündəmə gətirilmişdi: “Bu məsələ ortaya çıxanda söhbət arıq görünməkdən yox, sağlamlıqdan gedirdi. Artıq çəki bildiyimiz kimi sağlamlıq üçün müəyyən problemlər yaradır. Arıqlamaq məsələsi də məhz köklükdən dolayı yaranan xəstəliklərlə insanların üzləşməməsi üçün gündəmə gətirilmişdi. Artıq çəkidən azad olmağı təbliğ edirdilər, amma burada sırf 50 kilo olmaq deyə şərt təbliğ edilmirdi. Belə bir indekslər yoxdur. Bu məsələ Avropada, Amerikada populyarlıq qazanmağa başladı. İnsan çəkidən azad olduqca özünə baxmaq istəyir, özünə baxdıqca yaxşı geyinmək, makiyaj etmək istəyir və s. istəklər yaranır. Biz bunları televiziyada, məşhur jurnalların üz qabığında görürdük. İnsanlar da televiziyaya, jurnala, kliplərə baxır. Oradan da özünə nümunə götürür. Bu, əvvəllər xanımlar arasında populyarlıq daşıyırdısa, indi kişilər də bu məsələlərə diqqət yetirməyə başlayıblar. Bu da qloballaşan dünyanın irəli sürüdüyü bir məqamdır. Yadınızdadırsa, əvvəllər qadın arıq olanda deyirdilər ki, əri ona pis baxır, yaxud maddi vəziyyətləri yaxşı deyil. Kimin arvadı dolu bədənli idisə, deyirdilər ki, halaldır ona, arvadı yaxşı saxlayır. Burda televiziyanı, yaxud tv simalarını günahlandırmaq düzgün olmazdı, sadəcə olaraq orda olan adamlar üzdədirlər, daha çox adam onları görür. Onların bədən ölçüləri, geyimləri, və s. bir çox məsələlərdə onlara özlərini bənzətmək istəyənlər çoxdur”.

Psixoloq deyir ki, xanımlar bir neçə kilo çəkini problem etsələr də, qarşı cinsə onların 2-3 kilo artıq və ya əskik olması o qədər də önəmli deyil: “Bizdə belə deyirlər ki, qadın gözəl olmalıdır, belə olarsa, əri onun yanından getməyəcək və s. Bütün hallarda qadın və kişi psixologiyasından danışırıqsa, qadın bunu dərd edə bilər. Ancaq bir kişi üçün yanındakı xanımın kök və ya arıq olması o qədər də əhəmiyyət kəsb etmir. Yetər ki insan olsun, onu başa düşsün. Amma xanım özünə baxanda, çəkisi qaydasında olanda özünü daha yaxşı hiss edir, bu ona böyük xoşbəxtlik verə bilir”.

Könül Əhmədova

Xəbər xətti