“Muğamın fəlsəfəsi ağırdır”

Rəvan Qaçayev: “Ruhumun istədiyi kimi ifa edirəm”

“Uduzmağı qəbul etmək deyəndə ki, həyatda udmaq da var, uduzmaq da. Hər dəfə udmaq olmur, nə vaxtsa uduzmaq da olur insanın taleyində. Əsas odur, uduzduğun anda həvəsdən düşməyəsən, yenidən qalib olmaq haqqında düşünəsən, çalışasan”. “Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı xanəndə Rəvan Qaçayevdir.

-Ənənəvi sualımı ixtisasından, vəzifəsindən asılı olmayaraq bütün müsahiblərimə verirəm. Çünki müsahiblərimin tərcümeyi-halı oxucular üçün həmişə maraqlıdır. Bu baxımdan bioqrafiyanızı oxucularımızla bölüşmənizi istərdim.
-1998-ci ilin may ayının 2-si Qobustanda anadan olmuşam. 6-cı sinfədək təhsilimi Qobustanda almışam. Daha sonra böyük sənətkarımız Əlibaba Məmmədovun təkidi ilə Bülbül adına orta ixtisas musiqi məktəbində əməkdar müəllim Qəzənfər Abbasovun sinfində təhsilimi davam etdirmişəm və muğamla ciddi, dərindən tanışlığım da buradan başlayıb. Bülbül adına məktəbi həyatımın ən dəyərli anları kimi qiymətləndirirəm, çünki burada Ağaxan Abdullayev, Arif Babayev, Əlibaba Məmmədov kimi sənətkarlarla canlı ünsiyyətdə olub onların dərslərində iştirak edirdim, onlardan bəhrələnirdim. Bülbüldə oxuduğum illərdə Respublika uşaq muğam müsabiqəsinin 1-cisi olmuşam. Həmin illərdə bir çox beynəlxalq və ölkə müsabiqələrinin də lauretı olmuşam. Bülbüldə oxuduğum zaman Londona qastrol səfərim də olub və kilsədə ilk dəfə olaraq azan ifa etmişəm. Bütün bu xoşbəxtliklər mənə nəsib olub. Tale elə gətirdi ki, 9-cu sinifdə bəzi problemlərə görə sevimli, doğma məktəbimi tərk etməli oldum və yenidən Qobustan qəsəbəsinə köçdük, 9-11-ci sinifləri burada oxudum. Həmin illər ərzində də musiqidən ayrı qalmadım. Aşıq sənətini öyrənməyə başladım. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə bakalavr pilləsinə daxil oldum.. Burada Respublikanın əməkdar artisti Zakir Əliyevin sinfində təhsil aldım və ondan çox şey öyrəndim. Hətta həmin vaxt mənə bala Zakir deyirdilər. 2019-cu ildə 4-cü kursda ikən rəhbərliyimizin və müəllimlərimin təkidi ilə televiziya muğam müsabiqəsinə qatıldım. Münsiflər heyəti Respublikamızın xalq artistləri, böyük sənətkarlar Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, İlqar Fəhmi və Sərdar müəllim idi. Onların qərarı ilə müsabiqənin qalibləri sırasında yer aldım və xalq məni daha yaxşı tanıdı.

-İlk dəfə nə vaxt hiss etdiniz ki, səsiniz var? İlk dinləyiciniz kim olub?
-İlk dəfə özüm hiss etməmişəm səsimin olduğunu. Valideynlərimin sözlərinə görə mən bir neçə aylıq çağa ikən bizim evdə böyük sənətkarımız, muğamın sütunlarından olan, ailəmizin hər zaman dinlədiyi Ağaxan Abdullayevin kaseti olub. Deyirlər, maqnitafonu qoşurduq, kasetə qulaq asırdın, elə ki, kasetin bir tərəfi bitirdi, başlayırdın ağlamağa, yenidən kasetin bu biri tərəfini qoşurduq sakitləşirdin. Atam o vaxt deyib ki, bu uşaq xanəndə olacaq. Atam özü musiqiçi olub vaxtilə. Evdə qarmonuz var idi, indi də var həmin qarmon. Gözümüzü açandan bizə atamız xalq mahnılarını öyrədib. İlk öyrəndiyim “Qaçaq Nəbi”, “Apardı sellər Saranı” olub. İlk dinləyicilərim də ailəm olub.

-Deməli, ailəniz də muğama meylli olub...
-Bəli, söylədiyim kimi mən musiqiçi ailəsində dünyaya göz açmışam. Rəhmətlik əmim Balayar Qaçayev tanınmış xanəndə olub, gözəl el məclisləri idarə edib. Nəsillikcə bizdə səs var. Ümumiyyətlə, mən deyərdim, bizim kəndimizdə hər evdə gözəl səs var. Deyilənə görə bu bizim kəndin bulağının suyundandır. “Köylüş” bulağı... Xalq artisti Zabit Nəbizadə, ustad xanəndə Camal Dadaşov, muğam müsabiqəsi qalibi Abgül Mirzəliyev, ustad aşıq-xanəndə Əvəzxan Xankişiyev, rəhmətlik aşıq Mahmud Ələsgəroğlu, aşıq Əvəz Hacıyev, mərhum aşıq Vüqar, aşıq Xəyal bizim Şıxzərli kəndindəndir. Qardaşlarımın da hər birinin gözəl səsi, istedadı var. Balaca qardaşım Adil Qaçayev 5 yaşında Respublika uşaq muğam müsabiqəsində qran-pri qalibi olub. Digər qardaşlarımın da səsi var, ancaq yalnız Adilin sənəti davam etdirəcəyinə inanıram. Hazırda səsinin keçid dövrü olduğu üçün onu oxumağa qoymuram.

-Orta məktəbdə necə oxumusuz?
-Orta məktəbdə 5-ci sinifə qədər əlaçı, sinif nümayəndəsi olmuşam. Ancaq 6-cı sinifdən Bülbül adına məktəbə gəldim və musiqi fənnləri ilə daha çox məşğul olduğum üçün digər fənləri əvvəlki qədər əla oxuya bilmədim. Lakin belə normal oxumuşam.

-Sənətdə hədəfiniz nədir?
-Sənətdə hədəfim dünyəvi musiqiçi olmaqdır, Azərbaycan muğamının əzəmətini, həmçinin ecazkarlığını başqa ölkələrdə layiqincə tanıtmaq, muğamı dünyada təbliğ etməkdir. Başqa xalqlara Azərbaycan musiqisinin nə qədər zəngin olduğunu göstərməyi özümün missiyası kimi qəbul edirəm.

-Layiq olduğunuza nail ola bilmisinizmi?
-Onu mən deyə bilmərəm, nəyə layiqəm, onu xalq, həmçinin musiqi xiridarları deyə bilər. Bizim öhdəmizə yalnız çalışmaq düşür, heç bir çətinliyə, problemə baxmadan çalışmaq, yolumuzdan dönməmək. Uğur haqqında heç vaxt düşünməmişəm, onun üçün çalışmamışam, məni olduğum yerdə qiymətləndiriblər. Universitetimizin keçmiş rəhbəri Fərəh xanım Əliyeva, indiki rəhbəri Ceyran xanım Mahmudova, keçmiş dekanımız Ellada xanım Hüseynova, hazırkı dekan Nərmin xanım Qaralova, dekan müavini Mehriban xanım Qasımova hər zaman etimad göstərib, məni dəstəkləyiblər.

-Mənim fikrimcə, muğam insana yeni ruh verir. Hətta əsəbləri gərgin insanları belə muğamla sakitləşdirmək mümkündür. Bəs siz necə düşünürsünüz?
-Əlbəttə, tamamilə, doğrudur. Muğam insanın ruhuna toxuna bilir. Dəfələrlə şahidi olmuşam, oxuduğum məclislərdə insanlar olub ki, göz yaşlarını saxlaya bilməyib. Muğamın fəlsəfəsi ağırdır, hər adam onu asanlıqla qəbul edə bilməz. Belə bir deyim var, böyük musiqələr baş, kiçik musiqilər ayaq oynadar. Bir musiqi ki, insanı başqa bir aləmə aparır, deməli, böyük musiqidir. Muğam da belə musiqidir.

-Hansı muğamı və ya mahnını oxuyanda təskinlik tapırsız?
-Ümumiyyətlə, bu hala görə dəyişir. Konkret hansısa muğam və ya mahnı yoxdur ki, mən deyim, həmişə onu oxuyuram və ya qulaq asıram. İnsan həmişə eyni halda olmur, olursa, o zaman o, ruh adamı deyil. Mən ruh adamıyam, ruhumun istədiyi kimi ifa edirəm, ruhumu oxşayan ifaçılara qulaq asıram və bundan zövq alıram.

-Gerçək istedad möcüzə kimi bir şeydir, Allah vergisidir və bu vergi daşıyıcıları seçilmiş bəndələrdir. Yəni şairlər, yazarlar, sehrli səs sahibləri və digərləri seçilmiş insanlardır, məncə. Bu cür insanlar onlara bəxş edilmiş dəyərin qiymətini bilməlidirlər və hətta buna borcludurlar. Çünki bu cür istedadlardan bütöv bir el, bütöv bir xalq bəhrələnir. Bu baxımdan Rəvan bizim hamımızın səsimizdir. Rəvana sual edirəm,  Azərbaycan xalqına, bizlərə bəxş edilmiş bu dəyəri qorumağa çalışırmı?
-Tamamilə düz qeyd edirsiniz, bu səs mənim deyil, xalqındır. Mən uşaq yaşlarımdan özümü qorumuşam. Düzdür, əvvəllər atamdan qorxduğum üçün qoruyurdum, lakin sonra başa düşdüm ki, bu məqam nə qədər vacibdir. Mən illərdir, dondurma yemirəm və onun dadını tamamilə unutmuşam. Qaynar çay olmaz, soyuq su olmaz, əsəb olmaz, bəzi qidalar: duzlu, istiotlu, turş  qidaların  heç biri olmaz. Bir könüldə iki sevda olmaz, ya səsini qorumalısan, nəfsindən keçməlisən, ya da səsindən keçməlisən, nəfsinin qurbanı olmalısan. Mən isə uşaq yaşımdan sənətimi seçmişəm. Bu yolda da özümə həmişə Allahdan güc diləmişəm, nəfsimə qalib gəlməyi Allahdan istəmişəm.

-Rəvan bəy uduzmağı qəbul edirmi?
-Uduzmağı qəbul etmək deyəndə ki, həyatda udmaq da var, uduzmaq da. Hər dəfə udmaq olmur, nə vaxtsa uduzmaq da olur insanın taleyində. Əsas odur, uduzduğun anda həvəsdən düşməyəsən, yenidən qalib olmaq haqqında düşünəsən, çalışasan. İnsanın elə böyüklüyü də bundadır. Mənə görə nə qaliblər heç vaxt məğrurlanmalı deyil ki, hər zaman qalib olacam, nə də məğlublar həvəsdən düşməli deyil ki, məğlubam. Hər kəs hər an çalışmalıdır. Əslində bəzən hər şeyin bitdiyi an nələrinsə başladığı an olur, ona görə də yoluna davam etməlisən, yıxıldınsa, ayağa durub davam etməlisən. Yol uzundur axı.

-Bəzi gənc xanəndələrimizə qəzəl ehtiyatlarının azlığını, söz bazalarının zəifliyini irad tuturlar. Siz necə düşünürsüz?
-Çox gözəl sualdır. Təşəkkür edirəm bu sual üçün. Bəli, hazırda əfsuslar olsun ki, bəzi gənc xanəndələrimiz sözə bir o qədər önəm vermir. Həmişə eyni qəzəli, eyni şeri oxuyurlar hər yerdə. Bu bizim sənətimiz üçün yolverilməzdir. Çünki öyrənməyə çoxsaylı mənbə var. Sözə və sözün vurğularının düzgünlüyünə ciddi riayət olunmalıdır. Şairlərimiz, dühalarımız sözü həmişə müqəddəs biliblər. Hacı Mailin bir qəzəli yadıma düşdü:

Salmasın, arif, gərək, aləmdə qiymətdən sözü,
Saxlasın, hifz eyləsin hər cürə möhnətdən sözü,
Söz açan bir kəs, gərək, əzəl baxsın ətrafına,
Qoymasın, cahil yanında ta keçə həddən sözü.

Söz haqqında çox dahilərimiz şeirlər, qəzəllər yazıb. Fürsətdən istifadə edib burdan xanəndə sənətində olan dostlarıma, həmkarlarıma səslənirəm, sözün qol-qanadını sındırmayın, xahiş edirəm onun haqqını düzgün verin.

-Sizi izləyənlərə sözünüz sonda…
-Hər kəsə can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm. Mən hər zaman xalqımızın, dövlətimizin xidmətindəyəm. Müsahibə üçün sizə təşəkkür edirəm, işlərinizdə bol-bol uğurlar arzulayıram. Səmimiyyətiniz, səmimi niyyətiniz həmişə var olsun.

-Mən də sizə təşəkkür edirəm. Səsiniz, sənətiniz var olsun. Müsahibim olduğunuz üçün təşəkkür edirəm.
-Siz sağolun

Rövşən Tahir

Tarix
22 Aprel 2020 [15:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-22 15:22:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin