Pandemiyada formalaşan yeni mədəniyyət və...

11:35 - 22 Aprel 2020 - SİYASƏT

 Elman Nəsirov: “İndiki reallıq yeni siyasi mədəniyyətin yaranması zərurətini ortaya qoyub”

Bu gün dünya COVİD - 19 pandemiyasına qarşı birgə mübarizəyə qoşulub. Bir çox ekspertlər bəşəriyyətin xilası naminə birləşən dünyanın yeni bir düzənə keçid ərəfəsində olduğunu iddia edirlər.  Pandemiya eyni zamanda vətəndaş -cəmiyyət vəhdətini önə çəkir və yeni münasibətlər sistemini formalaşdırır. Nə baş verir, dünya və ayrı-ayrı cəmiyyətlər bu prosesdə hansı yenilənməyə sahiblənəcəklər?

Bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə müsahibə verən millət vəkili Elman Nəsirov gündəmdə olan mövcud iddialarla bağlı maraqlı nüanslara diqqət çəkib.

“Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev yeni bir siyasi mədəniyyəti ortaya qoydu”

- Elman müəllim, hazırda dünya koronavirus pandemiyası, karantin  dövrünü yaşayır. İnsanlıq üçün təhlükə yaradan bu yeni dönəm, hansı vahid mədəniyyətin formalaşmasını tələb edir?

- Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı bu il fevral ayının 11-də bütün dünyanı əsarətə almış koronavirus pandemiyasına COVİD-19 adını verdi. Mart ayının 11-də isə bu vəziyyəti məhz pandemiya kimi qiymətləndirdi. Bütün dünya ölkələri artıq bu pandemiya ilə mübarizə şəraitində yaşayır və bir çox hallarda bunu müharibəyə də bənzədirlər. Yeni dünya reallığı formalaşıb və bütün dünya xalqları millətindən, dinindən, irqindən, statusundan asılı olmayaraq onun hədəfindədir. O nə iqtidar tanıyır, nə müxalifət, nə də fövqəldövlət, kiçik dövlət tanımır.  Hər bir dövlət də öz imkan və potensialı fonunda mübarizə aparır. Eyni zamanda başqa bir həqiqət də üzə çıxdı ki, indiki halda  bu pandemiyaya qalib gəlmək üçün fərdi mübarizə ilə yanaşı, koordinasiya olunmuş fəaliyyətə və dövlətlərarası əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var. 

Xüsusilə də indiki reallıq yeni bir siyasi mədəniyyətin yaranması zərurətini ortaya qoyub. Bu elə bir siyasi mədəniyyətdir ki,  indiyə qədər bir-birinə qarşı olan iddiaları kənara qoymağı, gücündən asılı olaraq bir-birini hədələmə, təhdid etmə məsələlərini ikinci plana keçirməyi tələb edir. İndi yeganə məsələ insanlığın qorunması, müdafiəsi ilə bağlıdır. Çünki  bəşəriyyət  özü çox böyük təhlükə ilə üz-üzə qaldığının fərqindədir. İş o yerə çatıb ki, bütün dünyanın terrorçu bir qrup kimi tanıdığı Əfqanıstandakı Taliban hərəkatının liderləri Ümumdünya Səhiyyə Təşkilatına müraciət edərək, indiki reallıqla bağlı özünün dəstəyini təklif edib. Ona görə də hesab edirəm ki, indiki halda dünya xalqlarının sağlamlığının qorunması, təhlükəsizliyinin təminatı birnömrəli vəzifəyə çevrilir və dövlətlərin, xalqların indiyə qədərki davranışını kökündən dəyişən reallığı ortaya çıxarıb. Pandemiyaya qədər hər bir dövlətin, dövlətlər qrupunun və təşkilatların özünəməxsus təhlükə mənbələri olub. İndiki reallıqda isə bütün dünya dövlətləri üçün bir təhlükə mənbəyi var, o da koronavirus pandemiyasıdır.

Belə olan vəziyyətdə indiki halda həmrəyliyə, birliyə, xeyirxahlığa, şəfqətə və bu kimi ülvi dəyərlərə böyük ehtiyac yaranıb.  Məhz bu ehtiyacdan da qaynaqlanaraq Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev yeni bir siyasi mədəniyyəti ortaya qoydu. Bu gün bütün dünya dövlətlərinin bu bəla ilə mübarizədə olmasına baxmayaraq, məhz Azərbaycan dövləti Türkdilli Dövlətlər Şurasının liderlər səviyyəsində videokonfrans keçirdi. Beləliklə, koronavirusa qarşı mübarizə prosesində türkdilli dövlətlərin əməkdaşlığı, həmrəyliyi məsələsini ortaya qoydu və bu istiqamətdə əməli addımlar atılmağa başlandı.  Bu özü çox mühüm bir məsələdir. Hələ dünyanın heç bir beynəlxalq təşkilatı, liderlər səviyyəsində belə bir addım atmayıb. Bunun mənası odur ki, türkdilli ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə öz milli mübarizə nümunələrini və təcrübələrini paylaşırlar.

Artıq pandemiya dünya dövlətlərindən yeni siyasi yanaşma tələb edir və BMT-nin baş katibi Kuteriyes özü dünya dövlətlərinə, xalqlarına müraciət etdi ki, indiki məqamda  müharibələr dayandırılsın, bir-birini hədələməklə bağlı məsələlərə fasilə verilsin. Bəyan edildi ki, bizim bir-birimizlə düşmən olan vaxtımız deyil. Bizim ümumi bir düşmənimiz var, o da pandemiyadır. Bax bu, siyasi mədəniyyətin yeni yanaşmasıdır. İndidən düşünmək olar ki, pandemiyadan sonrakı yeni dünya düzəni də forma və məzmun baxımından əvvəlkindən seçiləcək.

- Bu prosesin qloballaşmadan çox, özünə qapanma, milli dövlətçilik prinsipini yüksəltdiyini söyləmək olarmı?
-  Qloballaşma elə bir prosesdir ki, pandemiya ilə onun qarşısının alınacağı ilə bağlı düşüncələr məntiqli deyil. Şübhəsiz ki, pandemiyanın təsirləri olacaq. Ancaq bunu həddən artıq da şişirtmək lazım deyil. Bu gün müxtəlif ölkələrdə yaşayan insanlar pandemiyanın təsiri altında öz ölkələrinə qayıdırlar. Lakin bir reallığı da qeyd etməliyik ki, həmin insanlar qayıtdıqları ölkələrdə qalmayacaqlar. Həmin insanlar sadəcə pandemiyanın başa çatmasını gözləyirlər və yenidən təhsil aldıqları, işlədikləri məkanlara qayıdacaqlar. Yəni məsələni  bu qədər sadələşdirmək olmaz. Məşhur bir filosof da deyib ki, “Tarixin ən böyük dərsi ondadır ki, insanlar ondan dərs almırlar”. Bunu da yaddan çıxarmaq olmaz. Hesab edirəm ki, pandemiyadan sonrakı reallıqlarda,  ciddi iqtisadi çətinliklərin olacağını düşünmək lazımdır.  Bunu artıq Beynəlxalq Valyuta Fondunun ekspertləri vurğulayırlar. Hətta belə qeydlər var ki, 2008-2009-cu ilin iqtisadi böhranından daha çətin böhran yaşanacaq. Təbii ki, belə olan vəziyyətdə yeni iqtisadi düzən, yeni iqtisadi reallıqlar fonunda beynəlxalq münasibətlər sistemində, dövlətlərarası müəyyən münasibətlərə yenidən baxılması məsələləri ortaya çıxır. Amma pandemiyaya qədərki geosiyasi reallıqların üstündən xətt çəkilərək, tamamilə yeni dünya düzəninin yaranacağı ilə bağlı səthi qərar çıxarmaq doğru deyil.  Bəli dünyada dəyişikliklər artıq baş verməkdədir. Dünyanın çox ciddi iqtisadi problemləri, təsir altında dövlətlərarası münasibətlərə də yeni bir baxış tərzi sərgilənə bilər.  Belə olan vəziyyətdə hər bir dövlət iqtisadi böhran şəraitində öz strateji xəttinə baxa bilər, korrektələr edə bilər. Bunlar hamısı qaçılmaz həqiqətdir. Amma bütövlükdə koronavirusa qədərki dünya və koronavirusdan sonrakı dünyanın arasında çox kəskin fərqlərin olacağını, fərqli-fərqli dünyaların olacağı haqqında fikirlər söyləmək hesab edirəm ki, məsələyə bir qədər səthi yanaşmadır.

(davamı var)

Tahirə Qafarlı

Xəbər xətti