Dünyada koronavirusdan ölənlərin sayı 160 mini keçib

10:08 - 19 Aprel 2020 - DÜNYA

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 82 minədək insan yoluxub, təxminən 6,5 min nəfər də bu virusun qurbanı olub.

Bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
18 aprel tarixli statistikaya görə, dünyada 2 330 793 nəfər yeni növ koronavirusa yoluxub, 160 643 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 81 930 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6505 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 060 063 yoluxma və 99 874 ölüm. Sutka ərzində burada yoluxanların sayı 30 849, ölənlərin sayı isə 3646 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 791 406 nəfər təşkil edir, indiyədək 41 537 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 77 973 yoluxma və 3653 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 370 784 yoluxma, 14 401 ölüm faktı qeydə alınıb. İndiyədək dünyada 596 482 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır – 738 792 nəfər. Onun ardınca İspaniya (194 416), İtaliya (175 925), Fransa (151 793), Almaniya (143 724) və Böyük Britaniya (114 217) gəlir.///Apa

Xəbər xətti