“Problemlərin müzakirəsinin siyasi fürsətçiliklə əvəzlənməsi cəhdləri isə yolverilməzdir”

17:17 - 17 Aprel 2020 - Cəmiyyət

Bu gün cəmiyyətdə həm pandemiyaya qarşı birgə mübarizə, həm də yardımlaşmanın tələb olunduğu bir dövrdür. Pandemiya təhlükəsinin nə qədər ciddi olduğuı Prezident, eləcə də birinci vitse-prezident başda olmaqla, cəmiyyətin aparıcı kəsimi tərəfindən müxtəlif müraciətlər formasında bəyan edilir. O da bəllidir ki, sosial təminatı aşağı olan, işləməyən, yaşlı, xəstə adamlara müəyyən ərzaq yardımları edilir və insanlar “evdəqal kampaniyasına cəlb olunurlar. Maraqlıdır ki, sosial təminatı zəif olan şəxslərin öz dövlətindən yardım istəməsi bəzən birmənalı qarşılanmır. Bunlar nə dərəcədə doğru yanaşmadır və  hansı addımların atılmasına ehtiyac var.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev məsələ ilə bağlı açıqlamasında incə nüanslara toxunub. O bildirib ki, insanlığın sınağa çəkildiyi bu çətin günlərdə tamahın, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir. “Koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər və xüsusi karantin rejiminin tətbiq olunması təbii olaraq əhalinin az təminatlı hissəsi və günəmuzd çalışanlar üçün maddi problemlər yaradıb.

Həmçinin iqtisadiyyatın bir çox sahələri ziyan görür. Bütün dünyada olduğu kimi Azərbaycan hökuməti tərəfindən əhalinin az təminatlı hissəsi və günəmuzd çalışanlara dəstək verilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə tədbirlər əksini tapır. Bu 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir. Tədbirlər Planında məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətləri üzrə ayrılan 394 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən, 203 milyonu Nazirlik yanlında Dövlət Sosial Müdafiə Fondunun, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondunun büdcəsindən ayrılacaq. 4 istiqamət - dövlət və özəl sektoru üzrə işləyənlərə, işsizlərə, həssas qruplardan olanlara dəstəyin göstərilməsini nəzərdə tutur.

Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün ciddi işlər həyata keçirilir. Bu işlər həmin sektorda çalışan 910 min işçini əhatə edir.  “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət  təmin edilib.

Özünüməşğulluq proqramı genişləndiriləcək, bu il 11 min nəfər proqrama cəlb ediləcək. İşsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi də tədbirlər sırasındadır. Bu məqsədlə 70 milyon manat ayrılıb”.

“Bu kateqoriyaya məxsus vətəndaşların dövlətdən gözləntiləri də təbidir amma...”

Ə.Nuriyev çox böyük təəssüf  hissi ilə bildirib ki, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün 190 manat ödənilməsi prosesi ətrafında süni ajiotaj yaradıldı. “Şübhəsiz ki, işsizlərə ayrılan yardımın ümumi məbləği ilə bağlı müzakirələr açmaq olar. Təbii ki, işsiz olan, karantin dövründə işini itirən, gündəlik qazancından məhrum olan vətəndaşların bu məbləği almaq hüququ var. Bu kateqoriyaya məxsus vətəndaşların dövlətdən gözləntiləri də təbiidir. Uman yerdən küsərlər. Ancaq aşkar müşahidə olundu ki, bu proses ətrafında süni və məqsədli şəkildə ajiotaj yaradıldı, bu həssas vaxtda təmkinli davranış, konstruktiv müzakirələr və obyektiv mövcud olan problemlərin müzakirəsi, həll yollarının təklif edilməsi əvəzində ictimai rəyin körüklənməsi, kütləvi etiraz imitasiyası yaradılması səyləri açıq göründü.

Nəzərə alınmadı ki, indiki vəziyyət fors-major vəziyyətdir, hətta dünyanın inkişaf etmiş iqtisadiyyatlarına malik ölkələr belə bu situasiyanın yaratdığı problemləri anındaca həll etmək imkanına malik deyillər. Bu cür situasiyalarda ən yaxşı çıxış yolu, təmkinli davranış, sistemli düşünməkdir. Bu cür vəziyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sistemində müşahidə olunan texniki problemlər də təbiidir. Bu tamamilə yeni bir vəziyyət idi. Nazirlik bu çətinliklərin aradan qaldırılması üçün çevik çalışdı, geniş məlumatlandırma işləri apardı. Elektron sistem rekord qısa müddətə təkmilləşdirildi. Bu baxımdan obyektiv problemləri qeyd etməklə yanaşı, yalnız bu çətinlikləri gündəmdə saxlamaq, ayrı-ayrı epizodları qabardaraq ümumi bir narazılıq ab-havası yaratmaq cəhdləri müşahidə olundu.

Nəzərə almaq lazımdır ki, ƏƏSMN koronovirusla mübarizədə ön cəbhədədir və döyüşdə olduğu kimi bütün məsələləri əvvəlcədən planlaşdırmaq mümkün olmur, bir çox çətinlikləri elə yerində, səngərdə həll etmək zərurəti yaranır. 65 yaşdan yuxarı vətəndaşlara evdə qayğı məsələləri çox yaxşı təşkil olundu, DOST Mərkəzləri bu sınaqdan yaxşı çıxdı. Sosial işçilər də pis işləmirlər, yəni sosial müdafiə sistemi və mexanizmlərin mövcud resurslarla optimal fəaliyyət göstərilməsinə gerçəkdən səy göstərildi”.

“Dövlətdən gözləntilər böyükdür və şübhəsiz ki, dəstək tədbirləri də adekvat olmalıdır”

Ə.Nuriyev bir daha bəyan edib ki, belə çətin vəziyyətdə karantin rejiminin elan olunmasından və pandemiyadan zərər görən, problemlərlə üzləşən hər bir vətəndaş, biznes dövlətdən dəstək ummalıdır. Hökumət də öz növbəsində indiyə qədər açıqlanan dəstək proqramlarını bir daha sərf-nəzər edib, optimallaşdırma aparıb, yeni alətlər tətbiq etməlidir. Dövlətdən gözləntilər böyükdür və şübhəsiz ki, dəstək tədbirləri də adekvat olmalıdır.  “Bununla yanaşı nəzərə almaq lazımdır ki, resurslar da hüdudsuz deyil, həmçinin hələ perspektiv də qeyri-müəyyəndir və hökumət gələcəyi də düşünməli, ehtiyatını görməlidir. Bu məsələlər soyuqqanlı analiz, konstruktiv yanaşma və məsuliyyətli davranış tələb edir. Bu çətin günlərdə tamahın, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir. Eyni zamanda hökumətlə konstruktiv müzakirə və çağırışları, problemlərin müzakirəsinin də siyasi şouya, siyasi fürsətçiliklə əvəzlənməsi cəhdləri də yolverilməzdir”.

Tahirə

Xəbər xətti