Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutuldu

16:06 - 15 Aprel 2020 - HADİSƏ

Sumqayıt sakininin evindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı “102” xidmətinə müraciət daxil olub. Qeyd olunub ki, 2019-cu ilin dekabr ayının 20-dən bu ilin aprelin 13-nə qədər müxtəlif vaxtlarda Sumqayıt şəhər sakininə məxsus, Biləcəri qəsəbəsində yerləşən evin dəmir barmaqlığı sındırılmaqla, ümumilikdə, 5 100 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxil olan müraciət əsasında Binəqədi RPİ-nın 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılan tədbirlər zamanı sözügedən ünvandan oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakini, 1981-ci il təvəllüdlü R.Həmidov müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, R.Həmidov əvvəllər Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı müvafiq rayon üzrə Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.
Araşdırma davam etdirilir.

Xəbər xətti