Millət vəkili: “Beynəlxalq gücün birləşdirilməsində ən çevik reaksiya Azərbaycandan gəldi”

18:40 - 14 Aprel 2020 - SİYASƏT

Bəhruz Məhərrəmov:  “Koronavirus təkcə bizim sağlamlığımızı yox, həm də milli genefondumuzu təhlükə altında qoyub”

Koronavirus pandemiyası cənginə saldığı dünya dövlətlərini yenidən bir araya gətirir. Dünya bəşəriyyət üçün təhlükəli olan bu virusdan xilas olmaq üçün öz güclərini birləşdirməyi tələb edir. Bu günlərdə beynəlxalq aləmin nəzərləri eyni məqsəd naminə Azərbaycana-Türk Dövlətləri Şurasının Zirvə toplantısına zilləndi.

Digər tərəfdən Pandemiyanın tüğyan etdiyi bir zamanda Azərbaycan cəmiyyəti və vətəndaşının problemə yanaşması və üzərinə düşən öhdəlikləri nə dərəcədə doğru yerinə yetirməsi məsələsi də gündəmin əsas müzakirə mövzusudur. Bir sözlə, insanlıq üçün təhlükəli olan pandemiya cəmiyyətdə olan boşluqlara, nöqsanlara da yenidən baxmaq fürsəti verib.
Bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə”yə müsahibə verən millət vəkili Bəhruz Məhərrəmov maraqlı nüanslara diqqət çəkib.

“Bu görüşü Azərbaycanın mövqeyinin güclənməsi kimi dəyərləndirirəm”

- Bəhruz müəllim, mövcud karantin dövründə pandemiyaya qarşı dövlət və cəmiyyət olaraq görülən işləri necə dəyərləndirmək olar?

- Dövlət öz üzərinə düşəni edir. İstənilən fəaliyyəti tənqid etmək üçün səbəb ola bilər. Lakin tənqid edən zaman birmənalı olaraq, sosial vəziyyəti, dünyada baş verən siyasi-iqtisadi prosesləri  düzgün təhlil etmək lazımdır. Lakin hesab edirəm ki, bu gün beynəlxalq iqtisadi qurumların mövcud təhlil və açıqlamalarının fonunda Azərbaycan dövləti pandemiyanın gətirdiyi problemlərlə mübarizəni uğurlu şəkildə həyata keçirir. Əlbəttə ki, problemlər var və biz bu məsələləri mütəmadi olaraq qaldırırıq.

Lakin bu problemləri hökumətin məqsədli səhvləri və yaxud uğursuz yanaşması kimi qiymətləndirməyin tərəfdarı deyiləm. Ona görə ki, pandemiya proqnozlaşdırılan problem olmayıb. Bu hətta dünyanın super iqtisadi gücləri üçün də gözlənilməz oldu. O baxımdan dövlət öz tədbirlərini alır və təbii ki, bu zaman ortada boşluqlar da olacaq. İctimai-siyasi xadimlərin, eləcə də ölkənin tanınmış şəxslərinin, siyasətçilərinin, iqtisadçılarının, deputatlarının da rolu ondan ibarətdir ki, aidiyyatı, səlahiyyəti, biliyi çərçivəsində müvafiq boşluqları tapsın və ictimaiyyətə, eləcə də hökumətə açıqlasın.

Lakin mən hesab edirəm ki, bizdə ən böyük problem insanların məsələyə yanaşması ilə bağldır. Bilirsizmi, istər dövlət qayğısı olsun, istər olmasın, bu ölkədə heç kəs acından ölməz. Amma xüsusilə yaşlı təbəqədə müxtəlif ağır xəstəliyi olan adamların virusa yoluxduğu an həyati təhlükəsizliyi ağır risk altına düşür. Vəziyyətin çətinliyi bundadır ki, insanlar hələ də məsələnin mahiyyətinə çox varmırlar. Tutaq ki, pandemiyanın doğurduğu ağır durumun İtaliya, İspaniya təcrübəsinə baxmır, ya da əhəmiyyətsiz yanaşırlar. Bu, inzibati güclə tənzimlənməli məsələ deyil. Əslində insanlarımız vəziyyətin ciddiliyini özü başa düşməlidir. Bu bir fərdin intiharı deyil ki, məsuliyyətsiz davranışı yalnız özünə ziyan vursun. Burda bir insan əgər özünü virusun caynağına atırsa, böyük bir kütləni də özünün arxasınsa riskə atmış olur. Bu baxımdan düşünürəm ki, insanlarımız belə ərəfələrdə daha məsuliyyətli və intizamlı olmalıdırlar.

“Ölkədə iqtisadi, sosial vəziyyətlə bağlı heç kəs elə-belə harasa müraciət etmir”

- Bu ərəfələr, həm də pandemiyaya qarşı birgə mübarizə, eləcə də yardımlaşmanın tələb olunduğu bir dönəmdir. Bilirik ki, bu təhlükənin nə qədər ciddi olması Prezident, eləcə də vitse-prezident başda olmaqla, cəmiyyətin aparıcı kəsimi tərəfindən müxtəlif müraciətlər formasında bəyan edilir. Bəllidir ki, sosial təminatı aşağı olan, işləməyən, yaşlı, xəstə adamlara müəyyən ərzaq yardımları edilir və insanlar #evdəqal kampaniyasına cəlb olunurlar. Amma bu hər kəsi əhatə etmir və maraqlıdır ki, sosial təminatı zəif olan şəxslərin öz dövlətindən yardım istəməsi bəzən kimlərsə tərəfindən aqressiv reaksiya ilə qarşılanır. Əgər dövlət və xalq vəhdətindən, birliyindən danışırıqsa, o zaman insanlar dövlətindən kömək istəməyib də, kimdən istəməlidir. Bunlar nə dərəcədə doğru yanaşmadır?

- Əvvəlcə ondan başlayaq ki, ölkədə iqtisadi, sosial vəziyyəti ilə bağlı heç kəs elə-belə harasa müraciət etmir. Yəqin bir çətinliyi var ki, gedib kiməsə əl açır. Burda böyük əksəriyyətdən söhbət gedir. İkinci bir tərəfdən, belə hallarda dövlətin borcu, dövlətin rolu sistemli, planlaşdırılmış fəaliyyət göstərməkdir. Dövlət elə bir oturuşmuş aparatdır ki, fəaliyyəti mütləq şəkildə sistemli olmalıdır. Yəni büdcəni açıb, ona 3 manat, buna 5 manat yox, yardım olunacaqsa, büdcədən konkret məqsədli şəkildə istifadə olunmalıdır.

Hazırda dövlət həmin yardımı iqtisadi proqramlar vasitəsi ilə edir. Bir daha qeyd edirəm ki, pandemiya proqnozlaşdırılmadığı üçün həmin proqramlarda da müəyyən çatışmazlıqlar ola bilər. Lakin istənilən halda mən hesab edirəm ki, dövlətin bu sahədə fəaliyyətində ciddi axsamalar yoxdur. Milli Məclisdə də məni narahat edən, narazı salan məqamları dilə gətirmişəm. Amma yenə də o qənaətdəyəm ki, istənilən cəmiyyət, istənilən dövlətdən daha güclüdür. Cəmiyyət olaraq dövləti də biz qururuq, dövləti də biz yaradıb inkişaf etdiririk. O baxımdan bir misal deyim.

Bilirsiz ki, Yaponiya bir neçə il öncə bir funuklyar problemi adlatdı. Həmin müddətdə dövlət üzərinə düşəni edənə qədər artıq cəmiyyət əsas hərəkətləri etdi. Yəni dövlət köməyə gələnə qədər, cəmiyyət olaraq özümüz də hərəkətdə olmalıyıq. Məsələn, hərəmiz öz qonşumuza əl tutsaq, hətta heç kimə əl tutmadan da işimizi layiqincə görsək, məncə real nəticələr əldə eləmək olar.

- Cəmiyyətimizin o siz deyən aktivliyi necə görünür?
- Biz cəmiyyət olaraq, hesab edirəm ki, lazımı məqamlar yetişəndə, müəyyən sarı simlərə toxunulanda çox yekdil, vahid ola bilirik. Biz bunu Koronavirusla Mübarizə Fonduna ianələrin yığılmasında gördük. Eləcə də, tariximizdə cəmiyyətin ağır məqamlarda necə yekdil olmasını dəfələrlə müşahidə etmişik. Biz bunu Aprel hadisələrində və bir qədər də irəli getsək, ümummilli lider Heydər Əliyevin xalqı küçələrə çağıranda da görmüşük. Amma digər tərəfdən də biz sağlamlığımıza bir qədər biganə qalan millətik. Buna görə də belə bir ifadə də işlədirik:  “müsəlman həkimə öləndə gedir”. Yəni məsələ ondadır ki, biz hələ bu xəstəliyin fərqinə varmırıq.

Dövlətimizi, yaxud çətin zamanda ondan kömək istəməyi düşünürük, amma “eybi yox, heç nə olmaz bu gün çıxım”, yaxud, “saxta sənəd düzəldim çıxım” kimi addımlarla özümüzü təhlükəyə atırıq. Bir daha deyirəm ki, biz xəstəliyin mahiyyətinə varmalıyıq. O baxımdan hesab edirəm ki, “məsuliyyətli olmaq” məsələsində cəmiyyət olaraq özümüzü bir o qədər də göstərə bilmirik.

“Axı indiyə qədər dövlət bizə “evdə otur” deməyib”

- Amma statistik göstəricilərə görə qeyd olunur ki, Azərbaycanda virusa yoluxanların sayı, ölənlərin sayı daha azdır. Yəni, müqayisələrdə qeyd olunur ki, cəmiyyət və dövlətin müştərək işi olaraq bizdə bu proses daha yaxşı nəticələr verir.

- Mən tamamilə sizinlə razıyam, lakin bu, bizim özümüzdən çox, dövlətin müvafiq qabaqlayıcı tədbirləri ilə əldə olunmuş nailiyyətdir. Mən o cərimə olunanların, saxta sənəd düzəldib küçəyə çıxmaq istəyənlərin və sair bu kimi halları nəzərdə tuturam. Siz təsəvvür edin ki, nə qədər adam “dəfnə getmək” üçün yalançı müraciət göndərib. Bax bütün bunların fonunda həqiqətən adam bir az utanc hissi keçirir ki, bunun ciddi problem olduğunu necə başa düşməmək olar. Axı indiyə qədər dövlət bizə “evdə otur” demiyib. Üstəlik ortada beynəlxalq konvensiyalar var. Konkret beynəlxalq hüquq da var ki, hansı hallarda vətəndaşın toplaşmaq azadlığı, hansı hallarda vətəndaşların sərbəst hərəkət azadlığını məhdudlaşdırmaq olar. Bu göstərilən halların hamısı beynəlxalq konvensiyaların tələblərinə uyğun gəlir və biz vətəndaşımızdan qeyri-qanuni heç nə tələb etmirik. Mən yaxşı başa düşürəm və onunla bağlı narazılığımı da ifadə etmişəm ki, bəli, heç yerdə rəsmi şəkildə işləməyən, gündəlik çörəyi fəhləlikdən çıxan, çölə çıxmasa evinə pul gətirə bilməyən adamların dolanışıq problemləri var. Amma istənilən halda yenə də ümidliyəm və inanıram ki, bu məsələ ilə bağlı da hansısa formada  məsələ həllini tapacaq.

“Bu problemə qarşı beynəlxalq gücün birləşdirilməsində ən çevik reaksiya Azərbaycandan gəldi”

- Bəllidir ki, Türk Dövlətləri Şurasının onlayın Zirvə görüşü keçirildi və Zirvədə dünyanı bürüyən pandemiyaya qarşı birgə mübarizənin yolları önə çəkildi. Prezident bütün türk dövlətlərini bu bəla ilə birgə mübarizəyə çağırıdı. Sizcə belə bir dönəmdə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Zirvə görüşü dünyaya hansı mesajını ötürmüş oldu?

- Hesab edirəm ki, faktiki olaraq bu problemə qarşı beynəlxalq gücün birləşdirilməsində ən çevik reaksiya Azərbaycandan gəldi. Bəllidir ki, ən adi hərəkətlər, mənəvi dəstək addımları beynəlxalq ictimaiyyət tərəfindən fərqli şəkildə qarşılanır. Təsəvvür edin ki, Heydər Əliyev Mərkəzində ayrı-ayrı dövlətlərə etdiyimiz dəstək tədbirləri dünya miqyasında sürətlə yayıldı və çox müsbət qarşılandı. O cümlədən, Azərbaycan dövlətinin müxtəlif ölkələrə göndərdiyi dəstək məktublarından tutmuş, ən nəhayət ötən günlərdə keçirilən Türk Dövlətlərinin onlayn Zirvə görüşünün əhəmiyyəti böyükdür.

Zirvə görüşünü o dövlətin çağırmağa mənəvi haqqı çatır ki, özünün real nəticəsi olur. Siz bayaq dediyiniz kimi, pandemiya ilə bağlı rəqəmlər və dövlətin atdığı addımlar bizə bu haqqı verir. Bilirik ki, sosial problemlər, koronavirusun yaratdığı iqtisadi çətinliklər bütün dövlətlərdə eyni şəkildə hökm sürür. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın səsinə səs verdilər, toplandılar və müzakirə olunan məsələləri də hamımız izlədik. Mən Zirvə görüşünü, pandemiya ilə mübarizə çərçivəsində həm əməkdaşlıq, həm psixoloji dəstək, eyni zamanda da Azərbaycanın mövqeyinin güclənməsi kimi dəyərləndirirəm.

- Bəhruz müəllim, yaşadığımız pandemiya-karantin dövründə cəmiyyətdə şüuraltı bir sual yaranıb ki, işğal altında qalan torpaqlarımızın aqibəti necə olacaq. “Torpaqların işğaldan azad olunması ilə bağlı danışıqların dondurulması, beynəlxalq təşkilatların bu məsələdəki susqunluğu zərərimizə işləyir, bizə Qarabağı unutdurur” kimi psixo-panik təsəvvürlər də var. O da bəllidir ki, bu gün işğal altında qalan ərazilərimizdə də virusa yoluxma halları var. Erməni separatçıları bu vəziyyətdən istifadə edərək Qarabağda seçki keçirdi və Azərbaycana qarşı “müharibə” ilə bağlı təxribatçı informasiyalar da yaydılar. Bütün bu məsələləri nəzərə alsaq, regionda münaqişə ilə bağlı hazırki durumu necə dəyərləndirirsiniz, müşahidələriniz nədir?
- Mən Qarabağda erməni separatçılarının yaratdığı qondarma rejimi qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatı hesab edirəm. Dağlıq Qarabağ bölgəmizdə yalnız bir tanınan təşkilat var, o da Dağlıq Qarabağın Azərbaycan icmasıdır. Digəri isə Azərbaycanın ərazisində yaradılmış, lakin rəsmi dövlət orqanında qeydiyyatdan keçməmiş qeyri-hökumət təşkilatıdır.  Hətta qeydiyyatdan keçsə belə, həmin QHT-nin idarə heyətində, idarəçiliyində, vəzifə bölgüsündə edilən “dəyişikliklər” ölkə əhəmiyyətli dəyişikliklər hesab oluna bilməz. Son seçkiyə münasibətdə dünyanın reaksiyası bundan ibarət oldu. Heç yerdə, hətta Ermənistanın özündə də uydurma, qondarma seçkiyə ciddi yanaşılmadı.

İkincisi, Azərbaycanın öz ərazisində hüquq-mühafizə tədbirinin görülməsi, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, anti-terror fəaliyyətinin həyata keçirilməsi, silahlı qrupların zərərsizləşdirilməsi onun suveren hüququdur. Azərbaycanın  öz suveren hüququnu reallaşdırması da birbaşa Ali Baş Komandanın iradəsindən asılıdır. Cəmiyyətimiz bu anda, məhz Qarabağa görə xüsusilə həssas olmalıdır. Çünki koronavirus təkcə bizim sağlamlığımızı yox, həm də milli genefondumuzu təhlükə altında qoyub. Biz eyni zamanda “ordumuzda, əsgərlərimiz arasında bu xəstəlik yayılarsa vəziyyətimiz necə olar” sualını özümüzə verərək ehtiyatlı hərəkət etməliyik. Bütün bunları nəzərə alaraq hər birimiz məsələyə həssas yanaşmalıyıq.   

Hər “küçəyə çıxmamaq” qərarı, hər “evdə oturmaq” qərarı ordumuz, vətənimiz, ərazi bütövlüyümüz üçün bir hədiyyədir, bir töhfədir. Düzdür, zaman-zaman bir problem, digərini arxa plana atır. Lakin bu o demək deyil ki, problem unudulur. Sadəcə bu gün də əsas gündəmi koronavirusla mübarizə tutub və bu pandemiya təkcə Azərbaycana aid məsələ deyil. Lakin bu o demək deyil ki, Dağlıq Qarabağ məsələsi arxa plana keçib, xeyir. Dövlətin, dövlətin bütöv strukturlarının nəzarəti, istər silahlı qüvvələrimizin aidiyyati istiqamətləri, eləcə də bizim digər güc strukturlarımız, siyasi, xarici diplomatiyamız döyüşə, mübarizəyə tam şəkildə cavab verməyə hazırdır.

Tahirə Qafarlı

Xəbər xətti