“Hansısa rolun arzusunda olmamışam”

Elxan Rza: “Teatrda aktyorun bir dəfə oynamaq şansı var”

 “Sənətin məndən aldıqları o olub ki, bəzi şeylərdən kənar qalmışam. Zamanında bu sənətə çox bağlanmışam, ona görə də müəyyən şanslarımdan imtina etmişəm. İnanın səmimiyyətimə, mənə elə iş təklifləri olub ki, onları qəbul etsəydim, bugün mənim həyat tərzim, yaşayışım tamamilə başqa cür olardı”. “Üç nöqtə” qəzetinin qonağı Respublikanın Əməkdar artisti Elxan Rzadır.

-Uşaqlıq illərinizə nəzər salmağınızı istəyərdim...
-Hər kəsin uşaqlığı kimi mənim də uşaqlığım keçib. Sənətə olan sevgim də elə o illərdən başlayıb. Bu sevgini məndə valideynlərim yaradıb. Valideynlərim sənətə bağlı insan olub. Nə baxımdan deyirəm? Onlar incəsənətlə məşğul olmayıblar, lakin teatr, kino, ümumilikdə mədəniyyəti çox seviblər. Bu sevgi altında bizə mədəniyyəti yüksək səviyyədə təbliğ ediblər. Bu fikri həmişə demişəm, mənim aktyor olmağımın səbəbkarı valideynlərimdir. Uşaqlıqda televiziya ekranlarında hansısa bir film olanda valideynlərim o filmdəki aktyor və aktrisaları bizə tanıdırdılar və bizə film haqqında ətraflı məlumat verirdilər. Xüsusən atam rolları ifa edən aktyorlar barəsində bizi geniş informasiya ilə təmin edirdi.

-Teatr sizin üçün nə deməkdir?
-Əvvəl insanların teatra olan sevgisi və təlabatı daha çox idi, nəinki indi. Ona görə deyirəm ki, bugün teatr sönüb. Onun da günahı özümüzdə deyil, mənə elə gəlir ki, dünyada teatra maraq azalıb. Düzdür, bəzi Avropa ölkələrində, Rusiyada teatra olan münasibət yüksək səviyyədədir. Lakin, ümumilikdə, teatra insanlar getmirlər. Eləcə də bizdə. Keçmişlə müqayisədə teatra gedən yoxdur. İnsanların marağı efirədir, teleseriallaradır. Mənə elə gəlir bunun səbəbi efirlərdə teatrın reklamının az olmasıdır.

-Sənət sizdən nələri aldı?
-Sənətin məndən aldıqları o olub ki, bəzi şeylərdən kənar qalmışam. Zamanında bu sənətə çox bağlanmışam, ona görə də müəyyən şanslarımdan imtina etmişəm. İnanın səmimiyyətimə, mənə elə iş təklifləri olub ki, onları qəbul etsəydim, bugün mənim həyat tərzim, yaşayışım tamamilə başqa cür olardı. Hətta cəmiyyətdə olan nüfuzum da daha böyük olardı. Düzdür, bunlara görə o dərəcədə peşman deyiləm. Bunları özümə dərd eləmirəm, sadəcə “sənətin aldıqları” dediniz cavabladım. Sənətin aldıqları ilə yanaşı verdikləri də olub, həm də çox. Elə ən başlıcası bu sənətdən aldığım ləzzət olub.

-Sənətdə sizi nələr narahat edir?
-Sənətdə məni narahat edən əsas məqam odur ki, bu sahəyə-seriallara, filmlərə qeyri-sənət adamları cəlb olunur. Bunun da bəlli bir səbəbi var. İncəsənətdən olmayan insanlar çəkiləndə onların qonararı az olur və yaxud da ödənilmir. Bax bu baxımdan onları cəlb edirlər. Peşəkar aktyorları bu səbəblərdən dəvət etmirlər. Demirəm, peşəkar aktyorlar yoxdur, amma azlıq təşkil edir. Ümumilikdə götürsək, görərik ki, qeyri-sənət adamları daha çoxdur. Bu hal hətta teatrlara da ayaq açıb. Tək-tək adlarını çəkmək istəmirəm. Onsuz bilənlər bilir. Söylədiyim məqamlar sənətin bayağılaşmasına gətirib çıxarır. Buradan lazimi qurumlara müraciət edirəm ki, nəzarəti gücləndirsinlər, qeyri-peşəkar rejissorları, aktyorları bu sahədən uzaqlaşdırsınlar. İxtisası rejissor olmayan birinin film çəkməsi mənə görə qəbuledilməzdir. Bunlar çox ciddi məsələlərdir.

-Niyə teatr aktyoru kimi tanınırsınız daha çox? Yəni özünüz teatrı sevmisiniz?
-Teatrdan öncə aktyor sənətini sevmişəm. Özümü xüsusi olaraq ayırmamışam ki, sırf teatr aktyoru olum, ya kino. Mən aktyor sənətini seçmişəm. Yəqin ki, şansım burada daha çox gətirib. Əvvəldən kinoda və ya serialda daha çox çəkiləsdim, orada daha çox tanınardım. Bəxtim elə gətirib ki, teatrda populyarlaşmışam. Teatr aktyorları ilə kino aktyorları arasında həmişə belə bir fikir ayrılığı olur, onlar deyir, kino çətindir, teatr aktyorları isə deyir ki, xeyr, teatr çətindir. Sözün həqiqi mənasında teatr olduqca çətin bir sahədir. Teatrda aktyorun bir dəfə oynamaq şansı var. Nə göstərdinsə, odur. Kinoda isə bir neçə dəfə çəkilmək şansı olur.

-Rollarınızdan danışmağınızı istərdim...
-22 yaşımdan professional səhnədəyəm. Hətta ondan da qabaq professional səhnədə olmuşam təqribən 19-20 yaşımda. Lakin böyük rolları 22 yaşımda oynamışam. Bu illər ərzində çox rolları canlandırmışam. Məsələn, Hüseyn Cavidin “İblis” əsərində Arif, Cəfər Cabbarlının “Dönüş” əsərində Ötkün Zamanbəyli, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məshəti şah” əsərində Şahbaz bəy kimi rolları ifa etmişəm. Amma insanlar əsasən məni Cəlil bəy Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İskəndər kimi tanıyıblar. Yəni bu obrazla məni daha çox seviblər.

-Arzusunda olduğunuz hansısa bir rol varmı?
-Bilirsiniz, mən o tip aktyorlardanam ki, heç bir zaman hansısa bir rolun arzusunda olmamışam. Təbii ki, istəmişəm, maraqlı rol olsun. Aktyor üçün ən əsas obrazın maraqlı xarakterinin olmasıdır. Bu baxımdan da obrazın maraqlı olması ilə kifayətlənmişəm. Odur ki, istər dünya klassikası və ya dramaturgiyasından, istərsə də özümüzdən hansısa bir rol arzusunda olmamışam.

-Teatrdan hansı halda imtina edərsiniz?
-Dəfələrlə imtina etmək istəmişəm. Hərdən adam küsür teatra olan münasibətdən, teatra olan diqqətsizlikdən. Mən açıq danışmağı sevirəm, bəziləri kimi rəng verməyi sevmirəm. Mənə elə gəlir, Azərbaycan teatrı istənilən səviyyədə deyil. Bunun günahı kimdədir, tam deyə bilmərəm. Dünya teatrlarında qastrollarda oluruq, görürük. Yəni bizim teatrlarımız onlarla müqayisədə zəifdir. Teatrlarımız dünya teatrları səviyyəsində deyil.

-Elxan bəy, sizin üçün xoşbəxtlik teoremi nədir?
-Xoşbəxtlik anlayışı mənə görə real deyil. Yəni heç bir insan özünü tam şəkildə xoşbəxt hiss eləmir. Bəlkə də, xoşbəxtik, amma onun dəqiqliyini dərk edə bilmirik. Ola bilər, onu dərk etmirik. İnsan yaşadıqca, müəyyən problemlərlə rastlaşdıqca özünü xoşbəxt hiss eləmir. Mənə qaldıqda hazırda özümü xoşbəxt hiss edirəm.

-Bugün kimin üçün darıxırsınız?
-Açığı bugün heç kim üçün darıxmıram. Sadəcə bugün bir insan olaraq nigaranam. Bir vətəndaş olaraq nigaram. Hamı kimi mənim də mövqeyim var. Allah bizim dünyamızı bəlalardan qorusun. Bugün çəkiliş meydançası üçün darıxıram. İstəyərdim, günüm bütünlüklə çəkiliş meydançasında keçsin, səhnədə keçsin. Bax səhnə üçün darıxmışam. Gözəl və geniş səhnə üçün darıxmışam.

-Silməyi bacaran insansınız?
-Baxır nədə. Onu deyə bilərəm ki, ürəyimdə kin yoxdur. Amma baş verən hadisənin mənə təsiri və insanın münasibəti hər şeyi həll edir. Bax bu kimi məqamlar nəyisə və kimisə silməyimə təsir edə bilər.

-Geriyə boylananda nələri yada salmaq istəmirsiniz?
-Elə bir peşmançılığım yoxdur. Bəzi məqamlarda özümə sual verirəm ki, nələri özümə rəva bilmərəm, əgər geriyə qayıtsam? Olub belə bir hallar. Amma elə bir peşmançılığım yoxdur ki, nələrisə xatırlamaq istəməyim.

-Qarşınıza qoyduğunuz məqsəddən sizi nə döndərə bilər?
-Əgər məqsədim məndən böyük ağıllı insanlar tərəfindən qəbul edilməyəcəksə, ondan imtina edərəm. Mən insanam, ola bilər ki, ağlıma görə hansısa bir məqsəd qoyaram. Amma məndən böyüklər məsləhət bilsə ki, bu səhvdir, məqsədimdən dönə, imtina edə bilərəm. Məni istəyən böyük məsləhətini qəbul edən insanam.

-Elxan bəy, biri var kimdənsə qaçmaq, biri də var özündən. Siz kimdən qaçırsınız?
-Mən nəfsimdən qaçıram. Çalışıram, ona qalib gəlim. Mənim, təkcə mənim də yox, elə bəşəriyyətin ən böyük düşməni nəfsdir. Nəfsimin qurbanı olmamağa çalışıram. İnsan nəfsinə qalib gəlməlidir. Çalışıram mən də qalib gəlim.

-Alınmadısa, mən getdim, ya da daha inadlı olmalıyam. Sizdə hansıdır?
-Baxır işə. Əgər bir iş planlayıramsa, o, bir neçə cəhddən sonra alınmırsa, deyirəm ki, bu doğrudan da, mənim getdiyim məqsəd deyil. Deməli, məsləhət deyil mənim üçün. Düzdür, insan inad etməlidir, amma alınmırsa, demək məsləhət deyil.

-Qınayan insansınız?
-Bir çox hallarda insanları qınayıram. Bugün belə qınayıram. Deməyəcəm hansı hallarda qınayıram. Çünki onlardan danışsam, çox olacaq. Ümumiyyətlə, həyat var olduqca və insan olan yerdə problemlər də olub və olacaq. Bunu birmənalı qəbul etmək lazımdır. Bununla paralel qınaq da. Nə qədər ki, insan və yaşam var, qınaq da mütləq şəkildə mövcud olacaq.

-İçinizdəki “mən”...
-İçimdəki “mən”dən qısa danışacam. Məni necə görürsünüzsə, necə hərəkət edirəmsə, daxilimdəki “mən” də bax odur. Yalan, saxta görüntü mənə yaddır. Yəni olduğum kimiyəm. Necəyəmsə, eləcə də görünürəm.

-Sonda mənə bir sual maraqlıdır, ruhunuzla bu dünyanın adamısınız?
-Tam şəkildə bu dünyanın adamı deyiləm. Nə mənada bu dünyanın adamı deyiləm? Bu dünyanı başqa cür görmək istəyərdim. Mən dünyadakı insanları bundan da ali görmək istəyərdim. Daha da mələk kimi görmək istəyərim, saf, gözəl.

Rövşən Tahir

Tarix
10 Aprel 2020 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-10 17:14:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin