Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

18:39 - 8 Aprel 2020 - Xəbər

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Bu barədə Ucnoqta.az-a Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan məlumat verilib. Belə ki, aprelin 3-də saat 23 radələrində Xətai rayonunun ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən piyada 1966-cı il təvəllüdlü Ağacanov Sadat Şahmar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Chevrolet Niva” markalı 90-DU-370 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1978-ci il təvəllüdlü İbrahimov Fuad Alı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fuad İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər xətti