Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Konstitusiyasının aliliyini təmin etməkdir

18:06 - 8 Aprel 2020 - KİVDF

Hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir. Buna görə də bu və ya digər ölkənin demokratik inkişafı üçün konstitusiyanın qəbul edilməsi ilə yanaşı, onun aliliyinin təmin olunması, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin konstitusiya prinsipləri çərçivəsindən kənara çıxmaması üçün konstitusiya nəzarəti institutunun yaradılması da zəruridir. 

Hüquqşünas Günel Abdullayeva bildirir ki, Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericilik sistemində ən yüksəkdir. “Bu səbəbdən digər qanunvericilik aktlarının Konstitusiyaya zidd olmaması, onda əks olunan normaları, prinsipləri inkar edən müdəaların qanunvericilikdən təmizlənməsi, Konstitusiyanın hakimiyyətin yeganə mənbəyi olan xalqın iradəsi əsasında qəbul olunmuş qaydalara əks olan aktlardan mühafizə olunması zərurət kəsb edir. Çünki zaman keçdikcə qəbul edilən normativ sənədlərin sayı hədsiz dərəcədə artdığından onların qeyrikonstitusion olma riski xeyli çoxalır. Həmçinin konstitusiya nəzarəti digər hakimiyyət qollarının ehtimal edilən pozuntulara yol verməsinin qarşısını alır. Əvvəla, onu qeyd etmək lazımdır ki, Konstitusiya nəzarəti orqanının qanunların Konstitusiyaya “zidd olmaması”na nəzarət etməsi daha məqsədəuyğundur”

Konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə hüququn aliliyini təmin etmək, qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, konstitusiya ilə nəzərdə tutulmuş insan hüquqlarını və azadlıqlarını tam və dayanıqlı müdafiə etmək, pozulmuş hüquq və azadlıqları bərpa etmək imkanı yaranır, hüququn tətbiqi təcrübəsində ahəngdar, məntiqi inkişaf təmin olunur.

Təsadüfi deyildir ki, müasir dünyada konstitusiya nəzarəti institutu hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquq və azadlıqlarının müdafiə edilməsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edilir. Belə ki, tarixən uzun inkişaf yolu keçərək müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir, bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsinə, hüquq qaydasının gözlənilməsinə xidmət edir.

Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərindən çıxış edilərək, ölkəmizin hüquq sistemi üçün tamamilə yeni təsisatın - konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasının nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sistemində yerinin və rolunun müəyyənləşdirilməsi çox əhəmiyyətli hadisə olmuşdur. 1997-ci il oktyabrın 21-də "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 86-cı (Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir), 88-ci maddənin I hissəsi (Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.), 102-ci maddəsi (Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir.), 103-cü maddənin I hissəsi (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”), 104-cü maddənin II və III hissələri (Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır). 107-ci maddəsi, 130-cu maddəninn III-VII hissələri, 153 və 154-cü maddələri ilə müəyyən edilir.

Konstitusiya Məhkəməsinin təbiətindən irəli gələn əsas səlahiyyəti Konstitusiyanın 130-cu maddəsində sadalanmış normativ hüquqi aktların Konstitusiyaya və ya qanunvericilik iyerarxiyasında daha üstün hüquqi qüvvəyə malik akta uyğunluğunun yoxlanılmasıdır. Bu səlahiyyəti vasitəsilə məhkəmə Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz.

Xəbər xətti