Bu şəxslərə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ

22:14 - 7 Aprel 2020 - Xəbər

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nı təsdiq edib.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Qaydaya əsasən, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda  olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir.

Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydaya göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.  

Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə ödənilir:
- 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə;
- pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.

Nazirlər Kabinetinin bu gün açıqlanan Qərarına görə, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:  

1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 
2. əmək pensiyaçılarına; 
3. aylıq müavinət alanlara; 
4. aylıq təqaüd alanlara; 
5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 
6. işsizlikdən sığorta ödənişi alanlara; 
7. peşə hazırlığına görə təqaüd alanlara; 
8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 
9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 
10. əri və ya arvadı bu Qaydanın 1-ci - 8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 

Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. 

Xəbər xətti