Son günlər əmək müqavilələrinin sayı artıb- Nazir səbəbləri açıqladı

18:44 - 7 Aprel 2020 - Xəbər

“Bu ilin əvvəlinə Azərbaycanda işsiz əhali beş faiz təşkil edirdi ki, bu da 250 min insan idi. Onların 90 min nəfəri ötən ilin dekabrında qeydiyyata düşmüşdü. Yanvarın 1-nə olan məlumata əsasən,101 min insan qeydiyyata düşüb”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hesablamalara əsasən, 250 min insanın 50 mini ödənişli iş yerlərinə yönəldiləcək:

“Təqribən 200 min insanı bu vasitə ilə dəstəkləyə biləcəyik. Lakin müraciətlərin analizi göstərəcək ki, bu insanlardan nə qədəri sosial ödəniş almır. Onlar qeydiyyata düşdükcə onların hansısa müavinət, pensiya və subsidiya və ya başqa ödənişlər alması məlum olacaq. Bunun üzərindən real rəqəmi deyə biləcəyik. Bu gün biz bilmirik ki, kim harada işləyir. Yalnız əmək müqaviləsi ilə işləyənləri bilirik”.

Nazir bildirib ki, son 10 gündə əmək müqavilələrinin sayının 30 min artmasının iki səbəbi var:
“Birinci səbəb odur ki, əməkhaqqı fonduna görə dövlət dəstəyinin verilməsi idi. İkinci isə çölə çıxmağa görə işçilərə icazələrin alınması ilə əlaqə idi”.///Oxu.az

Xəbər xətti