Bakıda saxta icazə arayışı hazırlayıb satan şəxs tutuldu - Foto

16:17 - 6 Aprel 2020 - Xəbər

Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq, 20 manata satan şəxs və onun “müştəriləri” saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq, 20 manata satan şəxs saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini - “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdən saxta icazə arayışları çap edib.

O, saxta icazə arayışlarını 20 manata tanışları - paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə satıb. Hər üç şəxs polislər tərəfindən saxlanılıblar. Onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.
DİN bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.


Xəbər xətti