Psixoloq: “Kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz”

14:13 - 6 Aprel 2020 - Cəmiyyət

Ramil Nəcəfli: “Psixoloji xəstələr koronavirisin hesabına özlərinə "haqlı səbəblər" tapıblar”

Koronavirus pandemiyasının ölkə miqyasında yaratdığı karantin mərhələsindəyik. Belə bir vaxtda psixoloji balansını qoruyub proseslərə səbrlə yanaşan insanlarımızla bərabər, ən adi hadisədən qorxu, faciə yaradan psixoloji “dis-balansı” olan insanlar da var. Məhz belə bir şəraitdə psixoloji cəhətdən zədəli olan belə adamların hadisələrə necə yanaşmaları, hansı ampluadan baxmaları və onlarla psixoloji işin necə qurulması maraqlı nüanslardan biri kimi ortaya çıxır. Təbi ki, hazırki şəraitdə psixoloqların sosial-ictimai sferaya ünvanlanaraq insanlara psixoloji dəstək göstərməsinə xüsusilə ehtiyac var. Hazırda psixoloji xəstələrdə hansı gərgin durum yaranıb.

Psixoloq, təlimçi Ramil Nəcəfli bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə” –yə verdiyi açıqlamada çox maraqlı nüanslara diqqət çəkib. O, bildirib ki, psixoloji xəstələr koronavirisin hesabına özlərinə "haqlı səbəblər" tapıblar”. Psixoloq, məsələyə psixologiyada mövcud olan “möhtəşəm 3-luk -Təhlükə, Qorxu və Reaksiya- anlayışını açmaqla yanaşıb.

“Adətən təhlükə olduğu zaman normal olaraq insan qorxur, təşviş keçirir, həyəcanlanır və həmin qorxudan dolayı tədbir alır. Başqa sözlə təhlükədən qaçır. Bu normaldır. Lakin psixoloji pozuntu yaşayan, psixoloji xəstələr, yaxud ruhi tarazlığını itirmiş adamların çoxunda daşıdığı xəstəlik hansısa təhlükənin, real riskin fonunda baş vermir. Onun psixoloji xəstəliyi anormal, həm də şüuraltı olaraq baş verir. Yəni onun qorxusuna, stressinə, təşvişinə səbəb olan real təhlükə olmur. Konkret desək, “Panik Atak” deyilən psixoloji xəstəlik, “Sarışan hallar nevrozu”, “Obsessiv-Kompulsiv Pozuntu”, “Fobiya”larin əksər növlərindən əziyyət çəkən insanların belə baxanda haqlı səbəbləri olmur. Məsələn, “Panik atak” xəstəsi durduğu yerdə qəfildən dəhşətli dərəcədə sıxılır, boğulur, nəfəs darlığı, əllərdə tərləmə, ölüm qorxusu, ürək nahiyəsində ağrı tutmasından əziyyət çəkir. Bəzilərində tutma zamanı mədəsi ağrıyır, öyümə, qusma baş verir.

Bir xeyli “Obsessiv Kompulsiv Pozuntu”dan əziyyət çəkən insanlar əllərini az qala dərisi soyulanacan yuyur, sabunlayir, spirtləyir. Bunu dəfələrlə edir. Təmizliyin və dezinfeksiyanin həddini asırlar.
“Agorofobiya”sı olan adamlar küçəyə çıxmaqdan çəkinir. Vaxtını evdə keçirir. Çölə çıxanda özlərini olduqca pis hiss edirlər. “Sosial fobiyası” olan adamlar izdihamlı, adamların çox olduğu məkanlardan qaçırlar. Toyda, məclisdə, tədbirlərdə özlərindən asılı olmayaraq boğulma, sıxılma, darıxma, həyəcan və təşviş halları ilə baş-basa qaldıqları üçün adam arasında çox olmurlar. Auditoriya içərisində əksəriyyətini tər aparır.Depressiyadan əziyyət çəkən insanlar da özünə qapılır, dost-tanışla ünsiyyətdən qaçır, həyatın mənasiz olduğunu fikirləşir. İnamsız, ümidsiz olurlar. Heç nəyə həvəsləri olmur. Ya həddən artıq yuxusuz olurlar, ya da həddən çox yatırlar.

Qeyd etməliyəm ki, yuxarıdakı digər psixoloji xəstəliklərdən fərqli olaraq “depressiya” adətən şüurlu səbəb üzündən baş verir. Yəni məsələn, kimisə, nəyisə itirmək, ayrılıq, sevgi travması, xəstəlik, kiminsə vəfat etməsindən sonra baş verir. Bununla belə bəzi fəsillərdə klimakterik səbəbdən depressiyaya düşənlər də az deyil”.

Psixoloq bildirib ki, hazırda qeyd olunan psixoloji xəstələr artıq koronavirus balasının və onunla birgə gələn karantin üzündən özlərinə "haqlı səbəb" tapıblar. Həkim hazırki şəraitdə belə xəstələrin vəziyyətlərindəki gərginlik daha da çoxalıb. Belə ki, onun szölərinə görə, evə qapılan, əllərini tez-tez və az qala hər dəqiqə, hər saat yuyan adamlar, adam arasına çıxmaq istəməyənlər, ünsiyyətdən qaçanlar, qorxu, panika və təşviş tutması keçirənlər, dünyanın etibarsız olduğunu fikirləsənlər və həyata, insanlara qarsi ümidsiz olanlar Koronavirusun hesabına əllərinə "kozır" düşüb.

“İndi onlar özlərinə haqq qazandirirlar. Öz qorxularını öz vasvasılıqlarını, melnxolikliklərini və yaxud fobiyalarını real təhlükə ilə əlaqələndirirlər. “Yəqin ki, çevrəsində əvvəllər onları qınayan yaxınlarına, dostlarına deyirlər ki, "gördüz, məni məzəmmət edirsiz, halbuki mən haqlıyam. Daha bu vəziyyətdə kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz.Yaxud, onların psixoloji xəstəliyi özünə konkret təhlükə mənbəyi tapdığı üçün daha da dərinləşmis olacaq.

“Çox maraqlı bir situasiyadir. Öz psixoloji xəstəliyinə "Haqlı səbəb" tapmış insanlarla işləmək, onları yaxşılaşdırmaq ikiqat əzm və iradə, peşəkarlıq, böyük həvəs tələb edir. Tezliklə bu kutləvi psixoloji gərginliklərdən ölkəmizin və xalqımızın xilas olmasini diləyirəm”-deyə, R.Nəcəfli psixoloji xəstələrlə işin çətinləşdiyini qeyd edib.

Tahirə

Xəbər xətti