Millət vəkili: “Artıq Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır!”

13:43 - 4 Aprel 2020 - SİYASƏT

Elman Nəsirov: “Aprel döyüşləri bütün dünyaya nümayiş elədi ki...”

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Aprel döyüşləri kimi tarixləşən bu döyüş Azərbaycanın böyük zəfərinin başlanğıcı oldu.
Aprel döyüşləri işğal altında qalan torpaqların azadlığı uğrunda aparılan mübarizələrimizdə bir işıq, bir mayak rolunu oynamaqdadır. Torpaqların işğalı və azadlığı istiqamətində cərəyən edən proseslər isə birmənalı qiymətləndirilmir.

“Üç nöqtə”xəbər verir ki, Milli Məclisin deputatı Elman Nəsirov müsahibəsində bu və ya digər məsələlərə aydınlıq gətirib.

“Ey beynəlxalq ictimaiyyət, ey ATƏT-in Minsk Qrupu, ey digər beynəlxalq təşkilatlar! Nə qədər ki, gec deyil, bu münaqişəni dinc yolla həll edin!”

- Elman müəllim, Aprel döyüşləri Azərbaycan cəmiyyətinin illərdir davam edən Qarabağ münaqişəsi ilə bağlı baxışlarında nələri dəyişdi. İllərdir torpaqları işğal altında qalan Azərbaycan insanında hansı ümidləri doğurdu və qarşısına hansı məsuliyyəti qoydu?
- Aprel döyüşlərinə qədər artıq Azərbaycanın siyasi və diplomatik üstünlüyü əldə edilmişdi. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, eyni zamanda sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat reaksiya verərək, xarici siyasətimizə bir çeviklik, innovatiklik,  bir hücum taktikası əlavə etmişdi. Bunun da sayəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənmiş, Azərbaycana etibarlı tərəfdaş kimi yanaşırdılar. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 2 il müddətinə qeyri-daimi üzv seçilməsi də dediklərimizin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Belə olan vəziyyətdə Azərbaycanın siyasi üstünlüyünün nəticəsi idi ki, heç bir dövlət, hətta işğalçı rejimin özü belə bu qondarma rejimin müstəqilliyini tanıya bilməmişdi.

Diplomatik üstünlüyümüz onda idi ki, Aprel döyüşlərinə qədər və ondan sonra da Ermənistanın qondarma rejimdə bir neçə dəfə həyata keçirdiyi referendumun nəticələrini heç bir dünya dövlətləri, heç bir təşkilat, qonşu dövlət tərəfindən tanınmamışdı. Eyni zamanda mart ayında növbəti bir qondarma parlament və prezident seçkiləri keçirildi, yenə də onu heç bir dünya dövləti, beynəlxalq təşkilatlar tanımadı. Azərbaycanın siyasi diplomatik üstünlüyü bəlli idi. Yeganə burada Azərbaycanın hərbi üstünlüyü məsələsinin təminatı idi. Ermənilər çox zaman əllərində bayraq edirdilər ki, “torpaq sizindirsə, gücünüz varsa gəlin alın”. Aprel döyüşləri ilk dəfə Azərbaycanın işğalçı Ermənistan üzərindəki hərbi üstünlüyünü ortaya qoydu. Aprel döyüşləri, “Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda yaratdığı istehkamlar keçilməzdir” məlumatlarını bir sabun köpüyü kimi bir neçə saat ərzində məhv etdi. Onların keçilməz hesab etdikləri istehkamları Azərbaycan əsgərinin döyüş ruhu, onun hərbi texnikası çox böyük sürətlə darmadağın elədi. Azərbaycan əsgəri vətənə, torpağa məhəbbətini bütün mənalarda göstərmiş oldu. Eyni zamanda, o da məlum oldu ki, xalqla dövlətin, hakimiyyətin birliyi ən yüksək səviyyədədir. Xalqımızın, dövlətimizin öz şəhidlərinə olan etiramının yüksək səviyyədə olduğuna şahidlik elədik. Aprel döyüşləri bütün dünyaya nümayiş etdi ki, Azərbaycan heç bir zaman torpaqlarının işğal altında qalması ilə barışmayacaq.

Nəticə çıxarın, ey beynəlxalq ictimaiyyət, ey ATƏT-in Minsk Qrupu, ey digər beynəlxalq təşkilatlar! Nə qədər ki, gec deyil, bu münaqişəni dinc yolla həll edin. Əgər düşünürsünüzsə ki, status-kvo vəziyyəti dəyişməzdir, səhv edirsiniz. Status-kvo mütləq dəyişməlidir və Azərbaycan torpaqlarında ərazi bütövlüyümüz təmin edilməlidir. Aprel döyüşləri bütün bu həqiqətləri üzə çıxardı eyni zamanda  münaqişə ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun fəaliyətinin fəaliyyətsizliyini növbəti dəfə üzə çıxardı. Şünki onlar öz fəaliyyətlərini üstün tutmaq üçün “bizim fəaliyyətimiz olmasaydı, çoxdan müharibə başlayardı” bəyanatlarını verirdilər. Amma aprel döyüşləri göstərdi ki, onların bu illüziyasının da heç bir əsası yoxdur. Müharibə istənilən halda başlaya bilər və aprel döyüşləri bunu bir daha təsdiqlədi. 

Aprel döyüşləri dövlət başçısının dediyi kimi Azərbaycan tarixinin öyündüyü şanlı səhifəsidir. Bu gün Azərbaycan əsgəri Aprel döyüşlərindəki o fədakarlığını  unutmur və Azərbaycan əsgərinin gözündə erməni əsgərinin çox aciz bir forması formalaşıb.

- Elman müəllim, siz də qeyd etdiniz, Azərbaycanın tarixində soyqırımlar, işğal faktları var və bu gün də qalır və Azərbaycan əsgərinin aprel döyüşlərində rəşadəti danılmazdır. Amma o da məlumdur ki, aprel döyüşləri çox qısa çəkdi, çünkü beynəlxalq təşkilatar, hansısa güclər müharibəni davam etdirməyə imkan vermədilər. Bax torpaqlarınızı işğaladan azad etmək üçün bu maneələri necə aşacağıq?
- Heç şübhəsiz ki, biz bu baryerləri aşmalıyıq. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün beynəlxalq hüquq, sözün əsl mənasında işləmir. Bu gün beynəlxalq hüququ, BMT-nin nizamnaməsini yaradan, Helsinki yekun aktına imza atan dövlətlər, bir sıra hallarda beynəlxalq hüquqdan öz geosiyasi maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Necə ola bilər ki, BMT nizamnaməsinin 7-ci fəslində ayrıca şəkildə göstərilib ki, yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə  bu və ya digər dövlətə qarşı sanksiya və eyni zamanda həmin dövlətə qarşı hərbi güc tətbiq edilə bilər. Amma fikir verdinizsə, 1999-cu ildə ABŞ silahlı qüvvələri Yuqoslaviyanı 78 gün bombaladılar, amma ortada BMT Təhlükəsizlik Şurasının qətnaməsi yox idi. 2000-ci ilin mart ayının 29-dan 30-na keçən gecə eyni aqibəti İraq yaşadı, sonra Liviya yaşadı. Yenə də ortada belə bir qətnamə yox idi. Amma başqa bir halda lazım gələndə qətnaməni qəbul edib onu icra edirlər. Bəzən də qətnamələr kağız üzərində qalır. Bax biz həmin vəziyyəti yaşayırıq. 1993-cü illərdən üzü bəri, düz 27 ildir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib, amma heç biri icra olunmur. Ona görə də təbii ki, bu beynəlxalq hüquq üçün utandırıcı haldır.  Beynəlxalq hüquq lazım gələndə işləyir, lazım gəlməyəndə işləmir. Bax buna ikili standar deyirlər və bu gün dünyamız bu haqsızlıqdan, ədalətsizlikdən çox böyük əziyyət çəkir. Və mən deyərdim ki, dünyamız öz tarixində indiki qədər ədalətsiz olmayıb. İndiki qədər ədalətsiz addımlar atmayıb. İndiki dünyada hüququn gücü yoxdur, gücün hüququ var,  deməli güclü olmaq lazımdır. Və nə yaxşı ki, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev Azərbaycan dövlətinin gücləndirilməsi istiqamətində bütün imkanlardan  istifadə edir.

Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu gün qısa müddətdə Azərbaycanda hərbi təyinatlı zavodlar işləyir və 200 adda hərbi təyinatlı məhsullar istehsal olunur. Biz özümüzün hərbi sənayemizi yaratmışıq. Biz daha da güclənməliyik, müdafiə qabiliyyətimizi artırmalıyıq. Dünyanın bu ikili standartları bizə o dərsi də verdi ki, indiki halda güc həlledici amildir və bu reallıqdan maksimum faydalanmaq lazımdır. Ali  Baş Komandanın sözləri ilə desək, bir çıxış yolumuz var: “Biz güclənməliyik, güclənməliyik, güclənməliyik!”

“Biz birik, həmrəyik, eyni zamanda hərbi baxımdan da güclüyük”

- ATƏT-in fəaliyyətsizliyi, beynəlxalq təşkilatların ikili standartı hər zaman qeyd olunur və siz də bu gün bu barədə bildirdiniz. Bir çox hallarda da belə fikirlər səsləndirilir ki, nə vaxta qədər ki, bu Minsk Qrupu var və guya bu missiyanı həyata keçirir, münaqişənin həlli də mümkünsüzdür. Buna fikriniz nədir?
- Düzdür, ATƏT-in Minsk Qrupunda 11 dövlət təmsili olunur. Amma onun həmsədrləri 3 dövlətdir – ABŞ, Rusiya, Fransa. Bu üç dövlət də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biridir. BMT Təhlükəsizlik Şurası elə bu dövlətlərin əsasında formalaşıb. Belə olan vəziyyətdə bu üç dövləti kənara qoyub, digər dövlətləri bu prosesə cəlb eləməklə nə baş verə bilər? Axı bu üç dövlət dünyanın ən güclü dövlətləri sırasında birinci ilk üçlüyü paylaşırlar. Bu reallığı da nəzərdən qaçırmaq olmaz. Bu missiya başqa bir təşkilata tapşırılacağı və yaxud üç həmsədri bəyənməyib onlardan imtina edəcəyimiz təqdirdə problemin öz həllini tapacağına inanmaq çətindir. Hesab edirəm ki, həlledici amil bu olmalıdır: biz müharibəyə başlasaq, bu uzunmüddətli müharibə olmamalıdır, bu ildırımsürətli müharibə olmalıdır. Yəni düşmən özünə gəlib beynəlxalq ictimaiyyəti ayağa qaldrmaq istəyəndək, artıq Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır. Qalibləri heç bir zaman mühakimə etmirlər. Biz öz əzəli, tarixi torpaqlarımız olan Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizə bayrağımızı sancandan sonra kim bizi ordan çıxarda bilər!? Bunun üçün də son dərəcədə güclü olmaq lazımdır və bunun üçün də ilk növbədə biz daxilən güclü olmalıyıq. Bizim iqtisadiyyatımız güclü olmalıdır, ölkəmizdəki hakimiyyət-xalq birliyini göz bəbəyi kimi qorumalıyıq, daha da gücləndirməliyik. O ölkələr bu gün böyük dövlətlərin əlində alətə çevrilir və yaxud da xaos, anarxiya, vətəndaş müharibəsi məkanına çevrilir ki, orda xalq-hakimiyət birliyi yoxdur, xalq öz hakimiyyətini müdafiə eləmir. Böyük dövlətlər bundan istifadə edir “parçala hökm sür” siyasətini işə salır, uduzan isə xalqlar olur, faciələr yaşamalı olurlar. Deməli, ilk növbədə bizim bu müstəqillik dövründə ən böyük tarixi nailiyyətimiz  olan müstəqillik dövründə biz bu sabitliyi qorumalıyıq, bu təhlükəsizlik mühitini, bu inkişafı qoruyub saxlamalıyıq. Bunun da yolu xalq- dövlət birliyindən, xalq-hakimiyət birliyindən keçir. Bunu heç bir zaman yaddan çıxarmaq olmaz. Biz daxilən  güclü olanda immunitetimiz də güclü olur.

Bu gün koronaviris  pandemiyası orqanizmin möhkəmliyi məsələsini gündəmə gətirib. Bu təkcə canlı orqanizmlərə aid deyil. Bu eyni zamanda dövlətlərə də aiddir. Dövlətlərin təhlükələr qarşısında immuniteti güclü olanda, o davamlı olur və son anda qalib gələ bilir. Ona görə də dövlətimizin daxili immuniteti güclü omalıdır, xalqımız Prezident ətrafında monolit  birlik nümayiş etdirməlidir. Belə olan surətdə biz istənilən hədəfimizə çatacağıq. Söhbət yalnız zaman söhbətidir. Aprel döyüşlərində, üç rayonun xeyli ərazilərini geri qaytara bildik. Naxçivanda çox geniş ərazilər geri qaytara bildik. Bu da onun sayəsindədir ki, biz birik, həmrəyik, eyni zamanda hərbi baxımdan da güclüyük.

- Elman müəllim, belə qeydlər var ki, məhz aprel döyüşlərinin inkişaf etməsinə, davamlı olmasına Rusiya maneə törətdi. Belə qeydlər var ki, bu münaqişəni Rusiya başlayıb, elə Rusiya da bitirməlidir. Bu cür yanaşmaların anlamı nədir, istərdim bu barədə fikrinizi deyəsiniz?
- Hər halda Yeltsin dövrü Rusiyası ilə Putin dövrü Rusiyası eyni deyil. Bəli, torpaqlarımızın işğal altına düşməsində Yeltsin dövrü Rusiyasının, Qarbaçov dövrü Rusiyasının çox böyük xidmətləri olub. Onlar erməni şovinistlərini, separatçılarını münaqişəyə təlqin ediblər, onlara maliyyə dəstəyi, iqtisadi, siyasi, diplomatik və ən başlıcası hərbi dəstək göstəriblər. Beləcə, torpaqlarımız işğal olundu, eyni zamanda biz Xocalı soyqırımını yaşadıq.

Putin Rusiyası, hesab edirəm ki, praqmatik siyasət həyata keçirir. İndi siz Paşinyanın leksikonuna baxsanız, o ən çox Rusiyanı bir məsələdə tənqid edir ki, siz niyə Azərbaycanla əməkdaşlıq edirsiniz, niyə ən müasir silahlarınızı Azərbaycana satırsız və həmin silahlar da aprel döyüşlərində bizim əleyhimizə istifadə edildi. Bu gün Ermənistan Rusiyanı Azərbaycanla dostluq etməkdə ittiham edirsə, bunun da motivlərini başa düşmək mümkündür. Ona görə də bu gün “Rusiyanın təzyiqi ilə döyüşlər saxlanıldı, Rusiya torpaqlarımızı işğal elədi” fikirlərini bütövlükdə Rusiyaya qarşı yox, onun ayrı-ayrı dövrlərinə qarşı səsləndirmək lazımdır. Bəli, Putin Rusiyası Azərbaycan torpaqlarını işğal etməyib. Bəli, Rusiya Ermənistanla KTM-də strateji müttəfiqdir, amma Azərbaycanla geniş diapazona malik strateji tərəfdaşdır. Azərbaycan dövlət başçısı ilə Rusiya Prezidenti arasında çox sıx təmaslar var və hesab edirəm ki, bütün bunları reallıqdan qaçırmaq olmaz. Bu gün Ermənistan çox istərdi ki, Azərbaycan-Rusiya münasibətləri korlansın, münasibətlərimiz pisləşsin, çünki bu Ermənistanın mənafeyinə uyğundur. Ona görə də biz imkan verməməliyik ki, Azərbaycan- Rusiya münasibətlərinə xələl gətirilsin. Ən azı ona görə ki, Ermənistan hakimiyyəti bu münasibətlərdən çox narahatdır. /ucnoqta/

T.Qafarlı

Xəbər xətti