Millət vəkili: “Aprel döyüşləri vəziyyəti köklü şəkildə dəyişdirdi”

15:10 - 2 Aprel 2020 - SİYASƏT

Asim Mollazadə: “Ermənistanın arxasında duran qüvvələr olmasaydı, Azərbaycan qələbəni qısa müddətdə çala bilərdi”

“Aprel döyüşləri vəziyyəti köklü şəkildə dəyişdirdi. Azərbaycan hərbçiləri gücünü həm erməni işğalçılarına, həm də  bütün dünyaya nümayiş etdirdi”. “Üç nöqtə” xəbər verir ki, bunu millət vəkili Asim Mollazadə aprel döyüşləri ilə bağlı yaxın hərb tariximizə nəzər salarkən bildirib.

“Əslində Ermənistanın arxasında duran qüvvələr olmasaydı, Azərbaycan öz qələbəsini qısa müddətdə çala bilərdi. Ermənistanda baş verən hakimiyyət dəyişiklikləri, yaranan problemlər məhz aprel döyüşlərindən sonra başladı. Ermənilər Azərbaycanın gücünü anladılar. Və hazırda özlərinə hansısa yeni sahiblər axtarmağa çalışırlar ki, öz cinayətkar, işğalçı siyasətlərini qoruya bilsinlər”.

Beynəlxalq təşkilatların ikilistandartlı yanaşmaları və eləcə də işğal faktının dünyaya çatdırılması ilə bağlı aparılan təbliğat, lobbiçilik, diaspora işinin ciddi şəkildə qurulmasına, bu problemdən uğurla çıxmaq üçün Azərbaycanda milli birliyə ehtiyac olduğu dəfələrlə qeyd olunur. Və əsas missiyamızın öz həllini tapa bilməməsi hər kəsi səfərbər olmağa çağırır.

Millət vəkili bu mənada hesab edir ki, problemin həlli istiqamətdə çox ciddi addımlar atılır.
“Xüsusilə xatırlatmaq istərdim ki, Prezident tərəfindən bir sıra addımlar atılıb. Prezidentin bu istiqamətdə müxalifətlə məsləhətləşmələri, bütün siyasi qüvvələrin müvafiq söhbətlərə dəvət olunması onu göstərir ki, bu gün Azərbaycanda milli barışığa, hamının bir məqsəd uğrunda birləşməsinə çox böyük ehtiyac var.  Ermənisatanla istər sərgərdə, istərsə də dünyada aparılan informasiya mübarizəsində biz bütün azərbaycanlıları birləşdirməliyik. Böyük qələbəni çalmaq üçün milli dövlətin ətrafında milli birliyə nail olmalıyıq”.

Millət vəkili növbəti aprel döyüşləri ilə bağlı zəruri döyüşlərin yarana biləcəyini də istisna etmir. Eyni zamanda bildirib ki, Azərbaycan ilk növbədə münaqişənin sülh yolu ilə, qansız-qadasız həll olunmasına çalışır.

“Azərbaycan münaqişənin sülh yolu ilə həll etmək istəyir. Təbii olaraq biz beynəlxalq təşkilatlardan, beynəlxalq ictimaiyyətdən bu yolda dəstək gözləyirik. Lakin Ermənistan öz təxribatını davam etdirsə, bilməlidir ki, Azərbaycanın bu təxribatları dəfv etməyə, münaqişəni istənilən formada həll etməyə gücü var”.

Tahirə

Xəbər xətti