“Aprel döyüşləri bizim şanlı qələbəmizdir”- Akşin Hüseynov

14:38 - 2 Aprel 2020 - Xəbər

Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqqədaratında böyük rol oynayıb. Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirsək yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyimizə tam əsas verir.

Bu sözləri Qarabağ DNK rəhbəri, VKC Karate Do Federasiyasının birinci vitse-prezidenti Akşin Hüseynov Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin il dönümü ilə bağlı Ucnoqta.az-a açıqlamasında bildirib.

Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Ən başlıçası aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirdi. Əgər ümumiləşdirsək dörd gün davam edən döyüşlər dörd danılmaz həqiqəti üzə çıxartdı. Bu həqiqətlərdən biri və birincisi hərbi müstəvidə tərəflərin nəyə, hansı gücə və potensiala malik olduqlarının açıq şəkildə görünməsidir.

Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü. Ordudan kütləvi yayınma və fərarilik halları Ermənistan rəhbərliyini məcbur etdi ki, döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etsinlər. Belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldi.

Bütün bunların məntiqi nəticəsi olaraq illər boyu Ermənistan iqtidarı tərəfindən sadə xalqın beyninə yeridilən "qalib ordu" imici, "güclü ordu" mifi darmadağın edildi. Ən nəhayət, Ermənistan prezidenti yüksək rütbəli hərbçiləri vəzifələrindən azad etməklə, cəzalandırmaqla, həbs etdirməklə ordunun yarıtmazlığını özü sübut etdi. Real faktlar onu göstərdi ki, Ermənistanda ordu quruculuğu işi sıfır səviyyədədir. Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur.

Yüksək peşəkarlıq, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik. Sevidirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önəmli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır. Sonunda bir daha Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm! Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Allah bütün xalqımızı qorusun!    

Xəbər xətti