Fəzail İbrahimli: “Mart soyqırımı Moskvanın yürütdüyü siyasət idi”

12:46 - 2 Aprel 2020 - SİYASƏT

Fəzail İbrahimli: “İşğalçı ərazilərimizi işğal edib orda özünə “hökumət” qurur və hamı bunun qanunsuz olduğunu bilsə də, göz yumurlar”

Azərbaycan Milli Məclisinin deputatı Fəzail İbrahimlinin “Üç Nöqtə”yə müsahibəsi.

- Fəzail müəllim, 31 mart- Azərbaycanlıların Soyqırım Günü  tarixinə bu gündən baxanda onu necə qiymətləndirərdiniz. Həmin tarixlə bağlı faktları dünya ictimaiyyətinə yetərincə çatdıra bilirikmi?
-Dövlət başçısının soyqırım haqqında sərəncamı var: 31 Mart Azərbaycan xalqının soyqırım günüdür. 31 mart Azərbaycan xalqının tarixi taleyində soyqırım, bir faciə kimi qeyd olunur. Amma Azərbaycana qarşı soyqırımlarla bağlı məsələyə təkcə “31 mart” müstəvisində yanaşmaq olmaz. Kalendar səhifələrində də yanlış olaraq yazıblar ki, soyqırım martın 30-da başlayıb, aprelin 2-nə qədər davam edib, 31 mart tarixi isə qırğının kluminasiya nöqtəsi olub. Bu yanlış yanaşmadır. Soyqırım aprel ayında da davam edib və Türk Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Azərbaycana gələnə qədər davam edib. Yəni ilk növbədə soyqırımla bağlı yanaşma düzgün olmalıdır. “31 mart” tarixini simvolik olaraq götürüblər. Əslində bu hadisələr mart, aprel, may, iyul və sentyabrın 15-ə qədər bu və ya digər formada davam edib. Əslində Türk Qafqaz İslam Ordusu Bakıya daxil olanda şəhərdə müsəlman əhalisi qalmamışdı. İnsanlar, hərə bir kənara çəkilmişdi. Qırğınlar Qubada, Şamaxıda, Gəncədə və sair başqa yerlərdə baş vermişdi.

Bu mənada, birincisi, soyqırımla bağlı düşüncələr ortalığa qoyulanda, bu məqamlar yerinə yetirilməlidir. Belə bir fikir yaranmamalıdır ki, martın 31-də soyqırım törədildi və bununla da qurtardı.
İkincisi, ermənilərin Azərbaycanda törətdikləri cinayətlərdən, soyqırımlardan danışanda bu hadisələri təkcə mart hadisələri ətrafında yozmaq, qeyri-elmi və bir qədər də tarixdən geri çəkilməkdir. Nəyi nəzərdə tuturam: Məgər bizim bu faciəmiz təkcə mart ayındamı baş vermişdi. Təqvimə fikir verək: 20 yanvar faciəsi, Xocalı soyqırımı, mart soyqırımı, aprel, Kəlbəcərin işğalı və Cumhuriyyətin süqutu, may, Şuşanın işğalı... Bir anlıq fikir verin, 1990-cı il yanvarın 20-dən başlanan bu soyqırım, noyabrın 20-də təyyarə qəzasında Azərbaycanın görkəmli ziyalılarının qətli ilə yekunlaşdı. Tarixi təqvimin oxşarlığına fikir verin. İndi sual olunur, biz mart soyqırımını bizə olan faciəli səhifələrindən biri kimi  təqdim etməliyik.

Üçüncü məqam: sual olunur, əslində bunu bizim övladlarımız, universitetdə oxuyan tələbələrim məndən soruşurlar. Necə ola bilir; tarix böyü bizim başımıza döyüblər, bizə qaşı soyqırım törədiblər, o zaman niyə bu hadisələrin qarşısında bu qədər zəif, geriçəkilmə mövqeyi sərgilənib. Məsələnin kökündə bu durur: “Sən kiminlə vuruşmusan, niyyət nədən ibarət olub, məqsəd nəyə yönəlib”. Bax, bu suallara cavab verəndə, ədalətli cavabı olur.
Yanvarın 20-də baş verən qırğından tutmuş, 20 noyabr hadisəsinə qədər, ermənilər heç vaxt öz silahlı qüvvələri ilə müstəqil şəkildə, kənar qüvvələrin təsiri olmadan Azərbaycanla üz-üzə qalmayıblar. Götürək elə mart soyqırımını, kim törətdi; Şaumyanın başçılığı altında bolşevik-daşnaq  qüvvələri. Bu da Moskvadan idarə olunurdu, Moskvanın yürütdüyü siyasət idi. Yanvar hadisəsini kim törətdi; - “11-ci Qızıl ordu”.

“...ermənilər, həmişə böyük dövlətlərin Azərbayacandakı siyasətini reallaşdırmaq üçün birləşib addım atıblar”

Yəni arxasında böyük gücün durduğu ermənilər, həmişə böyük dövlətlərin Azərbaycandakı siyasətini reallaşdırmaq üçün birləşib addım atıblar. Lakin bu məqamdan istifadə edib, ermənilər həm özünün düşmənçilik siyasətlərini yerinə yetirib, həm də düşmənçilik mövqeyini ortaya qoyub və türksüz bir Qafqazın yaradılmasına rəvac verə biləcək addımlar atıbalar.  İndi tarixdə elə anlar var ki, SSRİ dağılana qədər üzə çıxmırdı.  Mən bir rəqəm deyim: 1918-ci ildə qurulan Cumhuriyyətimiz devrilənə qədər, fasilələrlə olsa da Qarabağda müsibətlər törədilirdi.  Amma biz müqavimət göstərirdik. 1920-ci ilin aprelındə Azərbaycan işğal olundu. 1920-ci il aprelin 27-dən 1921-ci ilin avqustuna qədər isə 48 min azərbaycanlı güllələndi...

-Bir qədər əvvəl 31 Mart soyqırımı ilə bağlı məsələyə düzgün, elmi yanaşmanın lazım olduğunu dediniz. İstərdim bu məsələyə bir qədər aydınlıq gətirəsiniz?
-Dövlət başçısının rəsmi fərmanı ilə 1997-ci ildə 31 mart soyqırım  günü kimi elan olundu. Bunun simvolik mənası ondan ibarət idi ki, bizə qarşı soyqırım törədilib. Deməyim odur ki, bu millət başqa tarixlərdə də çox dəhşətli anlar yaşayıb. Məsələn, 1920-ci il aprel ayının işğalından sonra, may ayının 25-də Gəncədə sovet hakimiyyətinə qarşı üsyan oldu və orda 12 min insan qırıldı.  Bu mənada hesab edirəm ki, 31 Mart soyqırımını simvolik olaraq dünyaya çatdırmaq və soyqırım siyasəti yeridən məkrli düşmənlərimizin, onların havadarlarının əməllərini ifşa etmək üçün tarixi bir andır.

- Fəzail müəllim, siz də faktları qeyd etdiz: torpaqlarımız işğal olunub, soyqırımlara məruz qalmışıq. Dediniz ki, gənclər də bunu sizdən soruşur və hələ də cəmiyyətimiz bu suala cavab tapa bilmir- “nə vaxta qədər bu qədər əzilmələrə dözməliyik?”
-Cavabın ilkin variantı büdür ki, biz heç bir mühribədə ermənilərlə üz-üzə qalmamışıq. Çünki Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı və bu marağın altındakı məkirli niyyətləri belə hadisələrə rəvac verib. Bizi yer üzündən silmək istəyiblər.Türksüz bir Qafqaz yaratmaq istəyiblər. Lakin görün bu millətin, bu xalqın gücü, qüdrəti, əyilməzliyi nə qədər böyük olub ki, ağır itkilər versə də yenə ayağa qalxıb, mübarizə aparıb. Mənim bu sözümü təsdiqləyən iki tarixi məqam: 1918-ci ilin mart soyqırımından sona bu xalq göz yaşları qurumamış özünə  cumhuriyyət elan elədi. 1990-cı ildə 20 yanvar faciəsi törədiləndən sonra,  91-ci ildə özünün müstəqilliyini elan etdi. Yəni burda xalqın acizliyi, müthiliyi, geri çəkilməyi yox, bu xalqı məhv edib, dövlətçiliyimizi məhv edib, bizi qula çevirmək istəyən güclərin məkirli niyyətləri “dar ağacına” çəkilməlidir. Biz qurbanlar verib ayaq üstə qala bilmişik. Bu da Azərbaycan xalqının tarixi nailiyyətidir. Xocalı soyqırımı həmin o məkirli siyasətin sonuncu dayanacağı oldu. Ona görə də hər bir Azərbaycan insanı öz düşüncəsində saxlamalıdır: “ey Azərbaycan xalqı bil, anla, başa düş və hərəkət elə!..”

200 ildən artıq xristian ağuşuna sığışan , orda özünə bir qala quran məkirli düşmənlərimiz, o qaladan başımıza güllə və qumbaralar yağdıraraq ən yaxşılarımızı sıradan çıxarmaq istəyinə düşüblər, tariximizə qara ləkələr, zədə vurub faciəli anlar yaşadıblar.  Biz həmin qalanı almalıyıq. O qalanı almaq üçün Azərbaycanda vicdanlı və namuslu kim varsa birləşməlidir. Hamının birləşəcəyi halda biz bu qalanı ala bilərik.

-Bizim səsimizin dünyaya çatdırılması yönündə apardığımız təbliğat, erməninin işğalçı kimi tanıdılması yönündə gördüyümüz işləri necə dəyərləndirmək olar, görülən işlər, aparılan siyasət nə dərəcədə qaneedicidir?
-Mən 10 il Azərbaycan Parlament Nümayəndə heyətinin Avropa Şurasında təmsilçilərindən biri olmuşam. Orada 47 ölkənin nümayəndələri iştirak edirdi. Gəldiyim qənaət ondan ibarətdir ki, dünya hər şeyi bilir. Tutaq ki, 1918-ci il hadisələrini üzə çıxarmaq üçün arxiv materiallarını, fövqaladə  tədqiqat komissiyasının çıxardığı nəticələri, eləcə də Quba məzarlığındakı  sümüklərin üzə çıxması faktları araşdırıla bilər. Amma axı 1992-ci ildə Xocalı soyqırımı törədilən zaman dünyanın bütün dövlətlərinin diplomatik nümayəndələri Bakıda idi. Bu hadisə onların gözünün qarşısında baş vermişdi. Amma görünür ki, dünya erməni lobbiləri, xristian təəssübkeşliyi, türk-müsəlmaçılığımız bizim haqq səsimizin dünyaya çatmasına böyük maniələrdir. O da bəllidir ki, biz bir azərbaycanlı, türk, müsəlman kimi böyük sədləri aşmalıydıq. Hesab edirəm ki, bu gün bu istiqamətdə böyük işlər görülüb. Amma bəzən daha çox demokrat görünmək, yaxud da  populist düşüncə sahibi kimi çıxış edərək, deyirlər ki, biz zəif işlədik, xeyir, belə deyil. Bəyəm dünya bilmir ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib!? Bəyəm ATƏT-in Minsk qrupu bu məsələni qaydasına qoymaq istəyir? Çox qəribədir, Azərbaycanın 20 faiz torpağını Ermənistan işğal edib, amma dünyada bir neçə təşkilat, dövlət olmaqla Ermənistanı işğalçı kimi tanımır. Necə oldu, Səddam Hüseyn Küveyti işğal edən zaman, 1 gündən sonra başına göydən bombalar tökdülər, özünü  də boğazından asdılar. Amma Ermənistan 30 ildir Azərbaycan torpaqlarını işğal edib bir  dənə təşkilatda, hətta ATƏT-in Minsk qrupunda belə işğalçı kimi tanınmır. Ona görə də biz özümüzü çox qınamamalıyıq.

-Necə edək ki, nəhayət tanısınlar?
-Biz onların qabağında izahat verməzdən qabaq, bu materialları gözlərinə soxmalıyıq.  Mikrafonla qulaqlarına qışqırmalıyıq. Bizim başqa çarəmiz yoxdur.

“Özünü doğrultmayan seçki heç bir əhəmiyyətə malik ola bilməz”
-Dünən ermənilər Dağlıq Qarabağda “seçki” keçirdi. Hüquqlarımız yenə pozuldu, amma beynəlxalq hüququn aliliyindən danışan təşkilatlar susdular. Maraq nədir?
-Bu hüququ müstəvisində, yəqin ki, XİN səviyəsində, ayrı-ayqı qurumlar səviyyəsində bu məsələyə münasibət bildiriləcək.  Amma özünü doğrultmayan seçki ilə heç bir əhəmiyyətə malik ola bilməz.

Əgər indi Azərbaycan, “mən torpağımı işğaldan azad edəcəm”- düşüncəsi ilə hərəkət etsə, dünya o dəqiqə başımıza “qonacaq”.  Amma beynəlxalq təşkilatlar susur. Necə ola bilər ki, işğalçı ərazilərimizi işğal edib orda özünə “hökumət” qurur, amma hamı bunun qanunsuz olduğunu bilsə də, göz yumulur.
Xocalı  soyqırımı Azərbaycana qarşı 200 ildən artıq aparılan siyasətin sonuncu dayanacağına çevrilib. İndi hansı erməni, hansı qüvvə, hansı dövlət Azərbaycanda soyqırımı törədə bilər. Güclü hərbimiz, iqtisadiyyatımız var,  bu məsələdə millətin, xalqın birliyi var. Bu gün, Azərbaycan dünya dövlətlərinin sırasında dayana bilir.  Aprel döyüşləri bunu sübut elədi.  Vicdanlı və namuslu adamlar hamısı vətən yolunda vahid bir cəbhədə səfərbər olmalıdr. Bu gəlişi gözəl sözlər deyil. Koronovirus necə tələb edir ki, insanlar ayaq-sayaq olsunlar, güclü olsunlar, deyilənləri yerinə yetirsinlər, bax millət tarixi taleyində də erməniyə koronovirus kimi yanaşmalıdır.
Bütün hallarda düşmənin torpaqlarımızdakı özbaşınalıqları cavabsız qalmamalıdır.

Tahirə

Xəbər xətti