“Azəriqaz” açıqlama yaydı

11:00 - 2 Aprel 2020 - Xəbər

“Azəriqaz” İstehsalat Birliyi qurum haqda yayılan məlumatlara aydınlıq gətirib. 

Bununla bağlı “Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
““Azəriqaz” İstehsalat Birliyi az işçi qüvvəsi ilə çox iş görməyə çalışır ki, qaz təchizatında problemlər yaşanmasın. İnsanlar arasında bu infeksiyanın daha geniş yayılmamasından ötrü əmək haqları saxlanılmaqla ümumi işçilərin 20 %-i növbədənkənar məzuniyyətə göndərilib. Martın 29-dan etibarən isə 60 yaşdan çox yaşı olan abonentlər üçün sosial aksiyaya start verilib və onların qaz təsərrüfatı ilə bağlı problemlərinin həllini səyyar qruplar həyata keçirir.

Lakin belə məqamda da vəziyyətdən istifadə etmək, əsassız sosial məsələləri şişirdərək narazılıqlar yaratmaq istəyən bəzi “media” qurumları və internet resurslarının fəaliyyəti başadüşülən deyil. Səhifələrində əlaqə koordinatları tapılmayan belə mənbələrin bəziləri Gəncə şəhərində çayxana işlədən Tural adlı bir şəxsin qazının kəsilməsi barədə məsələni qabardıb. Onun karantin rejiminin tətbiqinə dair etirazından yazıblar. Lakin həmin şəxsin koordinatlarını qeyd etməyiblər.

Bu barədə Birliyimizdən də mövqe alınmayıb. “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi bütün günü belə bir abonentin axtarışında olub, lakin fakt təsdiqini tapmayıb. Əgər bu barədə yazını hüquq-mühafizə orqanları araşdırarsa, bir olmağımızın vacib sayıldığı zamanda, hökumət əleyhinə çağırışa səsləyir kimi məsələlərə toxunulduğunun şahidi olarlar. Belə mövzulardan yazanların diqqətinə çatdırmaq istərdik ki, “Azəriqaz” İstehsalat Birliyinin sosial şəbəkələrdəki ünvanlarına nəzər yetirsinlər. Sosial aksiyadakı iştirakımızdan yazsınlar demirik, sadəcə baxıb onlar da ən azı bizim etdiyimizin 10 %-i qədər təşəbbüs ilə çıxış etsinlər. İnanırıq ki, indiki ağır vəziyyətdə cəmiyyətimizdə fikir dolaşıqlığı yaradanlar barədə hüquq mühafizə orqanları, eləcə də Mətbuat Şurası araşdırma aparacaq və öz tədbirlərini görəcəklər”.

 

Xəbər xətti