SEPAH-ın Qüds qoşunlarının yeni komandanı İraqa gedib

15:46 - 1 Aprel 2020 - DÜNYA

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds günü” qoşununun yeni komandanı İsmayıl Qaani İraqa gedib.

“Report” xəbər verir ki, məlumatı “Mehr" agentliyi yayıb. Bildirilib ki, yeni komandan İraqın yüksək vəzifəli rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, ABŞ tərəfindən “Qüds günü” qoşunlarının komandanı, general Qasım Süleymani öldürülüb. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei cari il yanvarın 3-də onun yerinə İsmayıl Qaanini təyin edib.
İsmayıl Qaani 1959-cu ildə İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd bölgəsində doğulub. 1980-ci ildə İran İnqilab Keşikçiləri Qvardiyasına qoşulub. İran-İraq müharibəsində iştirak edib.

O, əvvəllər Qasım Süleymaninin müavini olub. İ.Qaani keçmiş komandan barədə 2015-ci ildə verdiyi müsahibədə deyib: “Biz müharibənin övladlarıyıq. Biz müharibə yoldaşlarıyıq. O, bizi dost edib. Mən ondan bir yaş böyük olsam da, bunun əhəmiyyəti yoxdur. O, məndən bir sıra sahələr üzrə üstündür”.

1993-cü ildə Qaani Qüds qoşununun Ənsar korpusunun komandiri təyin edilib. O, qvardiyanın Əfqanıstan, Pakistan və başqa Asiya ölkələri üzrə məsul şəxsi olaraq fəaliyyət göstərib.

Xəbər xətti