“İtaliyanın taleyini yaşamaq istəmiriksə...” - Baş infeksionistdən AÇIQLAMA

13:29 - 31 Mart 2020 - Xəbər

Dünyanın 203 ölkəsində yüz minlərlə insan koronavirus infeksiyasına yoluxub, minlərlə insan ölüb. Azərbaycanda isə faktiki olaraq, 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.
Bəs xəstəliyin ölkə daxilində artımına səbəb nədir? Daha çox adam testdən keçirilir, yoxsa başqa səbəblər var?
Bəzi iddialara görə, xəstəliyin ilk dönəmində xaricdən gələnlərin karantinə alınmasında boşluqlar olub ki, indi daxili yoluxmaların sayının artması onunla əlaqəlidir. Bu gedişlə artım daha çox olsa, nə etməliyik?


Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev Musavat.com-a xəstəliyin Azərbaycanda sürətlə yayılması barədə fikirləri bölüşmədiyini söylədi. O, bir çox ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxanların sayının az olduğunu vurğuladı.

“Deməzdim ki, bizdə sürətlə yayılıb. Bir çox ölkələrin statistikasına baxmaq lazımdır, onlarda virus daha çox adamda aşkarlanıb. Ancaq yenə də bizdə bu hallar təbii ki, var. Əgər qohum-qonşuda varsa, hava-damcı yolu ilə infeksiyanın keçməsi təbiidir. Ona görə də ilk növbədə Operativ Qərargahın tövsiyələrinə, qoyulan qadağalara əməl olunmalıdır. Əgər bu qadağalara riayət etməsək, sosial izolyasiya qaydalarına əməl olunmasa, o halda sabah yoluxanların sayı daha çox artacaq. İndi Azərbaycanda 200-dən çox adamda aşkarlanıbsa, bu rəqəm 500 də ola bilər”, - deyə C.İsayev xəbərdarlıq etdi.

Baş infeksionist yoluxma hallarının artmamasının yeganə və əsas yolunun təması aradan qaldırmaq olduğunu xatırlatdı: “Yoluxma sayı niyə artmalıdır? İnsanlar qoyulan qadağalara əməl eləsinlər ki, artmasın.
Elə olmasın ki, daha ciddi tədbirlər görülsün. Əgər qoyulan qadağalar yerinə yetirilməsə, sabah İtaliya, İspaniya kimi ölkələrin taleyini yaşaya bilərik.
Bilirsiniz ki, indi bu ölkələrdə ağır xəstələrə süni nəfəs aparatları tapılmır. Ona görə qocalardan süni nəfəs aparatını götürüb cavanlara qoşurlar ki, heç olmasa gənclər yaşasınlar.
Odur ki, özümüzü qorumaq üçün maska taxmaq, dezinfeksiya etmək - bütün bunlar yaxşıdır. Lakin yoluxmadan uzaq olmağın əsas yolu təcriddir”.

C.İsayev xaricdən gətirilən azərbaycanlıların karantinə alınmasında boşluqlara yol verilməsi iddiaları ilə razılaşmadı:
“Əvvəla, xaricdən gələnlər özümüzünkülərdir, həmvətənlərimizdir. Onların arasında tələbəsi, iş adamı, turisti var. Amma əsas İrandan başladı. Sual olunur ki, niyə birinci yoluxma halları xaricdən gələnlərdə başlandı.
Çünki inkubasiya dövründə məlumat yox idi. Hətta elələri olub ki, testdə pozitiv çıxmayıb, evə gedib, sonra onda xəstəlik meydana çıxıb. O nöqteyi-nəzərdən kimisə günahlandırmaq, günahkar axtarmaq lazım deyil.
Azərbaycan dövləti bütün qabaqlayıcı tədbirləri həyata keçirməkdədir və öz effektini verməkdədir.
Dövlət tərəfindən virusla mübarizə üçün vəsait ayrılıb, bu məbləğ artırılıb, Koronavirusla Mübarizə Fonduna şirkətlər, qurumlar, insanlar dəstək verirlər.

Yəni, bütün bunlar həmrəyliyimizi göstərir. Eyni zamanda bu xəstəliklə mübarizə aparan fədakar həkimlərimizin maaşı artırılıb və bu, çox gözəl addımdır.

Ona görə də əhalidən tələb olunan yalnız qadağalara əməl etməkdir ki, daha sərt addımlar atılmasın. Vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur”.

Xəbər xətti