Biləsuvar rayonundan millət vəkili seçilən Bəhruz Məhərrəmov rayon sakinlərinin su problemi ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, millət vəkili əhalinin əkin yerlərinin suvarılması üçün su təminatının yaxşılaşdırılması istiqamətində təcili tədbirlər görülməsini diqqətə çatdırıb:
"Əkin mövsümü başlanır. Biləsuvar sakinlərinin də dolanışığı torpaqdan çıxır, əhalinin böyük əksəriyyətini pambıqçılıqla məşğuldur. Amma insanların əkin sahələrini suvarmağa suyu yoxdur. Düzdür, çətin bir dövrdən keçirik, ölkə koronovirusla mübarizəyə səfərbər olunub. Lakin mövsüm də gözləmir, yəni heç bir tədbir əkin sezonunu əngəlləyə bilməz".
Deputatın sözlərinə görə, vaxtında tədbirlər görülməsə rayon iqtisadiyyatı da, əhalinin güzaranı ciddi zərbə altında qalacaq.
“Onsuz da koronovirusla mübarizə tədbirləri Biləsuvarda əhalinin dolanışığına təsir edib.Təbii ki, biz bu tədbirləri alqışlayırıq, həyati əhəmiyyətli hesab edirik. Lakin bütün bunların fonunda ikinci bir zərbənin də susuz qalmış əkin sahələrindən gəlməsi əhalini çıxılmaz vəziyyətə salar. Ona görə də aidiyyatı qurumlardan – Azərbaycan Hökumətindən, xüsusən Meliorasiya və Su Təsərrüfatı ASC-dən bu məsələyə xüsusi diqqət ayırmalarını xahiş edirəm və bununla bağlı müraciətimi onlara da ünvanlayıram”- deyə, Bəhruz Məhərrəmov bildirib.