Azərbaycanda keçirilən bütün seçkilər demokratik standartlara cavab verir

19:06 - 16 Mart 2020 - KİVDF

Bu, Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir

Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir. VI çağırış Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması, həm parlament rəhbərliyinin, həm də komitə rəhbərliyinin də bu əsasda formalaşması bir daha Azərbaycanın demokratik prinsiplərə sadiqliyini ifadə edir. Xüsusilə, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə qadının sədr seçilməsi mühüm hadisədir. Bunu Azərbaycan Respublikasının Prezident İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir.

Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki,  Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün tam münbit bir şərait yaradılmışdı. “Şəffaf, ədalətli, demokratik seçki keçirildi. Həm ictimai-siyasi vəziyyət, həm də ictimai-siyasi sabitlik mövcud idi. Hər bir namizəd üçün bərabər şərait yaradılmışdı. Bunun nəticəsi olaraq, Azərbaycanda 20-dən artıq qeydiyyatdan keçmiş siyasi partiya və xeyli sayda ölkə vətəndaşı öz hüquqlarından istifadə edərək, seçki prosesinə qoşuldu. Təbii ki, seçkidə müəyyən olunmuş 125 yer var. Bu sayda şəxs seçilməli idi. Bütün dünyada belədir ki, seçilməyənlərdən narazı olanlar da olur, razı qalanlar da. Bu, aydın məsələdir. Kimin şikayəti var idisə, bunu etmək üçün hər cür şərait namizədlərə yaradılmışdı”.

Qeyd edək ki, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi Seçki Məcəlləsinin 112 maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Şikayətlər isə hərtərəfli araşdırıldı. Bu 112-1-ci maddə ilə tənzimləndi. Bunun üçün Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradıldı.

Siyavuş Novruzovun sözlərinə görə, bunun nəticəsində 300-dən artıq məntəqə ləğv olundu, 4 dairənin nəticələri ləğv edildi. “Tam şəkildə araşdırmalar aparıldı. Şikayət edən tərəfin iştirakı ilə bu araşdırma getdi. MSK 4 dairəni ləğv etdi, digərlərini təsdiq etmək üçün Konstitusiya Məhkəməsinə göndərdi. Bu məhkəmə də öz qərarı ilə nəticələri təsdiqlədi. Yenə də kiminsə şikayəti qalıbsa, hüquqi müstəvidə bunu davam etdirə bilər. Azərbaycan hüquqi bir dövlətdir. Burada qanunun aliliyi hamı üçün bərabərdir. Hər şey faktlar, qanun çərçivəsində olmalıdır. Söz söhbətlərə ehtiyac yoxdur. Kiminsə səsini telefona yazdırdılar, buna da hüquqi qiymət verildi”.

Onun sözlərinə görə, adətən təkrar seçkilər iki aydan sonra baş tutur. İndi prezident nə zaman münasib biləcəksə, seçki gününü təyin edəcək. Vətəndaşlar da yenə azad şəkildə iştirak edəcəklər.

Yuxarıda qeyd edildiyi kimi MSK 4 dairəni ləğv edib. MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb. Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.

 Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması isə Seçki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə görə  dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;  məhkəmənin qərarı əsasında.

Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.

Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər Seçki Məcəlləsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Altıncı çağırış Milli Məclisin (MM) fəaliyyətə başlaması barədə keçmiş vitse-spiker Bahar Muradova da öz fikirlərini bildirib. “Azərbaycanın müstəqilliyinin bərpası illərində həm ölkəmizi inkişaf etdirmişik, həm də dəyişikliklər, islahatlar siyasəti həyata keçirmişik. Ayrı-ayrı vaxtlarda isə islahatların sürəti gözlədiyimizdən yüksək, nəticələri daha effektiv olub”. O qeyd edib ki, bu gün islahatların ən yüksək mərhələlərinin birini yaşamaqdayıq: “Düşünürəm ki, islahatlar prosesinə töhfə verəcək parlament formalaşıb və bütün prosedurlardan sonra hərtərəfli funksiyalarını həyata keçirməyə tam hazırdır.  

Diqqət çəkən məqamlar çoxdur. Həm parlament seçkilərinə hazırlıq, seçkilərin keçirilmə prosesi, həm də nəticələrinin dəyərləndirilməsi və Milli Məclisin bundan sonrakı fəaliyyəti üçün ilk iclasında həyata keçirilən dəyişikliklər müsbət məqamlardır.

Həmin məqamlar bundan əvvəlki siyasətin davamıdır və bundan sonrakı mərhələdə daha gözəl nəticələrə, məqsədəuyğun fəaliyyətin qurulmasına istiqamətlənəcək. Ona görə, inanıram ki, gələcəkdə də bu mənada islahatçı addımlar davam edəcək, müsbət nəticələr gətirəcək”.

Bahar Muradova müxalifət nümayəndəsi olan deputat Fəzail İbrahimlinin parlament idarəçiliyində iştirakına da münasibət bildirib. O xatırladıb ki, Azərbaycan parlamenti həmişə çoxpartiyalılıq prinsipi ilə formalaşıb: “İndiyə qədər müxtəlif siyasi partiyaların nümayəndələri parlamentin işində iştirak ediblər, töhfə veriblər, öz mövqelərini ifadə ediblər. Parlament rəhbərliyində, xüsusilə komitələrin idarəçiliyində də parlament partiyalarının nümayəndələrinin iştirakı arzu olunan idi.

Bu gün həmin hədəf reallaşıb. VI çağırış parlamentin rəhbərliyində tək Yeni Azərbaycan Partiyası, bitərəf deputatlar deyil, müxalifət partiyasının nümayəndəsi də  təmsil olunur. Onlar yalnız hansısa qanuna münasibətlərin ifadəsində deyil, həm də qanunların hazırlanmasında iştirak edə biləcəklər. Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən parlament fəaliyyətində siyasi partiyaların da iştirakının təmin edilməsi öz töhfəsini verəcək.

Bu, artıq Azərbaycan seçicilərinin mövqeyi ilə müəyyən olunmuş siyasi konfiqurasiyadır. Parlamentdə yaranan yeni müstəvidə əməkdaşlığa, dialoqa böyük ehtiyac var. Düşünürəm ki, həm parlament çoxluğu, həm müstəqil parlament üzvləri, həm də müxtəlif partiyaların təmsilçiləri bu müstəvidən, onun yaratdığı imkanlardan istifadə edəcəklər”.

Parlamentin fəaliyyətinin günün tələbləri səviyyəsinə qaldırılmasına gəlincə, sabiq vitse-spiker bildirib ki, Milli Məclisin funksiyalarının sonadək ardıcıl yerinə yetirilməsinə, ölkədaxili və xarici proseslərdə parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin bərabərhüquqlu iştirakının təmin edilməsinə töhfə verəcək fəaliyyəti hələ qabaqdadır:“Mən inanıram ki, ölkə başçısının tövsiyələrini də nəzərə alaraq, yeni seçilmiş parlament rəhbərliyi fəaliyyətin səmərəli və faydalı olması üçün səmimi şəkildə bu işə qoşulacaq.

Nöqsan axtarmağa çalışmaq, “daha çox nəyi tənqid etmək olar” deyə düşünmək yox, mövqeləri uzlaşdırmaq, məsələlər ətrafında razılaşmanı necə əldə etmək, Azərbaycanın daxili sabitliyini və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə yaxşı xidmət istiqamətində müzakirələr aparacaqlar”.

Xəbər xətti