“Uşaqlıq illərimi unutmaq istəyərdim”

11:15 - 9 Mart 2020 - Müsahibə

Orxan Babazadə: “Pisləri bağışlamaq lazımdır”

“O hadisədən sonra başa düşdüm ki, pul insan üçün çox vacibdir. Həmin məktəbdən uzaqlaşıb işlə məşğul oldum. Zamanla uğurlar əldə etdim, Orxan bəy oldu, daha sonra isə müəllim. Düz deyirlər, həyat bumeranqdır. İllər keçdi, həmin xanım qarşıma çıxdı və mən içimdən keçənləri ona dedim. Bu gün o xanıma təşəkkür edirəm ki, mənə zamanında elə sözlər dedi, həmin sözlər isə mənim irəli addımlamağıma təkan oldu”. “Üç nöqtə” qəzetinin qonağı müğənni Orxan Babazadədir.

-Həyatınızı kimsiz və nəsiz təsəvvür edə bilmirsiniz?
-Ailəmsiz mümkün deyil, ailə mənim üçün ən önəmlidir. Nə dostumu, nə tanışımı, nə də həyatımda olan xanımı ailəmlə müqayisə etmərəm. Ailəm mənim hər şeyimdir.

-Bir neçə cümlə ilə özünüzü xarakterizə edə bilərsiniz?
-Kənardan özündən razı kimi görünüb, amma əsla elə olmayan bir insanam. Bəzi insanlar məni əsəbi biri kimi də qəbul edir, lakin əsəbi də deyiləm, çox sakit bir insanam. Hamı kimi mənim də özəlliklərim var, bunu kənardan daha yaxşı sezərlər. Bir şeyi bilirəm, Orxan Babazadə mehriban, insanlarla səmimi olan bir kəsdir. Kinli insan deyiləm, qətiyyən deyiləm. Arxamca çoxlu pisliklər edən insanı belə bağışlaya bilirəm. Həm də rahatlıqla. İnsanlara ona görə kin saxlamıram ki, bilirəm, bu həyat fanidir, həyatı tutub qalmayacam, bir gün o biri dünyaya köçəcəm.

-Düşünmürsünüz ki, pisləri bağışladıqca biz yaxşılara zərbə vururuq?
-Mənə görə, pisləri bağışlamaq lazımdır ki, onlar yaxşılıq nədir, onu bilsinlər. Pisdən pisə də fərq var. Biz insanıq, pis də bizimdir, yaxşı da bizimdir. Kimisi yaxşı tərəflərini üzə çıxarır, kimisi isə pis. Çalışmalıyıq ki, hər kəsə yaxşılıq edək.

-Yıxıldıqdan sonra tez ayağa qalxmağı bacarırsınız?
-Açığı etiraf edim ki, mən depressiya, stressin nə demək olduğunu heç vaxt bilməmişəm. O mənada ki, onları yaşamamışam. Hər zaman demişəm, gülmüşəm. Pozitiv olmağımın səbəbi həyatı daha çox sevməyimdir. Həyatı hədsiz çox sevirəm. Həyatda yaşamağım üçün səbəblər var, bax onlar məni xoşbəxt edir.

-Dünyada ən güclü hiss nədir?
-Sevgi hissi. Sevgi elə bir şeydir ki, onu yaşayanda xoşbəxt olursan. Düzdür, sevən zaman müəyyən incəliklər insanı incidir, amma ayrılıq zamanı insanın canı daha çox ağrıyır. Həyatımda çox xanımlar olub, onlardan ayrılanda o qədər də pis olmamışam. Başa düşmüşəm ki, hər bir şeyin sonu olduğu kimi bunun da sonu imiş.

-Sevilən müğənni olmağın çətinlikləri?
-Düzdür, çox insan deyir, sevilirsən, amma mən heç bir zaman özümü “sevilən müğənniyəm” deyib kənara çəkməmişəm. Elə bir çətinlik yoxdur, əksinə rahatlıq var. İnsanlar mənə qarşı səmimidir, mehribandırlar. Populyarlıq çətinlik yaratmır mənə, həyatımı sadə bir tərzdə davam etdirirəm. Lakin bunu da deyim, bəzi anlarda populyarlığın çətin tərəfləri də olur, onlar da hər kəsə bəllidir.

-Orxanın qəlbinin qapısını nə ilə döymək lazımdır?
-Xanımlara qarşı bir az zəifliyim var. Hansısa bir xanım gəlib, məndən istədiyi kimi istifadə edə bilər. Ətrafımda olan dostlarım dəfələrlə deyir ki, çox safsan. Qəlbimin qapısını açmaq çox asandır, çətin bir şey deyil.

-Nəyi unutmaq istəyirsiniz?
-Uşaqlıq illərimi unutmaq istəyərdim. Çətin və əziyyətli olub. Bir tək uşaqlıq illərimdən başqa yaşadığım hər bir şey ürəyimcə olub. Orta məktəbdən 3-4 km uzaqda qalırdıq, qış vaxtdı palçığa bata-bata məktəbə gedirdim. Orta məktəbdə oxuyanda bir qız sevirdim. Günlərin bir günü məktəbdə həmin qız gördü ki, ayağımda palçıq, üstü-başım pis gündədir. Mənə sual verdi ki, niyə maşınla gəlmirsən? Dedim, maşınım yoxdur. Qız cavabında dedi ki, biz münasibəti bitirməliyik. Məhz o hadisədən sonra başa düşdüm ki, pul insan üçün çox vacibdir. Həmin məktəbdən uzaqlaşıb işlə məşğul oldum. Zamanla uğurlar əldə etdim, Orxan bəy oldu, daha sonra isə müəllim. Düz deyirlər, həyat bumeranqdır. İllər keçdi, həmin xanım qarşıma çıxdı və mən içimdən keçənləri ona dedim. Bugün o xanıma təşəkkür edirəm ki, mənə zamanında elə sözlər dedi, həmin sözlər isə mənim irəli addımlamağıma təkan oldu.

-Allahla tez-tez danışırsınız?
-Hər axşam Allaha şükür edirəm. Allaha deyirəm ki, bizi pis gözdən qoru. Allah bizə, nəyə layiqiksə, onu da verir.

-Varmı, elə bir insan ki, qarşısına keçib “niyə?” sualını vermək istəyəsiniz?
-Düzünü deyim ki, bu sualı vermək maraqlı deyil. Çünki hər şeyə fikir verən adam deyiləm. Sadəcə öz həyatımı yaşayıram. Bu yaxınlarda bir insana yaxşılıq etdim, ətrafımda olan insanlar deyirdi ki, etmə. Sən ona edəcəksən, amma görəsən ki, o, sənə dəyər verməyəcək. Deyirdim, ola bilməz, amma sonra gördüm ki, yox, düz deyirmişlər. Amma özlüyümdə “niyə?” sualı ilə baş-başa qalmadım.

-Sizcə, Allahın sevilən bəndəsisiniz?
-Məncə, bəli, sevilən bəndələrindən biriyəm. Hər bir insan Allahın sevilən bəndəsidir. Əgər Allah insana həyat veribsə, deməli, onu sevib verib. Bu baxımdan özümü Allahın sevilən bəndəsi hesab edirəm. Digər tərəfdən isə Allah mənə gözəl ailə verib. Buna görə Allahıma sonsuz təşəkkür edirəm.

-Ağ, qara, yoxsa ağ-qara?
-Ağ-qara olsun. Fikrimcə, hər bir insanın həyatında ağ və qara zolaqlar olur. İnsanın çətin günləri olmalıdır ki, yaxşı günlərin qədrini bilsin. Həyatımızı pianonun ağ-qara dillərinə bənzədirəm. Zamanla o ağ dillərə də toxunulur, qara dillərə də.

-İnsanlar niyə qaranı pis, neqativ kimi qəbul edirlər?
-Bir az öncə dedim, insanın həyatında qara günlər də olur. Yəqin ondan irəli gəlir, bu rəng haqqında insanlar pis düşünürlər. Sual mənalıdır, dərinliyinə gedib cavab tapa bilmərəm, amma mənə elə gəlir, dediyimə görədir.

-Nəyi gizlətməyə çalışırsınız. Belə bir şey varmı?
-İnanırsınız, heç nəyi. Nəyim varsa, hər bir şeyim ortadadır. Heç nəyi heç kimdən gizlətmirəm. Heç elə bir xarakterə də sahib deyiləm. Hər zaman hər bir şeyi göstərirəm. Niyə axı gizlədim?

-Təzadlı fikirlərlə tez-tez baş-başa qalırsınız?
-Bəzən olur, təzadlı fikirlərlə baş-başa qalıram. Mənə elə gəlir, hər bir insanın həyatında bu baş verir. Mən də insan olduğum üçün bu fikirlərlə qarşı-qarşıya qalmağım normaldır.

-Həqiqəti nəyə qurban verərsiniz və hansı halda?
-Həqiqət insanlara etibar deməkdir. Etibar etməlisən ki, ona yalan da danışmayasan. Həqiqətdən çox danışmaq olar. Həqiqəti yalnız ailəmə qurban verərəm. Qalan hallarda heç bir zaman həqiqətdən imtina etmərəm. Mən ümumən düzgün insanam. Deyim ki, yalan danışmıram bu doğru olmaz. Arada kiçik, eyni zamanda xoş yalanlar danışıram. Əslində, mən onları heç yalanlar da hesab etmirəm.

-Üç mənfi cəhətinizi etiraf edə bilərsiniz?
-Üç deyil, çoxdur. Ən mənfi cəhətim insanlara tez inanmağımdır. Bu mənim zəifliyimdir. İnsanlara tez inanıb, tez sevirəm. Mənfi cəhətlərimdən biri də gec yuxudan durmağımdır. Ən böyük arzum dövlət işində çalışmaqdır ki, 7 tamamda yuxudan durum. Həqiqətən, bunu istəyirəm.

-Yaşadığınız illər sizə nəyi öyrətdi?
-Çox şeylər. Mən Bakıya köçəndə hər şeydən uzaq idim. Uşaqlığım Qobustan qəsəbəsində keçib. Bakıya gəldikdən sonra tamamilə yad bir mühitlə qarşılaşdım. Ətrafım dəyişdi və həyat mənə çox şey öyrətdi.

-Musiqi sizin üçün nə deməkdir?
-Tam səmimi etiraf edəcəm, əvvəllər musiqi mənim üçün hər şey idi. İndi efirlərdə o qədər bayağı mahnılar eşidirəm, artıq deyirəm, musiqi hər şey deyil.

-Hansı mahnılar ruhunuzu oxşayır?
-Ən çox lirik mahnılar ruhumu oxşayır. İtalyan müğənnisi Andrea Boçellinin mahnılarını çox sevirəm. Öz ifaçılarımızdan isə Zamiq, Röya, Zülfiyyə xanımı daha çox dinləyirəm.

Rövşən Tahir

Xəbər xətti