Ərdoğan və Putindən AÇIQLAMALAR: "Türk əsgərlərinin orada olduğunu suriyalı hərbçilər də bilmirdi"

16:28 - 5 Mart 2020 - DÜNYA

Kremldə Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin arasında Moskvada keçirilən kritik İdlib görüşü başlayıb.

Təkbətək görüşdən öncə prezidentlər mətbuat üçün açıqlama veriblər.  İlk olaraq açıqlama verən Putin İdlibdə şəhid olan Türkiyə ordusunun əsgərləri üçün prezident Ərdoğana baş sağlığı verib. Putin deyib ki,  hər bir insanın ölümü faciədir: “Çox təəssüf edirəm ki, son günlər İdlibdə hadisələr yaşandı. Suriyada həyatını itirən əsgərlərinizə başsağlığı vermək istərdim. Telefon danışığımızda qeyd etdiyim kimi, türk əsgərlərinin orada olduğunu heç kim, o cümlədən  suriyalı hərbçilər də bilmirdi.

Suriya ordusu da  (Əsəd rejimini nəzərdə tutur) böyük itkilər verdi. Ona görə də Suriyada yaranmış durumun bütün aspektlərini müzakirə etməyə  ciddi zərurət var və elə etməliyik ki, hadisələrin inkişafı  Rusiya Türkiyə münasibətlərinə zərər verməsin”.   

Ərdoğan isə öz növbəsində Putinlə danışıqların yekununu  bölgədə  hadisələrə,  həmçinin Ankara ilə münasibətlərə  müsbət təsir edəcəyinə  ümid etdiyini bildirib. 
 “Əvvəla görüşümüz üçün təşəkkür edirəm. Məlum görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiyanızla bağlı gedən proseslərə görə, görüşü burada keçiririk. Təbii ki, İdlib danışıqları ilə bağlı bir araya gəlməyimiz böyük əhəmiyyət daşıyır. Regionda böyük problem var. Bu gün burada atdığımız addım regionu da, ölkəmizi də rahatladacaq. Türkiyə-Rusiya münasibətlərinin yüksəldiyi dövrdə yaşayırıq. İstər müdafiə sənayesində, istər ticarət münasibətlərimizdə çox fərqli dövrdəyik. Münasibətləri inkişaf etdirmək ən böyük məqsədimizdir. Bunu bacaracağımıza inanıram." /olke.az

Xəbər xətti