“Bütün qərarlar ədalətli olmalıdır”

18:58 - 4 Mart 2020 - KİVDF

Məhkəmə baxışının aşkarlığı isə demokratik ədalət mühakiməsinin əsas prinsiplərindən biridir.

Dövlət müdafiəsi mexanizmi kimi məhkəmə sistemi hər bir hüquqi dövlətdə mühüm əhəmiyyət kəsb edir. Arbitr rolunda çıxış etməklə məhkəmə sistemi hüquqla tənzimlənən bütün fəaliyyət sahələrini eyni vaxtda müdafiə edir. Məhkəmə orqanları sistemi konstitusiya quruluşunun əsaslarının sarsılmazlığını, hüquq qaydasını, iqtisadi məkanın vahidliyini, fiziki və hüquqi şəxslərin əmlak və qeyri-əmlak hüquqlarını, həmçinin iqtisadi fəaliyyət azadlığını təmin edir. Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev yazıb. Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsinə görə hakim işə qərəzsiz baxmalı, cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə etməməlidir. Hakim cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz. Bu maddəyə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər.  Hakim  şəxsən cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz.

Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq; cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq; cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək.

Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir.

Məhkəmələrin qərəzsizlik prinsipi isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışı hüququnun tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev yazır: “ Bir sıra qərarlarında Konvensiyanın 6-cı maddəsinə şərh verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, “iştirakçı dövlətin üzərinə öz məhkəmə sistemini elə qurmaq öhdəliyi düşür ki, bu sistem 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab versin. Bu tələblərin arasında birinci sırada qərəzsizlik durur”.

Bu bənddə deyilir: “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər”.

Qeyd edək ki, qanun hakimlərin toxunulmazlığını təmin edir. 129-cu maddəyə görə, hakimlər toxunulmazdırlar. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər. Onların səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.

Cinayət Prosessual Məcəlləsinin 29-cu maddəsi isə məhkəmə aidiyyətinə əməl olunmasını tənzimləyir. Bu maddəyə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.

Məhkəmə baxışının aşkarlığı isə demokratik ədalət mühakiməsinin əsas prinsiplərindən biridir. Bir tərəfdən, onun həyata keçirilməsi zamanı məhkəmənin fəaliyyətinə cəmiyyət tərəfindən nəzarət edilir ki, bu da hakimlərin intizamını, işlərin həlli zamanı onların məsuliyyətini artırır. Digər tərəfdən isə əks əlaqə təmin olunur: məhkəmə iclasında iştirak edən şəxslər məhkəmənin fəaliyyəti ilə tanış olurlar. Məhkəmə iclasının açıqlığı məhkəmə və cəmiyyət arasında əlaqəni təmin edir. Bu məhkəmənin tərbiyələndirici funksiyasının həyata keçirilməsinə şərait yaradır. 

Hüquq münasibətlərinin subyektləri arasında hüquq və vəzifələrin həyata keçirilməsi prosesində meydana çıxan mübahisələrin qanun əsasında, ədalətli və tez həll edilməsinə olan tələbatı qarşılamalı olan məhkəmə sisteminin fəaliyyəti daimi təkmilləşməni tələb edir. Bu tələbat qloballaşan dünyanın sürətli inkişafı, insanlar arasındakı iqtisadi, mülki, ailə və digər münasibətlərin ölkə çərçivəsindən kənara çıxaraq beynəlmiləlləşməsi, informasiya-kommunikasiya texnologiyalarının durmadan yeniləşməsi, müvafiq olaraq yeni hüquq münasibətlərinin yaranması və tənzimlənməsi ilə bağlı ayrı-ayrı ölkələrin, beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsini şərtləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki məhkəmə kompleksinin açılışı zamanı söylədiyi nitqində də ədalət mühakiməsinin ədalətliliyinə xüsusi diqqət ayırmışdır: “...Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.”

Xəbər xətti